Ərdoğan prezident seçilərsə, nə baş verəcək?

Türkiyənin gələcəyi ilə bağlı Azərbaycan siyasiləri fərqli düşünürlər




Türkiyədə keçirilən son bələdiyyə seçkilərindən sonra siyasilərin nəzərləri bu ilin avqust ayında keçiriləcək prezident seçkilərinə yönəlib. Gülənçilərlə ağır kompramat savaşının kölgəsi altında keçən bələdiyyə seçkilərində Ərdoğanın inamlı qələbəsindən sonra onun Türkiyənin yeni prezidenti olmaq şansı həddindən artıq güclənib. Hazırda Ərdoğanın prezidentliyinə qapı açması ilə bağlı səslənən fikirlər səngimək bilmir. Ərdoğan prezident olarsa, Türkiyədə və bölgədə vəziyyət necə dəyişəcək? Türkiyə regional gücə çevrilə biləcəkmi? Ərdoğan prezident olacağı təqdirdə Türkiyədəki vəziyyəti dəyərləndirən politoloqlar Ərdoğanın və Türkiyənin gələcəyindən heç də nikbin görünmürlər. "Xəzər” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Vəfa Quluzadə hesab edir ki, Ərdoğanın yürütdüyü siyasət demokratiyadan uzaqdı. Onun qənaətincə, Ərdoğanın nurçulara qarşı başlatdığı mübarizə Türkiyəni iki cəbhəyə parçalaya bilər: "Ərdoğan prezident seçkilərində qalib gəlsə, ölkədə bir müddət ona qarşı ciddi narazılıq olacaq. Xalq demokratiya, azadlıq istəyir, ancaq Ərdoğan buna meyilli deyil. Ərdoğanın prezidentliyə gəlişi AKP-lilər üçün yeni imkanlar yarada bilər. Ola bilsin ki, Ərdoğan və AKP belə düşünsün. Amma Türkiyə üçün bu belə deyil. Çünki Türkiyə artıq bölünmüş cəmiyyətdir. Bir tərəfdə hüquq-məhkəmə sistemini iflic edən Ərdoğan hökuməti var. Digər tərəfdə isə demokratiya və azadlıq tələb edən xalq dayanıb. Bu cür qarşıdurma şəraitində Ərdoğanın prezident olması Türkiyəni fəlakətli nəticələrə apara bilər. Bu, Türkiyəni qeyri-stabilliyə aparan bir addım olar. Ərdoğan prezident olsa, nurçularla mübarizə daha geniş vüsət alacaq və bu ölkəni daha çox parçalayacaq. Ümid edək ki, Türkiyədə qarşıdurmalar yaşanmasın. Nurçular ilə mübarizə isə düşünürəm ki, Ərdoğan prezident olsa, ilk işi onlarla mübarizəni kəskinləşdirmək olacaq”.

Millət vəkili Zahid Oruc tamam fərqli fikirdədir: "Qardaş ölkədə indiki sistem parlamentli respublika olduğundan idarəçilik əsasən hökumət üzərində qurulub və səlahiyyətlərin böyük əksəriyyəti də məhz bu qurumdadır. Ali icra hakimiyyəti orqanı kimi çıxış edir. Prezident isə çox məhdud səlahiyyətlərə sahibdir. Buna rəğmən prezident ölkənin mühüm simvollarından biridir və ölkəni təmsil edir. Uzun 10 illər ərzində də bunun kifayət qədər möhkəm ənənələri formalaşıb. Bir şeyi də nəzərə almalıyıq ki, son dərəcə mühüm dönəmlərdə hər kəsi saraya çağıraraq mühüm məsələləri tənzimləmək və fikirlər haçalanan məsələ ilə bağlı anlaşmaq imkanlarına malikdir. Bəzən bu məsələlər hüququn və konstitusiyanın müəyyənləşdirdiyindən daha yuxarı bir gerçəklik kimi qəbul olunur. Etiraf etməliyik ki, bəzən ənənələr qanunları ötüb, keçə də bilir. Bu da əslində çox yaxşı bir tendensiyadır. Bütün hallarda Türkiyə dövlətinin və dövlətçiliyinin xeyrinə işləyib və hazırkı dönəmdə Abdulla Gül həmin rolu çox uğurla ifadə eləməkdədir. O ki qaldı Rəcəb Tayyib Ərdoğana, etiraf etməliyik ki, Türkiyənin müasir tarixində kifayət qədər böyük xarizmaya və gücə malik olan çox mühüm bir avtoritetli şəxsiyyətdir. Sonuncu ifadədən məqsədli olaraq istifadə etdim. Bilirsiniz ki, Ərdoğanı gah sultanlıqda, gah da həddindən artıq güclü iradəyə sahib olduğu üçün demokratik normaları aşmaqda, özünə bərabər şəxsiyyət yetişdirməməkdə, Türkiyənin bəlli, ənənəvi quruluş və modellərindən kənara çıxmaqda, dini daha çox yuvarlamaqda və s. ittiham edirlər. Birmənalı şəkildə bu iddialarla razılaşmasam da, hər bir yanaşmanın da haqqı var”.

Ərdoğanın prezidentliyə namizəd olacağı təqdirdə onun reallaşmasının ikiəlli tərəfdarı olduğunu vurğulayan millət vəkili deyib ki, əgər seçkili imkanlara malik Türkiyə vətəndaşı olsaydı, məmnuniyyətlə ona səs verərdi: "Mənim aləmimdə Ərdoğan dönəmində Türkiyə sosial - iqtisadi və beynəlxalq münasibətlər sahəsində kifayət qədər güclü bir dövlətə çevrilib. Bələdiyyə seçkiləri fonunda artıq Ərdoğanın prezident seçkilərini udduğunu iddia etmək olar. Amma nəzərə alaq ki, bir saniyənin də öz hökmü var və prezident seçkilərinə qədər nələrsə dəyişə bilər. Adicə, baş nazirin

1915-ci il hadisələri ilə bağlı bəlli bəyanatını belə həzm edə bilməyən yüzminlərin olduğunu gördük. Halbuki həmin bəyanatda ermənilərin iddiasının birbaşa tanınması kimi bir hal yoxdur. Əks təqdirdə ermənilər həmin bəyanatı əlində bayraq edərək bu gün bayram edərdilər”.

Gələcək siyasi dönəmlərdə Ərdoğanın Türkiyə hakimiyyətində iştirakını faydalı hesab edən Z.Orucun qənaətincə, bu, Azərbaycanın da mənafelərinə uyğundur.

Şəymən