Mollanı axund etməklə məqsədə çatmaq olmaz

Elşad Miri şeyxə ağıllı məsləhət verdi




Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Qazilər Şurasının iclası keçirilib.
Toplantıda QMİ sədri Şeyxülislam Allahşükür Paşazadə qurumun fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində fikir və tövsiyələrini səsləndirib. Tədbir zamanı təşkilatda ciddi struktur və kadr islahatlarının həyata keçirilməsinə dair müvafiq qərarlar qəbul olunub. Yeni qərara əsasən idarənin bölgələr üzrə səlahiyyətli nümayəndəlikləri ləğv edilib.

Bunun bazasında regionun rayonlar üzrə ayrı-ayrılıqda nümayəndələri müəyyənləşdirilib. QMİ sədrinin səlahiyyətli nümayəndələrinin seçilməsi səsvermə yolu ilə baş tutub. Bölgələr üzrə səlahiyyətli nümayəndələr isə daha yüksək posta təyinat alıblar. Onlar bölgələr üzrə QMİ-nin Qazilər Şurasına üzv seçiliblər. Rayon axundları isə QMİ-nin həmin ərazi üzrə səlahiyyətli nümayəndə statusuna layiq görülüblər. Hələlik bəzi rayonlara QMİ-nin səlahiyyətli nümayəndələri seçilməsi prosesi tam yekunlaşmayıb. Bölgələr üzrə seçilmiş qazilər isə yaxın günlərdə öz işlərinin icrasına başlayacaqlar. Bununla da Qazilər Şurasının üzvlərinin sayı artırılıb.

Qurumda aparılan struktur dəyişikliyi və kadr islahatlarını dəyərləndirən ilahiyyatçı Elşad Miri "Şərq”ə açıqlamasında bunun effektiv olmayacağını qeyd edib. Onun sözlərinə görə, belə islahatlar bölgələrdə deyil, əsasən qurumun özünün idarə heyətində həyata keçirilməlidir: "İlk növbədə rəhbərlikdəki bəzi şəxslər dəyişdirilməlidir. Mollalar rayon şöbələrinə axund kimi təyin olunacaqsa, bu, müsbət heç nə vəd etməyəcək. Simalar dəyişəcək. Əməli işin keyfiyyəti isə yenə də sıfırın altına düşəcək. Görüntü yaratmaq məqsədi ilə addım atılırsa, nəticə gözləməyə dəyməz. Görünür, qurum gündəmdə qalmaq istəyir”.

Ekspert vurğulayıb ki, QMİ yeni gətiriləcək kadrların kimliyinin fərqində olmalıdır: "Bölgələrdən birinə yeni təyin olunan şəxsin müsahibəsini oxudum. Absurd mülahizələri məndə təəccüb doğurdu. Ordan-burdan eşitdikləri, heç bir əsası olmayan məsələlərdən danışırdı. Deyir ki, vəhhabilər üçün ayrı məscid var. Onlar orda namaz qılacaqlar. Sünnilərlə şiələr başqa məsciddə qılacaqlar. Əslində, o adam Azərbaycanda tolerantlıq deyilən ənənəni formalaşdırmağa çalışmalıdır. İnsanları vəhhabi, sünni, şiə məzhəblərinə bölmək olmaz. Halbuki o adam tamam əksinə danışır. Sözügedən postlara elə adamı gətirmək lazımdır ki, cəmiyyətimizə müsbət dəyərlər aşılasın. İslamı, quranı, hədisləri mükəmməl şəkildə bilən insanlar seçilməlidir. Hansı mollanın mənasız moizələrini eşidəcəyiksə, bölücülük məsələsinin rolu olacaqsa, dəyişikliyin heç bir xeyri olmayacaq”.

E.Miri ona qarşı irəli sürülən ittihamdan da söz açıb: "Lənkəran bölgəsinin qazisi var. Çıxıb məsciddə xütbə verir. Məni masson olmaqda ittiham edir. Belə şərçi, qaragüruhçu və heç bir əsasa söykənmədən danışan kadrlardan nəsə gözləməyə dəyməz. Arxaik və axmaik düşüncəli insanlarla hansısa iş görmək olmaz. Belə təfəkkürlü insanlar dini təşkilatlardan kənarlaşdırılmalıdır”.

İlahiyyatçının qənaətincə, yeni kadr kimi universitetin ilahiyyat fakültəsini bitirmiş məzunlardan istifadə etmək olar: "Mollanı axund etməklə məqsədə çatmaq olmaz. Ona görə də son zamanlar axundlarla bağlı müəyyən arzuolunmaz hallar baş verir. Bəziləri ən çirkli oyunlarda bulunurlar. Məsələn, biri narkotik satarkən yaxalanmışdı. Belələri bu sahədə təsadüfi adamlardı. Onların əsl islamdan xəbərləri yoxdu. Kadr islahatı və struktur dəyişikliyi ciddi məsələdir. Düzgün insanlar seçilməlidir. Ona uyğun olaraq da qərarlar verilməlidir”.

Ayyət Əhməd