Aşıq Samirə ciddi işə imza atdı

Yeni layihə bəyənildi



Azərbaycanın Əməkdar mədəniyyət işçisi, sənətşünaslıq elmi üzrə fəlsəfə doktoru Aşıq Samirə dünən jurnalistlərlə görüş keçirib.

Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının Simfonik Orkestrinin müşayiəti ilə üç aşıq havasını səsləndirən sənətçi, etdiyi bu yeniliyi "Sənətinə Aşiq Samirə” adlı musiqi toplusunda cəmləşdirib. "Misri”, "Cəlili”, "Şirvan müxəmməsi” adlı layihənin müəllifi elə Samirənin özüdür. Yaradıcı heyətin tərkibinə - musiqi rəhbəri, tanınmış qarmon ifaçısı, Əməkdar artist Etibar Qasımbəyli, səs rejissorları Vahid Talıbov, Rövşən Həsənov, quruluşçu operatoru Elmir Süleymanov, operator Cavanşir Ağayev, montajçı Elnar Həşimov daxildirlər. Orkestrin dirijoru Azad Əliyevdir. Qeyd edək ki, dirijor ötən ay dünyasını dəyişdiyi üçün mərhum sənətkarın ruhu bir dəqiqəlik sükutla yad edildi.

Aşıq Samirənin möhtəşəm layihəsində iştirak edən və ona dəstək olan Əməkdar artist, qarmon ifaçısı Etibar Qasımbəyli də təqdimat mərasimində iştirak edirdi. Əiəkdar artist də Aşıq Samirənin bu layihəni ərsəyə gətirməsində böyük əmək sərf etdiyini dilə gətirdi: "Bu, sıradan bir layihə deyil. Simfonik Orkestr ilə iş görmək böyük məsuliyyət tələb edir. Bu bir yenilik idi ki, Simfonik Orkestr ilk dəfədir soloda ifa edən Aşığı müşayiət etmiş oldu. Bu uğur aşıq musiqisinin uğurudur. Buna görə Aşıq Samirəni yalnız alqışlamaq lazımdır. Çünki hər kəs belə bir ciddi işə imza ata bilməzdi. Samirə bunu bacardı”.

Aşıq Samirə ona dəstək olan qələm əhlinə təşəkkürünü bildirib, layihəsinin uğurundan danışdı. Aşıq Samirə jurnalistlərə maraqlı bir jest də nümayiş etdirdi. O, mərasimin sonunda media nümayəndələrinə həsr etdiyi kiçik şeirini oxudu. Təbii ki, aşığın bu jesti maraqla qarşılandı. Sənətçinin yeni layihəsi jurnalistlər tərəfindən rəğbətlə qarşılanıb və media mənsubları onu ayaqüstə alqışlayıblar.

Tahirə