“4 bankın bağlanması təşviş yaradıb”

Natiq Cəfərli: “Dövlət məbləğindən və faiz dərəcəsindən asılı olmayaraq bütün əmanətlərə zəmanət verməlidir”




Azərbaycanda lisenziyası ləğv edilən banklarda qorunan əmanətlərin qaytarılması prosesi davam edir. Əmanətlərin Sığortalanması Fondundan (ƏSF) verilən məlumata görə, indiyədək ümumilikdə bağlanan 4 bank üzrə 9 milyon 921 min 869 manatdan artıq kompensasiya ödənilib.

Amma hazırda bağlanan bankların bəzi müştəriləri bankda olan vəsaitlərini əldə etməklə bağlı problem yaşayırlar. Əmanətçilərin iddiasına görə, 30 min ekvivalentdən yuxarı olan depozitlər geri qaytarılmır.

Əmanətlərin geri qaytarılması ilə bağlı çox ciddi problemlərin olduğunu vurğulayan iqtisadçı-ekspert Natiq Cəfərli bir müddətdən sonra bu gərginliyin kəskin şəkildə artacağını da istisna etmir: "Bağlanan dörd bankda ümumilikdə 162 milyon əmanət var. Onlardan əlavə, "Bank Standart”da da idarəetmə ilə bağlı çox ciddi problemlər yaşanır. Təxminən 580 milyon manata yaxın əmanət də "Bank Standart”da var. Bu qədər depoziti qaytarmağa isə Əmanətlərin Sığortalanması Fondunun gücü çatmaz. Bu yaxınlarda Mərkəzi Bank Sığorta Fonduna 100 milyon manat kredit verdi ki, bu da bağlanan banklardakı əmanətlərin 70 faizini ancaq əhatə edir”.

Hökumətin ciddi strateji proqram hazırlamadığını təəssüflə qeyd edən iqtisadçı deyib ki, indiki reallıqda Sığorta Fonduna verilən kreditlərin özünün də taleyi sual altındadır. "Fondun həmin kreditləri qaytarmaq üçün gəlir mənbəyi yoxdur. Çox güman ki, sonradan həmin vəsait də qaytarılmayan kreditlər siyahısına daxil olacaq”.

N.Cəfərlinin sözlərinə görə, çətinliklə də olsa, Sığorta Fondu əmanətlərin geri qaytarılması prosesini həyata keçirəcək. Amma əsasən 30 min manata qədər olan əmanətlər sığortalanıb: "Müqavilələrdə də əks olunub ki, pul milli valyutada qoyulubsa və həmin vəsait üzrə bank 12 faizdən yüksək, xarici valyutadadırsa, 3 faizdən çox faiz ödəyirsə, o halda vəsait sığortalı sayılmır. Çox təəssüf ki, bir çox hallarda bizim vətəndaşlar müqavilələri oxumadan imza ataraq bütün məsuliyyəti öz üzərlərinə götürürlər. 30 min manatdan çox olan əmanətlərə isə sığorta düşmür. Sözügedən banklarda 30 min manatdan çox əmanət varsa, o əmanətlərin taleyi qeyri-müəyyən olaraq qalacaq və çox güman ki, məsələ hər hansı bir siyasi qərarla həll oluna bilər. Düzdür, bu yaxınlarda ölkə başçısı bütün əmanətlərin sığortalanması ilə bağlı bir Fərman imzalayıb. Amma bu, fərmandan sonrakı əmanətlərə şamil olunur, əvvəlcədən qoyulan depozitlərə aid deyil. Ya yeni bir qərarla bu Fərman bütün əmanətçilərə şamil olunmalı, ya da əmanətçilər məhkəmə yolu ilə əmanətlərinin geri qaytarılmasına nail olmalıdırlar”.

Son zamanlar vətəndaşların sağlam banklardan belə öz əmanətlərini geri çəkməsi prosesinin kütləviləşdiyini vurğulayan N.Cəfərli hesab edir ki, 4 bankın bağlanmasından sonra bu sahədə ciddi bir ajiotaj yaranıb: "Rəsmi statistika da göstərir ki, son 6 ay ərzində depozitlərdə ciddi azalma müşahidə olunur. Bundan sonra isə prosesin getdikcə sürətlənməsi istisna deyil. Hesab edirəm ki, bu ajiotajın qarşısını almaq üçün dövlət məbləğindən və faiz dərəcəsindən asılı olmayaraq bütün əmanətlərə zəmanət verməlidir. Əks halda insanlar təşvişə düşüb, sağlam banklardakı əmanətlərini belə geri çəkəcəklər”.

Şəymən