Gəlin-qayınana dueli və ya...

...Qalibi və sonu olmayan “döyüş”



Tarix boyu gəlin-qayınana münaqişəsi ailələrin ən ciddi problemlərinə çevrilib. Müasir dövrümüzdə bu problemin həlli hələ də sağalmaz xəstəlik kimi ailələri öz ağuşuna alıb. Qədimdən indiyə kimi mövcud olan bu suala hələ də cavab tapılmayıb. Qayınana deyir ki, mən haqlıyam, gəlin isə əksinə. Tərəflər arasında ortaq razılıq nadir hallarda olur.

Daim gündəmdə olan bu məsələ bəzi vaxtlarda çox acınacaqlı bir nəticə verir. Bir çox hallarda qayınanaların "Gəlin mənim süpürgəmdir, harda qoydum, orda da durmalıdır!” prinsipi ilə getməsi gənc ailələrin dağılması ilə nəticələnir. Az hallarda isə tərəflərin birinin ölümünə səbəb olur ki, əzəli qayınana - gəlin davası bu dəfə də qanla sonlanıb. Belə ki, Ağcabədidə qayınana gəlinini bıçaqlayıb. Ağcabədi şəhər sakini, 1954-cü il təvəllüdlü Tutu Musayeva gəlini 24 yaşlı Aysel Musayevaya bazarda xəsarət yetirib. Qadın özünə paltar alan gəlinini yaralayıb.

Qalibi olmayan "döyüş”

Gəlin-qayınana münasibətlərinin gərginləşməsi nəticəsində yaranan problemlərdən danışan Regional Psixologiya Mərkəzinin psixoloqu Xatirə Səfərova deyib ki, çox zaman münasibətlərin pozulması qayınananın ərinin olmaması, öz oğluna uşaqlıqdan hiper apekadan yanaşması, oğlu ilə arasındakı münasibətlərin simbiatik formada olmasından qaynaqlanır: "Belə uşaqlar valideynlərdən çox asılı vəziyyətdə olurlar. Bəzən övlad özü bu asılılıqdan azad olmaq istəsə belə, şüuraltı bundan xilas ola bilmir”. Gəlin-qayınana münasibətlərində münaqişəyə digər şüuraltı fikirlər də yol açır: "Psixologiyada belə bir tendensiya var. Öz oğlunu evləndirərkən təhtəl şüuraltı formasında qadının düşüncələrində "Sənin arvadın sənə mənim kimi arvadlıq edə bilməz”, qızını evləndirərkən isə "Ümid edirəm ki, mənim yoldaşımdan daha yaxşı olar” deyə fikir formalaşır”.

Psixoloq bildirib ki, bəzən münaqişənin səbəbi kənardan çox gülməli görünsə də, əslində ən xırda söhbətdən doğan problemin təsiri tam başqa olur. Burada iki tərəfdən birinin nə zamansa yaşadığı problemli həyat tərzi özünü büruzə verir: "Bu situasiya məqamında tamamlanmadığı üçün insanda xroniki pis bir davranışa çevrilir və onu kiminsə üzərində tamamlamaq istəyi baş qaldırır. Bu baxımdan da, çox hallarda öz həyat problemlərinin həllində gəlin qayınananı, qayınana isə gəlini obyekt seçərək həmin "uğursuzluqları” tamamlamağa çalışır. Ailədə bu cür problemlər sanki bir kişi uğrunda duelə çıxan iki qadının döyüşünə bənzəyir. "Kim udsa, o da qalibdir” prinsipindən yanaşaraq ailəni darmadağın edirlər”. Heç bir kəsin qalib çıxmadığı bu vəziyyətdə isə daha çox əzab çəkən hər iki tərəfə mənsub uşaqlar olur: "Konfliktlərin nəticəsi ailəyə çoxşaxəli mənfi təsir göstərir. Zərbə hər iki tərəfə dəyir. Bu "döyüş”ün qalibi olmur”.

