Məktub Nərmin öləndən sonra yetişdi

Adil Qeybulla: “Bu hadisədən heç kim sığortalanmayıb”


Leykoz xəstəliyindən əziyyət çəkən Nərmin Hüseynlinin ölümündən sonra ailəsinin müraciətinə cavab gəlib. Yeniyetmənin müalicəsi üçün müxtəlif orqanlara müraciət edən ailə cavab məktubunu 40 mərasiminə az qalmış alıb. Bu barədə məlumat sosial şəbəkələrdə müraciətin surəti ilə birgə yayılıb.

Cavab məktubundan bildirilir ki, Prezident Administrasiyası Səhiyyə Nazirliyinə müraciət edərək, xəstəyə köməklik göstərilməsi üçün xahiş edib. Həmin müraciətdə deyilir: "Xəstəni müvafiq mütəxəssislər tərəfindən tibbi müayinədən keçirib, müalicəsinin və dərman pereparatları ilə müəyyən olunmuş qaydada təmin olunmasına köməklik göstərilsin”. Səhiyyə Nazirliyi də həmin müraciətə baxaraq müsbət rəy verib və yardım göstəriləcəyi ilə bağlı məktubu mərhumənin ailəsinin yaşadığı Sumqayıtdakı ünvana göndərib.

Nərmin Hüseynli martın 10-da dünyasını dəyişib. Məktub isə Səhiyyə Nazirliyinin Tibbi Yardımın Təşkili Şöbəsinin müdiri G.Poladov tərəfindən düz 21 gün sonra - martın 31-də imzalanıb. Prezident Administrasiyasının həmin müraciəti Səhiyyə Nazirliyinə nə zaman ünvanladığı isə məlum deyil. Səhiyyə Nazirliyi hələlik məsələ ilə bağlı heç bir açıqlama vermir. 

Tibb elmləri doktoru, professor Adil Qeybulla "Şərq”ə bildirib ki, müraciətə gec cavab verilməsi düzgün deyil. Hər halda bu situasiya respublikanın diqqət mərkəzində idi, hamı ürək ağrısı ilə bu məsələyə yanaşırdı.

 Bu hadisədən heç kim sığortalanmayıb. Bəzən böyük məbləğli müalicəyə ehtiyac yaranarsa, Azərbaycanda çox az insan bunun öhdəsindən gələr. Bu baxımdan yaxşı olar ki, vaxtında müraciət olsun, hər hansı tədbirlər görülsün. Ancaq Səhiyyə Nazirliyi vaxtında güzəşt etsə belə, mən bu tendensiyanı düzgün saymıram”. Daha sonra o, əlavə edib ki, tibbi yardıma ehiyacı olan vətəndaşların fərdi şəkildə Səhiyyə Nazirliyinə və ya başqa-başqa dövlət qurumlarına müraciət etməsi, bunun ənənə halını alması problemin həlli deyil: "Problemin həlli tibbi sığortanın bərpa olunması əsasında qaydaya salınmasıdır. Bu, vətəndaşların sosial müdafiəsinin çox mühüm bir elementidir. Əgər Nərminin tibbi sığortası olsaydı və Azərbaycanda bu cür ankoloji xəstələr dövlət qayğısı və tibb sığorta ilə müalicə olunsaydı, bu hadisə də yaşanmazdı. Səhiyyə Nazirliyinin də müraciətə ehtiyac olmazdı. Qonşu Türkiyədə belə müraciətlər olmur, vətəndaşlar tibbi sığortadan yararlanırlar. Bu cür hallarda da həmin sığortadan lazimınca istifadə edə bilirlər. Amma Azərbaycanda bu məsələdə boşluqlar olduğuna görə, insanlar ayrı-ayrı dövlət orqanlarına üz tuturlar. Biz də həmin orqanları bu işə məsul hesab edirik. Lakin struktur elə qurulmalıdır ki, insanların sosial müdafiəsi təmin olunsun, tibbi sığorta həyata keçirilsin. Hər bir kəsin cibində tibbi sığorta vəsiqəsi olsun. Məsələnin həllinin bunda olduğunu hesab edirəm. Nə qədər ki, belə məsələlər Azərbaycanda ayrı-ayrı dövlət orqanları, müvafiq instansiyalar tərəfindən həll olunacaqsa, o qədər də Azərbaycan səhiyyəsi yerində sayacaq. Azərbaycan səhiyyəsi dünya səhiyyəsinin bir hissəsi olmalıdır. Biz qərb təbabətinə keçdiyimizdən, Qərb təbabətinin də prinsiplərini mənimsəməliyik”.

Vüqar Şahinoğlu