Putin pasportları havayı vermir

Kreml bu ölkələrin daxilində Rusiya vətəndaşlarından ibarət bir təbəqə yaratmaq istəyir




Prezident Vladimir Putin keçmiş SSRİ ərazisində yaşayan rusdilli əhaliyə Rusiya vətəndaşlığının verilməsini asanlaşdıran qanunu imzalayıb. "Rusiya Federasiyasının vətəndaşlığı haqqında” qanuna dəyişikliklər edilməsi haqqında” qanuna əsasən, Rusiya Federasiyası ərazisində yaşayan və "rus dilinin daşıyıcısı” kimi tanınan xarici vətəndaşlar və vətəndaşlığı olmayan şəxslərin Rusiya vətəndaşlığına qəbulu sadələşdirilmiş qaydada aparılacaq.

Hazırda və ya əvvəllər mütəmadi olaraq Rusiya Federasiyası ərazisində, yaxud Rusiya İmperiyası və SSRİ-nin dövlət sərhədləri daxilində yaşayan, bu dildə danışan, rus dilindən ailə -məişət, ictimai, mədəni və digər sferalarda istifadə edən şəxslər və onların qohumları "rus dilinin daşıyıcıları” kateqoriyasına daxil edilib. Əcnəbinin rus dilini bildiyi və xarici ölkə vətəndaşlığından imtina edəcəyi halda bu qanun ona şamil ediləcək. Əgər "rus dilinin daşıyıcısı” olan həmin şəxsin vətəndaşlığı Rusiya ilə imzalanmış beynəlxalq müqavilə çərçivəsindədirsə, yaxud xarici ölkə vətəndaşlığından imtina həmin xarici vətəndaşın iradəsindən asılı deyilsə, o zaman əcnəbi ölkə vətəndaşlığından imtina tələb olunmur. Əcnəbi vətəndaşlıqdan imtina edən xaricilər sadələşdirilmiş qaydada vətəndaşlıq ala bilərlər. Bunun üçün 5 il fasiləsiz Rusiya ərazisində yaşamaq tələb olunur. Belə vətəndaşlar üçün viza verilməsinin yeni qaydası tətbiq olunacaq. Həmin şəxs əgər "rus dilinin daşıyıcısı” kateqoriyasına salınıbsa, onun ölkədə qalıb işləməsi üçün veriləcək vizası yalnız Rusiya vətəndaşlığı üçün müraciət etdiyi təqdirdə uzadılacaq.

Bu kateqoriyadan olanlar üçün viza müddəti 3 illik nəzərdə tutulub. Əgər bu şəxs 2 il müddətində Rusiya vətəndaşlığı üçün rəsmi müraciət etməsə, onun vizası ləğv olunur. Göstərilən tələblərə uyğun gələn şəxslər Rusiya vətəndaşlığı almaq üçün onların Rusiyaya gəlməsinə güzəştli şərtlər müəyyənləşdiriləcək.

"Şərq-Qərb” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Ərəstun Oruclunun qənaətincə, bütün bu addımlar Rusiyanın gücləndirilməsinə hesablanıb: "Putin MDB ölkələrində nüfuzunu möhkəmləndirmək istəyir. Kreml bu ölkələrin daxilində Rusiya vətəndaşlarından ibarət bir təbəqə yaratmaq istəyir. Bunun adına "5-ci kolon” da demək olar. Rusiya həmçinin bu yolla öz vətəndaşlarının sayını artırmaq niyyəti güdür. Bilirsiniz ki, Rusiya bu günləri çox ciddi demoqrafik problemlər yaşayır. Xüsusi ilə də yoxsul postsovet ölkələrindən insanların kütləvi şəkildə Rusiya vətəndaşlığını qəbul edəcəyi istisna deyil. Bu yolla da Rusiya həmin ölkələri yenidən özündən asılı vəziyyətə salacaq. Yaratdığı "5-ci kolon” vasitəsilə təzyiq göstərərək keçmiş sovet dövlətlərini buna məcbur edəcək”. Bu yolla Rusiyanın öz məqsədlərinə çatıb-çatmayacağına gəldikdə isə politoloq bildirib ki, qısa müddət ərzində Putin öz istəyinə çatmasa da, gələcək üçün istisna deyil. Ən azından hər şey MBD ölkələrinin inkişafından asılıdır. Əgər həmin dövlətlərdə normal inkişaf getsə, mövcud iqtisadi problemlər tədricən öz həllini tapacaqsa, həmin ölkələrin vətəndaşlığı üçün rus pasportu və Rusiya vətəndaşlığı cəlbedici olmayacaq. Problem davam edib, yoxsulluq artacağı təqdirdə əminəm ki, Rusiyanın mövcud siyasəti müəyyən qədər özünü doğruldacaq.

Şəymən