Müəllim olmaq istəyənlər, bəxtinizi bir də sınayın!

“Təkərə çomaq müsahibə mərhələsində yaradılır”




Bakı Şəhəri üzrə Təhsil İdarəsi növbəti dəfə imtahanla işə qəbul keçirir. İdarənin rəsmi açıqlamasını qeyd etməzdən öncə, deməliyik ki, imtahanlarda xəyal qırıqlığına uğrayan müəllimlər və müəllim işləmək istəyənlər də olur. Müəllim peşəsini seçənlər imtahanlarda iştirak etdiklərini, lakin hər dəfə də uğursuzluqla qarşılaşdıqlarını bildirirlər. "İmtahanlarda iştirak edirik, test tapşırıqlarını yerinə yetiririk, lakin sonda yenə də işsiz qalırıq. Sanki lotereya, ya da uduş kampaniyasıdır, qapağı açırsan, görürsən yazılıb; bəxtinizi bir daha sınayın. İşə qəbul edilənlərin hansı üstünlüyə malik olduğunu isə bilmirik”. Qısası, imtahanlarda iştirak edənlər şəffaflığın təminindən narazıdırlar.

Hazırda BŞTİ ümumi təhsil müəssisələrində təlim-tərbiyə işləri üzrə direktor müavini, tərbiyə işləri üzrə direktor müavini (təşkilatçı), psixoloq və kitabxanaçı vəzifələrinə işə qəbul üzrə elan edilən müsabiqənin vakansiya mərhələsinə start verib.
İdarədən Modern.az-a verilən məlumata görə, müsabiqənin test imtahanı mərhələsində keçid balından yüksək nəticə göstərən namizədlər noyabrın 16-sı saat 23:59:59-dək şəxsi səhifələrinə daxil olaraq vakansiya seçimi edə bilər.

Bildirilib ki, 1 namizədə 5 yer seçmək hüququ verilir. Müvafiq vakansiya 2 və daha artıq namizəd tərəfindən seçilərsə, həmin yer üzrə ən yüksək bal toplamış şəxs müsahibə mərhələsinə buraxılacaq.
Qeyd edək ki, 3-4 noyabrda keçirilən test imtahanında təlim-tərbiyə işləri üzrə direktor müavini, tərbiyə işləri üzrə direktor müavini (təşkilatçı) və psixoloq vəzifələri üzrə müsabiqəyə qatılmış 498 namizəddən 134 nəfəri keçid balından yüksək nəticə göstərib.

İmtahanlarda yüksək nəticə göstərənlərlə müsahibə aparan kimlərdir və bu şəxslərin subyektiv mövqedən çıxış etməyəcəyinə necə əmin olmaq mümkündür?

Təhsil eksperti Nabatəli Qulamoğlu "Şərq”ə açıqlamasında suala birmənalı cavab verməyin mümkün olmadığını dedi:

- Mən indiyədək bildirdiyim fikirlərimdə qalıram. Təhsil Nazirliyi yeniliklər etməyə çalışır, kadr sistemində də islahatlar aparmaq niyyətindədir. Lakin bunu çətinləşdirən başlıca amil var. O da icra başçılarının məktəbə direktor təyinatına müdaxiləsidir. Təhsilimizin inkişafını istəyiriksə, kadr dəyişikliyi qaçılmazdır. Kadr sistemində dəyişikliksə birinci növbədə məktəb rəhbərliyindən başlamalıdır. Amma icra başçıları onların təyinatı olmadan bir nəfərin də işləməsinə imkan vermir. Bir halda ki, təhsil naziri sərbəst şəkildə məktəbə direktor təyin edə bilmir, daha nədən danışaq?! Təhsil naziri müşavirədə özü etiraf etmişdi ki, məktəb direktorlarının təyinatında icra başçılarının rəyi nəzərə alınır. O zaman bu imtahanlar nə üçündür? Açığı, mən nazirin bu sözlərini, bir az da şikayət kimi qəbul edirəm.

