Rusiya ordusu һücuma hazırlaşır

Ukrayna antiterror əməliyyatını dayandırdı





Dünən Ukraynanın şərqində yerləşən Slavyansk şəhərində atışma başlayıb. APA-nın Rusiya saytlarına istinadən verdiyi məlumata görə, şəhərdə özünümüdafiə qüvvələrinin bir neçə postu atəşə tutulub.
Şəhərin kənarında döyüşlər gedir. Ölən və yaralananların olduğu bildirilir. Şəhərdə mobil rabitə işləmədiyindən orada baş verənlər barədə ziddiyyətli məlumatlar yayılıb.

Timoşenko separatçılarla görüşə getdi

Ukrayna prezidentliyinə namizəd, keçmiş baş nazir Yuliya Timoşenko Luqanskda Təhlükəsizlik Xidmətinin vilayət binasını ələ keçirən separatçılarla danışıqlar aparmaq niyyətindədir. Modern.az Ukrayna KİV-nə istinadən bildirir ki, "Batkivşina” partiyasının lideri bu məqsədlə dünən Luqanska gedib. Onun separatçılarla görüşə getdiyi bildirilir. Məqsəd Təhlükəsizlik Xidmətinin binasını zəbt edənlərin boşaltmasına nail olmaqdır. Qeyd edək ki, bundan əvvəl Timoşenko yubanmadan Luqansk vilayətində fövqəladə vəziyyət elan olunması təklifi ilə də çıxış edib.

"Terrorçular Donetsk bölgəsini girov götürüb”

Ukrayna parlamentinin sədri, ölkənin müvəqqəti prezidenti Aleksandr Turçinov bildirib ki, Ukraynanın şərqində antiterror əməliyyatlarını bərpa edilib.
O, vurğulayıb ki, Rusiya ölkənin şərqində terrorçuları dəstəkləyir və koordinasiya edir.
"Terrorçular Donetsk bölgəsini girov götürüb. Onlar çoxdandır insanlıq sərhədini aşıb. Silahlı cinayətkarlar hökumət binalarını ələ keçirir, ukraynalı və xarici jurnalistləri girov götürürlər. Ukrayna vətənsevərlərinə işgəncə verir, onları qətlə yetirirlər.
Gerçək təhlükəni və insanların müdafiəsinin vacib sayaraq, biz antiterror əməliyyatlarını bərpa etdik” - deyə, Turçinov "Rada” telekanalı ilə müraciətində bildirib.

Bu arada Rusiya prezidenti Vladimir Putin  bəyanatla çıxış edib.

"Əgər Kiyev doğrudan da Slavyanskda ordudan istifadə etməyə başlayıbsa, bu öz xalqına qarşı çox ciddi cinayətdir. Əgər Rusiya Krım əhalisinə kömək etməsəydi, orada vəziyyət indi Ukraynanın şərqindəkindən pis olardı. Ona görə də, bu, bir daha onu göstərir ki, biz hər şeyi düz və vaxtında etmişik”.
Putin həmçinin qeyd edib ki, Ukraynanın şərqində ordudan istifadə edilməsi nəticədə Ukrayna-Rusiya dövlətlərarası münasibətlərə mənfi təsir göstərəcək.
Dünən axşam saatlarında xəbər gəlib ki, Ukraynanın şərqində keçirilən antiterror əməliyyatı dayandırılıb. Buna səbəb sərhəd yaxınlığında Rusiya hərbi birləşmələrinin cəmlənməsidir.
APA-nın məlumatına görə, bu barədə "Ukrainskaya pravda” nəşrinin güc strukturlarındakı mənbələrə istinadən yaydığı xəbərdə deyilir.
Ukrayna kəşfiyyatının əldə etdiyi məlumatlara əsasən, Rusiya ordusunun Ukrayna ərazisinə daxil olacağı ehtimalı xeyli artıb.
Ukrayna güc strukturlarındakı mənbə həmçinin separatçıların panikada olduğunu bildirib.