Qaçqınlar aksiya keçirməyib, sadəcə qəbula gəliblər?

“Komitə yolun kənarında yerləşdiyinə görə, qaçqın və məcburi köçkünlər qapıya toplaşırlar”


Bir qrup məcburi köçkün dünən Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin binası qarşısında aksiya keçirib. APA-nın verdiyi məlumata görə, məcburi köçkünlər öncə binanın qarşısından keçən Tbilisi prospektini bağlayıblar. Polisin müdaxiləsindən sonra yol açılıb, avtomobillərin hərəkəti bərpa olunub. Aksiyaçılar Dövlət Komitəsinin binası qarşısında toplaşıblar.

Aksiya keçirən şəxslər vaxtilə Binəqədi rayonunun 9-cu mikrorayonu ərazisində yanğın baş vermiş çoxmərtəbəli binada məskunlaşan Ağdam, Xocalı, Kəlbəcər, Xocavənd rayonundan olan məcburi köçkünlərdir. Onlar sonradan Mehdiabad qəsəbəsindəki məcburi köçkün şəhərciyində yerləşdirilsələr də, yaşayış yerlərində sıxlıqla bağlı narazılıqlarını bildiriblər. Aksiyaçıların bir qismi isə hələ də onlara yer ayrılmadığını deyiblər.

Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Elçin Qədimov "Şərq”ə komitənin qarşısında aksiya deyil, adi qəbul günlərindən biri olduğunu bildirib: "Prospekt bağlanmayıb, yalan məlumatdır. Bu gün komitədə məcburi köçkünlərin qəbul günlərindəndir. Hətta bütün qəbul günlərində gələn şəxslər də var. Əsasən mənzil məsələsi ilə bağlı gəlib, müraciət edirlər. Komitə yolun kənarında yerləşdiyinə görə, müxtəlif problemlərlə bağlı qəbul günlərində gəlib-gedirlər, gözləyərək, qapıda toplaşırlar. Sadəcə kənarda başqaları "guya yolu bağlamağa toplaşırlarmış” kimi qələmə verirlər”.

Qurumun mətbuat sözçüsü həmçinin Mehdiabadda tikilən evlərə yerləşdirilən sakinlərin digər yerlərə köçürülməsinin müzakirə mövzusu olmadığını da söyləyib: "Binəqədidə adıçəkilən yerdə evlər yandıqdan sonra onları başqa yerə köçürtməyə mənzil yox idi. Buna görə də dövlət tərəfindən

həmin mənzillər alınıb komitəyə verildi. Biz də sözügedən ailələri oraya köçürtdük. O binalar müxtəlif özəl şirkətlər tərəfindən tikilib. Dövlət tərəfindən tikilən mənzillər alınaraq həmin şəxslər ailə tərkibinə görə, qaneedicilik əsasında oraya köçürülüb. Bu evlər ən böyük kvadrat metrlərə hesablanmış mənzillərdir, biz tikməməyimizə baxmayaraq, həmin mənzillər yaşayış üçün bütün zəruri şərtlərə cavab verir. Hündürmərtəbəli geniş otaqlardan ibarət yaşayış binalarıdır. Kiminsə evində texniki problem ola bilər, o da yerində araşdırılaraq tədbirlər görülür. Buradan təkrar olaraq insanların başqa əraziyə köçürülməsi real deyil”.

E.Qədimovun sözlərinə görə, məcburi köçkünlərlə bağlı evlərin tikintisi 2014-cü ildə layihələşdirilərək 2015-ci ildə infrastrukturu qurulacaq. 2016-cı ildə isə tikinti işlərinə başlanacaq. Bunun üçün Abşeron rayonunun Qobu qəsəbəsində 5 hektar torpaq sahəsi ayrılıb, müvafiq işlər görülür. O zaman Bakı şəhərinin sanatoriyalarında, yataqxanalarında, yarımtikililərində və digər yerlərində yaşayan ailələr köçürüləcək. Deyilən vaxta qədər Bakı şəhərində məcburi köçkünlərlə bağlı tikinti işləri aparılmayacaq. Hazırda da komitənin balansında boş mənzil yoxdur”.

Vüqar Şahinoğlu