“Ad dəyişməklə akademiya dəyişməyəcək”

Firudin Cəlilov: “O böyüklükdə akademiya var, ancaq bir kəşfi yoxdur”





Baş nazir Artur Rasizadə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) institutlarının adının dəyişdirilməsi haqqında qərar verib. Bu barədə Lent.az-a Nazirlər Kabinetindən məlumat verilib.

Qərara əsasən, AMEA-nın Kibernetika İnstitutu İdarəetmə Sistemləri İnstitutu, Akademik M.Nağıyev adına Kimya Problemləri İnstitutu - Akademik M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutu, Geologiya İnstitutu, Geologiya və Geofizika İnstitutu, Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutu Fəlsəfə və Hüquq İnstitutu adlandırılıb. AMEA-ya bu qərardan irəli gələn məsələləri həll etmək tapşırılıb.

AMEA-nın müxbir üzvü, professor Firudin Cəlilov "Şərq”ə qeyd olunan institut adlarının dəyişdirilməsinin ona aid olmayan elm sahələri olduğunu söyləyib: "Hər halda o institutlarda alimlər çalışırlar, daha uyğun variantı seçib təklif edirlər. Burada elə "sakıncalı” iş yoxdur. Ancaq ad dəyişməklə akademiyanın işini nizamlamaq olmaz. Akademiyada köklü dəyişiklik aparmaq lazımdır ki, ortalığa məhsul təqdim edilə bilsin. AMEA elmi institutlardan ibarətdir. Elmi institutların da gördüyü işlər hər il verdiyi hesabatlarda göstərilir, onlara baxılmalıdır ki, hansı mövzunu işləyiblər və nə kimi yeniliklər var. O böyüklükdə akademiya var, ancaq bir kəşfi yoxdur. Bu, elmdə böyük cırlaşmanın getməsini göstərir. Ona görə də ad dəyişməklə akademiya dəyişməyəcək. AMEA-nın içindən sistemi dəyişmək lazımdır”.

Vüqar Şahinoğlu