Sosioloq Əhməd Qəşəmoğlu də hesab edir ki, qayınana öz oğlunu - gəlinin ərini çox sevdiyi üçün onlar yola getmir: "Gəlindən öncə onun öz oğlu ilə öz dünyası, öz prinsipləri, öz qayğıları olur. Gəlin bu sevginin çoxşaxəliliyini, dərinliyini duya bilmir. Gəlin özünü ərinə daha yaxın hesab edir. Gəlinin də ərinə qarşı öz dünyası, öz prinsipləri, öz qayğısı var. İntellekt və mənəvi səviyyə yüksək olanda gəlinlə qayınana öz maraqlarını bölüşə bilirlər. Təəssüf ki, bu, əksər hallarda mümkün olmur, maraqlar toqquşur. Əslində, biz uşaqlıqdan qızlarımızı bu münasibətləri tənzimləməyə hazırlamalıyıq. Amma əksər hallarda qızın anası, nənəsi də bu alovu daha da qızışdırır”.

Sosioloq Əbülfəz Süleymanlı isə deyib ki, bu məsələ keçmişdən günümüzə qədər bütün cəmiyyətlərdə və ictimai quruluşlarda mövcud olmuş problemdir. Sadəcə, hər dövrdə daha da gərginləşən bu problemə dövrün tələblərinə uyğun yeni çalarlar əlavə olunur. Bu gün də məsələnin bir neçə yeni amili ortaya çıxmaqdadır ki, onlardan da ən başlıcası Azərbaycan ailəsində müasirlik və ənənəviliyin toqquşmasıdır. Belə ki, hazırda ailə qurmağa hazırlaşan fərdlərin baxışları yetişdiyi, formalaşdığı, tərbiyə aldığı mühitdən kəskin fərqlənir. Bu günün ailə başçısı olan şəxs əvvəlki dövrlərdə anasının evin bütün işlərini həyata keçirdiyini görürdüsə, müasir dövrdə qadınların bu ənənəvi rollardan imtina etməsi ilə qarşılaşır: "Əgər indiki dövrdə qayınana olan xanım öz qayınanasına münasibətdə daha fərqli mövqedən çıxış edibsə, əvvəlki dövrdə sayqı, ev işlərinin müəyyən bölgüsü və s. daha fərqli olubsa, müasir qadınlar ailə tərbiyəsindən aldığı, xüsusilə yeni dövrün tələblərinə uyğun olaraq artıq tamam fərqli rol nümayiş etdirirlər. Qadınlar hətta bəzi rolların kişilər tərəfindən həyata keçirilməsini də tələb edirlər. Böyüdüyü ailədə fərqli mühitlə qarşılaşan oğlan isə müəyyən işləri yerinə yetirməyə hazır deyil”. Evdar qadının ənənəvi rollardan imtina etməsi gəlinindən də eyni işlərin icrasını gözləyən qayınananın etirazına səbəb olur. Bu da məsələnin gərginləşməsinə səbəb olur, müasirlik və ənənəvilik münaqişəsinin ortaya çıxması ilə nəticələnir.

Sosioloqun sözlərinə görə, qayınana həm hadisələri kənardan izləyir, həm də ona müdaxilə etmək istəyir ki, bu zaman ortaya yeni problemlər çıxır: "Ümumiyyətlə, ümumdünya ailə istitutunda gedən dəyişikliklər Azərbaycan ailəsində də özünü göstərir. Burada medianın, teleserialların, ümumiyyətlə, dəyişən ab-havanın rolu var”. Hazırda ailələrdə rol bölgüsündə qarmaqarışıqlıq yaranıb: "Əsl gəlin, əsl qadının necə olmasını hər kəs özünə görə yozmağa başlayıb. Nisbətən yaşlı dövrün nümayəndələri bu məsələyə öz dövrlərinin kriteriyalarından çıxış edərək yanaşırlar. Müasir dövrün gəncləri isə serialların qəhrəmanlarından nümunə götürərək "əsl qadın” və ya "kişi” obrazını yaratmağa çalışırlar. Amma bizim öz ənənələrimiz, milli mentalitetimiz, hər kəsə nümayiş etdirdiyimiz ailə nümunəmiz var. Milli köklərimizə, qaynaqlarımıza müraciət etsək, əsl qadın, əsl kişi obrazını ancaq orada tapa bilərik”.

Şəymən