“Azərbaycan prezidentinin Qərbdəki nüfuzunu həzm edə bilmirlər”

Ramin Hacılı: “Həmin qüvvələr tapşırıqlarını Rusiyadan alır”



Təhsil naziri Mikayıl Cabbarovun mövqeyi ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstarda məyusluq doğurub. Nazir Amerikadan ölkəmizə könüllülərin yeni qrupunun gətirilməsi təklifini dəstəkləməyib. Amerikalı diplomatın bildirdiyinə görə, M.Cabbarov bu addımla ABŞ Sülh Korpusunun fəaliyyətini məhdudlaşdırmaq istəmir.

Sadəcə nazir ölkəyə gələn könüllülərin doğru ünvanlara yönəldiləcəyini müəyyənləşdirir. Səfir onu da qeyd edib ki, TN öz qaydalarını nəzərdən keçirdikdən sonra yeni razılaşma əldə olunacaq: "Bu da yeni könüllülər qrupunun Azərbaycana gəlməsinə imkan verəcək. Hər şeyi zaman göstərəcək”.

Azərbaycan Avropa Hərəkatı prezidenti Ramin Hacılı "Şərq”ə açıqlamasında sözügedən qrupun Amerika layihəsi olduğunu söyləyib. Onun sözlərinə görə, ABŞ dünyanın hər bir yerinə könüllülər göndərir: "Bu addımlar onların daha peşəkar işçi olması, dünyanı tanıması və dünya görüşlərinin zənginləşməsi baxımından atılır. Amerika süpergücdür. İstəyir ki, dünyada gedən proseslərə bələd olsun. Dünyanın idarəçiliyində birbaşa iştirak edə bilsin. Rəsmi Vaşinqtonun niyyəti aydındır”.

Könüllülərin Azərbaycana hansı təhlükəni vəd etməsinə gəlincə isə, qurum prezidenti vurğulayıb ki, onlar hər hansı istiqamətdə Azərbaycan dövlətçiliyi üçün problem yarada bilməzlər: "Ölkəmizdə son zamanlar, məxsusi olaraq Ukrayna hadisələri və Ərəb baharından sonra hakimiyyətdaxili dairələrdə narahatlıq var. Düşünürlər ki, Azərbaycanda da buna bənzər ssenarilər gerçəkləşdirilə bilər. Lakin yanılırlar. Ukrayna və Ərəb ölkələrində inqilabı Amerika həyata keçirməyib. Sözügedən ölkələrdə vətəndaşların etirazları müəyyən siyasi böhrana gətirib çıxarıb. Narazılıqlarını küçələrə çıxaraq nümayiş etdiriblər. Bu da inqilabla nəticələnib. Baxın, Amerikanın Ukraynadakı səfiri Yanukoviçin istefaya getməsinin tərəfdarı olmadıqlarını bəyan etmişdi. Yanukoviçin hakimiyyətdə qalaraq Avropaya inteqrasiyanı dəstəkləməsində maraqlı idilər. ABŞ-Azərbaycan hakimiyyətinə qarşı da mövqeyi bundan ibarətdir. Vaşinqton hansısa dövlətdə dəyişikliyin olmasında maraqlı deyil. Dəyişiklik həmin ölkədə düzəni pozur ki, bu da ABŞ-a sərf etmir”.

R.Hacılı onu da diqqətə çatdırıb ki, Azərbaycan prezidenti ilə Qərb ölkə rəhbərləri arasında qarşıdurmaya yol açmaq istəyən qüvvələr mövcuddur: "Onlar Azərbaycan prezidentinin Qərbdəki nüfuzunu zədələmək üçün belə addımlar atırlar. Həmin qüvvələr tapşırıqlarını Rusiyadan alır. Rusiyanın himayəsindədirlər. Azərbaycan dövləti son dərəcədə diqqətli olmalıdır. Qərbin ölkəmizdə hansısa inqilab planı olmaması aydındır. Azərbaycan sabitliyin mövcud olduğu, enerji nəql edən və dünya təhlükəsizliyinə xidmət edən ölkədir. Ölkəmiz dünyada aparılan anti-terror əməliyyatları baxımından stabilliyi ilə seçilən və bu istiqamətdə örnək ola bilən islam ölkəsidir. Bu ölkədə düzəni pozmağa can atırlar. Ona görə belə məkrli addımlar atırlar”.

Ayyət Əhməd