Sabirabadda dəhşət...

Ata oğlunu icra hakimiyyətinin binasında atıb gedib


Uşağının müalicəsi üçün Sabirabad Rayon İcra Hakimiyyətindən istədiyi yardımı ala bilməyən Zəngənə kənd sakini Məlik Babayev övladını birinci müavinin otağında qoyaraq çıxıb gedib. Sabirabad Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Həsən Həsənovun dediyinə görə, Zəngənə kənd sakini, kəndin mollası Məlik Babayev yanında 10-11 yaşlı ruhi xəstə uşağı ilə onun qəbulunda olub və uşağının müalicəsi üçün pul istəyib.

Lakin başçının müavini sözügedən şəxsə bir müddət əvvəl "Kapitalbank” vasitəsilə 200 manat yardım olunduğunu xatırladıb və icra hakimiyyətində adamlara paylanılacaq əlavə vəsait bir dəfə olub, həmin vəsait də paylanıb, deyərək, vəsaitlərinin olmadığını deməklə yardım etməkdən imtina edib. Həsən Həsənovun dediyinə görə, atanın uşağı icra binasının qapısında qoyması barədə icra hakimiyyətinin aidiyyəti şöbələrinə və polisə məlumat verilib: "İcra başçısının humanitar məsələlər üzrə müavini, rayonun baş həkimi və yetkinlik yaşına çatmayanlarla iş üzrə şöbənin müdirinə göstəriş verdik ki, uşağı xəstəxanaya yerləşdirsinlər. Polisə müraciət olundu ki, ata övladından imtina edir. Aydın oldu ki, onun xüsusi müəssisəyə yerləşdirilməsi üçün hər iki valideynin razılığı olmalıdır. Bu məsələdən sonra polis uşağı evlərinə aparıb”.

İstənilən halda, bu hadisədə məsuliyyətin icra hakimiyyətinin üzərinə düşdüyünü deyən Qadın Krizis Mərkəzinin rəhbəri Mətanət Əzizovanın sözlərinə görə, bu addım atanın hökumətə mesajı kimi dəyərləndirilməlidir: "Burada atanı günahlandırmaq olmaz. Çox güman ki, onun bu addımı atmasında məqsədi probleminə diqqət cəlb etmək olub. Bu hadisəni heç də atanın övladından imtina etməsi kimi başa düşməməliyik. Bu məsələ sırf uşaqla əlaqəlidir. Adətən ailələrdə sosial-iqtisadi problemlər olanda onlar son çarə kimi dövlətə üz tutur. Məhz bu addımda da məqsəd aidiyyəti strukturlara lazımi mesajın göndərilməsidir. Bu artıq övladını saxlaya bilməyən atanın son variantıdır. Odur ki, onu qınamaq problemə doğru yanaşma olmazdı. Əgər onun niyyəti uşaqdan imtina olsa idi, bunun üçün müxtəlif yollar və yerlər var. Uşaqdan bezən ailə övladını ya internatlara, ya da uşaq evlərinə verir. Burada isə günah icra məmurlarının üzərinə düşür. Bu cür məsələlərlə bağlı tez-tez bizim Mərkəzə də müraciətlər olur ki, yardım bir yana qalsın, bəzən məmurlar sakinlərə qarşı etikadan kənar hərəkətlərə yol verir. Bu da nəticə etibarı ilə onsuz da problemi başından aşan vətəndaşlara psixoloji baxımdan təsir edir. Bəzən məmur özbaşınalığına etiraz mesajı kimi insanlar intihar edir. Görünür, bu adam da öz övladını icra hakimiyyətinin qapısına qoymaqla öz səsini duyurmaq istəyib ki, ay hökumət, mən övladıma baxa bilmirəm, sən bax”.

Şəymən