Azərbaycan, Türkiyə, Gürcüstan prezidentləri Tiflisə toplaşacaq

Aydın Ağayev: “Dünyada çox böyük proseslər gedir, hər halda normal, diplomatik və lazımlı görüşdü”





Mayın əvvəllərində Tiflisdə Azərbaycan, Türkiyə və Gürcüstan prezidentlərinin iştirakı ilə təhlükəsizlik sammiti olacaq.

Virtualaz.org saytı xəbər verir ki, bu barədə Gürcüstan prezidenti Georgi Marqvelaşvili bildirib. Onun sözlərinə görə, görüşdə təhlükəsizlik məsələləri müzakirə olunacaq: "Bizim Avropaya inteqrasiya yolunda apardığımız siyasət mühümdür”.

Tiflis sammitini şərh edən Milli Məclisin analitik informasiyalar şöbəsinin müdiri Aydın Ağayev "Şərq”ə bunun əhəmiyyətli görüş olduğunu deyib: "Bu dövlətlər bir-birinə bağlı ölkələrdir. Regional dövlətlərdir. Dünyada çox böyük proseslər gedir. Hər halda normal, diplomatik və lazımlı görüşdü”.

Müzakirə obyekti olacaq məsələlərə gəlincə, ekspert bildirib ki, hadisələri önləmək olmaz: "Qabaqcadan nəsə deyə bilmərəm. Bunu dövlət başçılarının özləri bilir. Ümumi şəkildə bilmək olar ki, müxtəlif sahələrdəki əməkdaşlıq barədə müzakirələr açıla bilər. Yüksək səviyyəli görüşdü”.

"Qafqaz Evi” layihəsinə diqqət çəkən şöbə müdiri bunun kimlər tərəfindən söyləndiyinin məlum olduğunu deyib: "Bu yaxşı ifadədir. Amma "Qafqaz evi”ni necə qurmaq olar ki, ortada erməni təcavüzü mövcuddur. Hamı istəyir ki, Qafqazda əminamanlıq olsun. Başqa heç bir zərərli tendensiya olmasın. Qafqazda separatçı Ermənistan da var. Qafqazın başqa dövlətinin ərazisini işğal edib. Bütün dünya deyir ki, işğalçılıqdan əl çək. Əl çəkmir. Sözügedən layihədə Ermənistan da var”.

Ayyət Əhməd