"Ermənistanın yeni hökumətinin siyasi immuniteti çox zəifdir. Ona görə də hər məsələ erməni ictimaiyyətində ciddi rezonans doğurur"
Ermənistanın siyasi elitası və ictimaiyyəti hələ də "Aprel döyüşü”nün xofundan xilas ola bilmir. Azərbaycan Ordusunun şanlı qələbəsindən düz iki il keçməsinə baxmayaraq, Ermənistandakı siyasi tərəflər qarşılıqlı ittihamdan və biabırçı məğlubiyyətə görə biri-birlərini suçlamaqdan vaz keçmir. Baş nazir Nikol Paşinyanın "Aprel döyüşü”nə görə vəzifəsindən uzaqlaşdırılan Müdafiə Nazirliyinin kəşfiyyat rəhbəri Arşak Karapetyanı özünə müşavir təyin etməsi ağır məğlubiyyəti yenidən gündəmə daşıyıb. Ancaq Paşinyan deyib ki, 2016-cı ilin aprelində baş verən müharibədə əsas məsuliyyətin Karapetyanın üzərinə atılması düzgün deyil. Onun sözlərinə görə, Karapetyanın buna görə əsas məsuliyyət daşıması ondan yuxarıda rəhbərliyin olmaması anlamına gəlir. Bu isə təbii ki, belə deyil: "Dörd günlük müharibə barədə onlarla, yüzlərlə məxfi materiallar oxumuşam və orada həmin günlərdə kəşfiyyat məlumatlarının olmamasına dair məlumata rast gəlməmişəm. Müharibədən bir ay qabaq Azərbaycan ordusunun təmas xəttində toplanması baş verirdi və bunu hamı bilirdi”. Əslində bu etirafı ilə Paşinyan özü də etiraf edir ki, erməni tərəfində kəşfiyyat məlumatı olsa da, düşmənin silahlı qüvvələri Azərbaycanın güclü ordusu qarşısında tab gətirə bilməyib.
Son iki gündür Ermənistanda müzakirə olunan məsələni "Şərq”ə dəyərləndirən millət vəkili Zahid Oruc deyib ki, Ermənistanın siyasi elitası və cəmiyyəti hələ də "Aprel döyüşü”nün xofunu yaşayır. Çünki 2016-cı ildə baş verən dörd günlük müharibə Ermənistanda ciddi sindroma çevrilib:
"Bu müharibə Ermənistanda mənəvi, psixoloji və sosial fəsadlar törədib. Nəticədə ölkədə qarşılıqlı inkarçılıq meydana çıxıb, dövlətlə vətəndaş arasında münasibətlər pozulub, hakimiyyətə etimadsızlıq yaranıb. İki il əvvəl bir gürcü jurnalist İrəvanda, Gümrüdə müşahidələr apardı və gördüklərini qələmə aldı. O, ermənilərin dilindən yazmışdı ki, "Azərbaycanlılar istənilən uğursuzluqdan sonra dərhal toparlanırlar. Ancaq Ermənistanda vəziyyət başqadır. Ermənilər işğal etdikləri bir metr torpağı əllərindən verdikdə bunu bütün xalqın yox olması və məhvi kimi qəbul edirlər. Ona görə də uzun müddət sindromdan çıxa bilmirlər”. Paşinyan hər məsələdə sabiq hökuməti, Sarkisyan-Koçaryan cütlüyünü günahlandırır. Əgər Karapetyan kəşfiyyat məlumatlarını aldığı halda vaxtında rəhbərliyə çatdırmayıbsa və məğlubiyyətin əsas suçlusu kimi qələmə verilirsə, onu yenidən vəzifəyə gətirmək nə məna kəsb edir?! Görürsüz, nə qədər ziddiyyətli məqamdır. Elə buna görə də Paşinyanın son təyinatı günlərdir erməni mediasında müzakirə olunur. Ölkə mətbuatı yazır ki, bir çox sahədə, o cümlədən hərbdən anlayışı olmayan baş nazirin yanlış təyinatları daha ciddi fəsadlar verə bilər”.
Parlament üzvünün fikrincə, indiki proseslər həm də klanlararası savaşı şiddətləndirəcək. Təslim olmaq niyyətində olmayan "Qarabağ klanı” yeni hökumətə mümkün qədər çox zərbə vurmağa çalışacaq:
"2019-cu il Paşinyan üçün də heç də sakit keçməyəcək. İki gün öncə Rusiya XİN rəhbəri Sergey Lavrovun bəyanatı yayıldı. Nazir bildirdi ki, tərəflər Ermənistanda xarici qüvvələrin fəaliyyət göstərməməsi barədə razılıq əldə ediblər. Əslində bu, iki ölkənin münasibətlərinin kifayət qədər kəskin olduğunu göstərir. Lavrovun açıqlaması isə Paşinyan hökumətinə ciddi təhdid və xəbərdarlıqdır. Ermənistanın yeni hökumətinin siyasi immuniteti çox zəifdir. Ona görə də hər məsələ erməni ictimaiyyətində ciddi rezonans doğurur”.
İsmayıl