40 pələng balasının cəsədi aşkar edildi - FOTO

Heyvanların qalıqları məbədin soyuducusunda tapılıb
Taylandda Buddist məbədində 40 pələng balasının qalıqları aşkar edilib.
Məbədin rahibləri heyvanlarla qəddar davranışda və qanunsuz heyvan ticarətində ittiham edilib.
Bu barədə mətbuata Tayland milli parkının direktor müavini Adisorn Niçdamronq bildirib. Heyvanların qalıqları məbədin soyuducusunda tapılıb. "Wildlife Friends Foundation" nümayəndəsi Tam Teylorun sözlərinə görə, orada, həmçinin başqa heyvan növlərinin qalıqları da aşkar edilib. Heyvanların görüntüləri sosial şəbəkələrdə yayımlanıb.
Həftənin ilk günü təbiətin mühafizəsi üzrə mütəxəssislər pələngləri məbəddən çıxararaq Kançanaburi əyalətinə aparmağa başlayıblar. Bu gün isə 52 pələng onlar üçün salınmış xüsusi sığınacağa verilib. 85 pələng isə hələ də məbəddə saxlanılır. Pələng məbədi Taylandda turistlərin ən çox marağına səbəb olan yerlərdən biridir. Bura gələnlərə pul qarşılığında pələngləri yedizdirməyə və onlarla şəkil çəkidrməyə icazə verilir. Əslində isə məbədin bunun müqabilində turistlərdən pul götürməsi qadağan edilib.