Yol polisi ilə sürücü arasında dialoq görüntülənə bilərmi?

Xidmət müddətində kənardan kimsə iş başında polisin şəklini çəkə bilər



Artıq ənənə halını alan yol polisi əməkdaşları ilə sürücülərin mübahisə görüntülərinin sosial şəbəkələrdə yayılması hüquq-mühafizə orqanlarını hərəkətə keçirib. Belə ki, qarşı tərəf hadisə baş verən zaman dövlət məmurunun xidməti vəzifə başında olarkən kənar şəxslərin qanun pozuntularını görüntüləməsinə, fotosunu çəkməsinə mövcud qanunun icazə vermədiyini bildirir.

Ümumiyyətlə, sürücü ilə yol polisi əməkdaşları arasında münasibətlər necə formalaşır? Bu haqda hansı qanunların olduğunu öyrənmək üçün nəqliyyat üzrə ekspert, hüquqşünas Ərşad Hüseynovla söhbətləşdik.

Ə.Hüseynov "Şərq”ə bütövlükdə polisin vətəndaşla münasibətini "Polis haqqında” qanunun tənzimlədiyini bildirdi: "Həm yol patrul, həm də post-patrul xidmətində olan polisin vətəndaşla davranışını isə "Post Patrul” Nizamnaməsi müəyyənləşdirir. Həmçinin xüsusi olaraq dövlət yol polisinin fəaliyyətini tənzimləyən "Yol Patrul Xidməti Haqqında” təlimat var. Qeyd olunan bu üç qanun vətəndaşla necə davranmaq lazım olduğunu, vətəndaşa yaxınlaşarkən nəyi tədim etmək lazım olduğunu, formanın necə olmasını, harada xidmət edə biləcəyini göstərir. Bütün detallar adıçəkilən hüquqi sənədlərdə var. Məsələn, "Polis haqqında” qanunun 20-ci maddəsində yol polisinin yolun hərəkəti təhlükəsizliyi nəzarətindən danışılır”.

Ekspert yol polislərinin vəzifə başında olarkən qanun pozuntusuna yol verdiyi halda bunun video və ya foto çəkilişinin aparılmasına qanunvericilikdə icazənin olub-olmadığına da aydınlıq gətirdi: "Konstitusiyanın şəxsi toxunulmazlıq adlı 32-ci maddəsinə əsasən vətəndaşın icazəsi olmadan onun şəklini və ya videosunu çəkmək olmaz. Ancaq polis xidmətdədir, bu da ictimai xidmət sayılır. Adıçəkilən müddəanı polisə aid etmək olmaz. Heç kim onu qadağan edə bilməz. Xidmət müddətində kənardan kimsə iş başında polisin şəklini çəkə bilər. Xidmətdən sonra isə polisin çayxanada, yeməkxanada foto və ya videosu çəkilsə, polis həmin şəxsi şikayət edə və icazə verməyə bilər. İş prosesi zamanı nahar fasiləsində də polis əməkdaşı görüntülənə bilməz. Çünki artıq bu hal onun şəxsi həyatıdır”.

Vüqar Şahinoğlu