Rəqəmlərdə qeyri-dəqiqlik var

Hesabat verməyən QHT-lərin sayını göstərən statistik rəqəm şişirdilib





Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası Maliyyə Nazirliyinə illik hesabatı verməyən QHT-lərin siyahısını açıqlayıb. Qurumun rəsmi saytında yerləşdirilən siyahıda 1600-dən çox QHT-nin adı qeyd olunub. Nazirlik maliyyə hesabatı verməyən təşkilatlara cərimə sanksiyası tətbiq edəcəyini açıqlayıb.

Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının sədri, tanınmış hüquqşünas Sahib Məmmədov deyir ki, qeyri-hökumət təşkilatlarının illik hesabatına QHT-lərə Yardım Şurası və bir neçə digər qurum kömək edir. Ancaq özəl təşkilatların əsas problemi Maliyyə Nazirliyi ilə bağlıdır: "Hesabatların qəbulu proseduru düzgün qurulmayıb. Nazirlik hesabatı qəbul edən xüsusi qeydiyyat şöbəsi yaratmalıdır. QHT-lər illik hesabatlarını qurumun qapısında dayanan polisə verirlər. Bu da özəl təşkilatların şikayətinə səbəb olur. Təşkilat rəhbərləri deyirlər ki, "biz hesabatı vermişik, amma siz itirmisiniz”. Bir çox QHT-lər isə başqa səbəblərdən illik hesabat vermirlər. Onların əksəriyyəti fəaliyyət göstərmir. Kiçik pul dövriyyəsi olan, ya da ümumiyyətlə maliyyəsi olmayan qurumlar isə nazirliyə hesabat verməkdə çətinlik çəkirlər”.

"Konstitusiya” Araşdırmalar Fondunun sədri Əliməmməd Nuriyev isə bildirir ki, hesabat verməyən QHT-lərin sayını göstərən statistik rəqəm şişirdilib. Aktiv QHT-lərin sayı 500-1000 arasıdır: "Açıqlanan rəqəmlərdə qeyri-dəqiqlik var. Qeydiyyatdan keçən QHT-lərin ümumi sayı 3000-dən çox deyil. Ancaq buna baxmayaraq, mənzərə ürəkaçan deyil. Bunun da bir sıra səbəbləri var. Birincisi, QHT-lər passivdir. Fəaliyyətsiz QHT-lər elə bilirlər ki, iş görmürlərsə, hesabat verməməlidir. Əgər işləmirsə, boş hesabat verməlidir. Başqa bir problem isə QHT-lərin Vergilər Nazirliyinin tələbi ilə Maliyyə Nazirliyini eyni saymasıdır. İkinci quruma mütləq mənada hesabat verilməlidir. Başqa tip QHT-lər isə hesab edir ki, qeydiyyatla bütün problemlər həll olunur. Xeyir, hər bir fəaliyyət və məsuliyyət qeydiyyata alınandan sonra başlayır. QHT-lər hesabat verməməyin necə bir məsuliyyət yaratdığının fərqində deyillər. Bu istiqamətdə onların arasında maarifləndirmə işlərinin aparılmasına böyük ehtiyac var”.

İsmayıl