N.Qulamoğlu imtahanlarda yüksək nəticə göstərmiş, lakin işə qəbul edilməmiş şəxslərdən bəzilərini şəxsən tanıdığını da bildirdi:

- Ötən il imtahanlarda iştirak edənlərdən şəxsən tanıdıqlarım var. Biri, Lənkəran rayonu Separadi kənd orta məktəbinin müəllimi Elşad Məmmədovdur. Sabirabaddan, Saatlıdan, Beyləqandan müəllimlər vardı ki, yığışıb Bakıya şikayətə gəlmişdilər. Məsələ də bu idi ki, müəllimlər direktor müavini, yaxud hansısa başqa vakansiya üzrə imtahanlarda iştirak edir, yüksək nəticə göstərir, müsahibəyə dəvət olunur, iştirak edirlər, onlara bildirilir ki, gedin, sizə cavab veriləcək. Amma cavab da hər zaman mənfi olur. Müəllim hansı səbəbdən, nədən müsabiqədən kənar qaldığını, niyə işə qəbul edilmədiyini, işə qəbul edilənin hansı üstün cəhətləri olduğunu bilmir. İşə qəbulda şəffaflıq yalnız imtahan mərhələsində təmin edilir. Hər kəs bilir ki, nə qədər suala düzgün cavab verib, test tapşırıqlarını necə həll edib, vəssalam. Bundan sonrakı mərhələsə artıq qaranlıqdır. İmtahan iştirakçılarına əsas problem müsahibə mərhələsində yaradılır. "Təkərə çomaq” məhz burda baş verir. Hələ biz vəzifəyə təyinatda maddi amildən danışmırıq. Amma danışmaq da olar.

Bəs imtahanlardan sonrakı müsahibə mərhələsində kimlər iştirak edir? N.Qulamoğlu qeyd etdi ki, bu mərhələ nazirlikdə də keçirilə bilər, Təhsil İdarəsində də. Harda, kimlər tərəfindən keçirilməsindən asılı olmayaraq nəticə dəyişmir:

- Bir halda ki, təhsil naziri icra başçılarının rəyinin nəzərə alındığını etiraf edir (götürək ki, lap şikayət edir N.Q.), məsələ artıq aydındır. Təhsil İdarəsinin əməkdaşları da rayon icra başçılarının sözü, tapşırığı ilə hərəkət edəcək.

Direktorun təlim-tərbiyə və tərbiyə işləri üzrə (təşkilatçı) müavinlərinin, psixoloqların, kitabxanaçıların imtahanla, müsabiqə ilə işə qəbulu, ümumiyyətlə, müsbət hesab edilməlidirmi, bu mənada ki, sovet dövründə direktor müavini, təşkilatçı vəzifəsinə yüksəliş pillə-pillə baş verirdi. Pioner dəstə rəhbərliyindən, komsomol katibi, sonra da təşkilatçı, direktor müavini, bəxti üzünə gülənlərsə məktəb direktorluğuna və daha yuxarı pillələrə yüksəlirdi. Burada da təcrübə əsas götürülürdü. İmtahanla təcrübəni müəyyənləşdirmək mümkündürmü?

N.Qulamoğlu qoyulan şərtlərin normal olduğunu dedi:

- Əvvəla, bir şərt budur ki, direktor müavini vəzifəsinə iddia edənin 5 il müəllimlik stajı olmalıdır. 5 il müəllim işləmək artıq təcrübənin olması deməkdir. Təşkilatçılıq qabiliyyətinə gəlincə, mən həmişə bu fikirdə olmuşam, indi də mövqeyimdə qalıram ki, təşkilatçılıq bilikdən ayrı deyil. Biliyi olan insanın təşkilatçı ola bilməməsi nonsensdir. İnsanın biliyi varsa, o, yaxşı da təşkilatçı olacaq, işləri gözəl yürüdəcək. Yetər ki, həqiqətən də savadlı, bilikli kadrlar işlə təmin edilsin, bilikli müəllimlər də vəzifələrə irəli çəkilsin. Biz demokratik cəmiyyət qurmaq istəyiriksə, təhsilimizi demokratikləşdirməliyik.

Məlahət Rzayeva