Rauf Mirqədirovdan əvvəl Leyla Yunus tutulmalıydı

“Ayna” qəzetinin əməkdaşının ermənilərlə əlaqəsini Leyla və Arif Yunus yaradıb




Bir neçə gün öncə "Ayna” qəzetinin əməkdaşı Rauf Mirqədirov Türkiyədən deportasiya olunaraq, Azərbaycana göndərilib. Elə gəldiyi gün də, Azərbaycanın hüquq-mühafizə orqanları tərəfindən saxlanılan jurnalistə qarşı dövlətə xəyanət maddəsi ilə cinayət işi açıldı.

Baş Prokurorluğun jurnalistlə bağlı rəsmi açıqlamasında bildirilir ki, R.Mirqədirov Azərbaycanın suverenliyi, dövlət təhlükəsizliyi, ərazi toxunulmazlığı və müdafiə qabiliyyəti zərərinə olaraq 2008-ci ilin aprelindən etibarən Ermənistanın xüsusi xidmət orqanlarının əməkdaşları tərəfindən məxfi əməkdaşlığa cəlb edilərək onların tapşırıqları əsasında Azərbaycana qarşı düşmənçilik fəaliyyəti aparılmasında istifadə üçün ölkədəki ictimai-siyasi, hərbi sahədəki vəziyyət, həmçinin dövlət sirri təşkil edən digər məlumatları fotoşəkilllər və sxemlərlə birlikdə Ermənistan, Gürcüstan və Türkiyə ərazisində dəfələrlə görüşüb onlara verməsində əsaslı şübhələr olduğundan həmin faktla bağlı Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə cinayət işi başlanıb.

R.Mirqədirov aprelin 19-da qeyd edilən cinayəti törətməkdə şübhəli şəxs qismində tutularaq ona Cinayət Məcəlləsinin 274-cü maddəsində nəzərdə tutulan ittiham elan olunmaqla Nəsimi Rayon Məhkəməsinin qərarı ilə barəsində 3 ay müddətində həbs-qətimkan tədbiri seçilib.

Cinayət işi üzrə Baş Prokurorluğun və Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılıb və hazırda zəruri və təxirəsalınmaz istintaq tədbirləri davam etdirilir.

Qeyd edək ki, R.Mirqədirovun ermənilərlə işbirliyinin olması mülahizələrini, onun Türkiyədən dəfələrlə Ermənistana səfərlər etməsi, eyni zamanda erməni təşkilatlarının funksionerləri ilə İrəvanda və Tiflisdə görüşlər keçirməsi də ortaya qoyur.

Ermənistana səfərlərini, ermənilərlə bir çox müzakirələr apardığını heç jurnalistin özü də təkzib etmir.

Belə ki, hazırda MTN təcridxanasında saxlanılan R.Mirqədirov hüquq müdafiəçisi Elçin Behbudovla görüşüb və onunla söhbətində 10 dəfədən çox İrəvana getdiyini söyləyib.

Məsələnin maraqlı tərəfi isə ermənilərlə işbirliyində olan, hazırda Bakıda fəaliyyət göstərən "Sülh və Demokratiya” İnstitutunun rəhbəri Leyla Yunus və onun əri, konfliktoloq Arif Yunusun da R.Mirqədirov məsələsində adının keçməsidir. Belə ki, R.Mirqədirov Ermənistana səfərlərini, onlarla görüşlərini, işbirliyini təkbaşına etməyib.

Yenə də Mirqədirovun E.Behbudova danışdıqlarına baxmaq lazımdır.

E.Behbudov deyib ki, jurnalist İrəvana və Tiflisə səfərlərinin əsasən L.Yunusun rəhbəri olduğu təşkilatın xətti ilə həyata keçirib: "Bunu mənə jurnalistin özü dedi. Rauf mənə bildirdi ki, Ermənistanda dəfələrlə görüşlərdə, səfərlərdə olub. O, mənə bildirdi ki, həmin görüşlərdə SDİ rəhbəri Leyla Yunus, həmçinin politoloq Arif Yunus da iştirak ediblər. Bu, yoldaşlarını ələ vermək deyil. Rauf onların niyə həbs olunmadığını soruşmayıb. Sadəcə deyib ki, səfərlərdə bir neçə nəfər olublar. Rauf mənə dedi ki, niyə təkcə onu həbs ediblər, anlaya bilmir”.

Hadisələrin gedişi və açıqlamaların xarakteri göstərir ki, R.Mirqədirovun Ermənistana səfərləri və vətənə xəyanət kimi qiymətləndirilən əməllər törətməsi bilavasitə L.Yunus və onun həyat yoldaşı A.Yunusun təhrikiçiliyi və yaxından iştirakı ilə baş tutub.

Məsələ burasındadır ki, L.Yunus da R.Mirqədirovun SDİ-nin xətti ilə Ermənistana səfər etdiyini etiraf edib. Üstəlik, hadisələri qabaqlamaq məqsədilə deyib ki, "Rauf Mirqədirovu niyə tutublar, anlamıram. Gəlib məni həbs etsinlər”.

L.Yunus və onun həyat yoldaşının ermənilərlə işbirliyi, anti-Azərbaycan mövqeyi tutması bu gün heç kəsə sirr deyil.

1992-ci ildən üzü bu yana göstərdiyi fəaliyyətlə Azərbaycan dövlətinə qarşı mübarizə aparan, bu işdə xarici havadarlarından, xüsusilə də ermənilərdən dəstək alan, ermənilərlə işbirliyi qurmaqdan çəkinməyən SDİ rəhbəri bu gün də öz ampluasındadır. Həm "hüquq müdafiəçisi”, həm də QHT rəhbəri kimi anti-milli, anti-Azərbaycan mövqeyi ilə fərqlənən bu şəxs əslində belə fəaliyyəti ilə ermənilərə yaxşılıq edir. Onun istənilən fəaliyyətinin arxasında maddi maraqlar dayandığından ermənilər həmin faktordan geniş yararlanırlar.

Hətta bəzi iddialara görə, L.Yunus Qarabağ müharibəsi zamanı cəbhə bölgəsində lentə alınmış foto və video materialları düşmən ölkənin kəşfiyyatına ötürüb. Bunun müqabilində də o, külli miqdarda pul əldə edib.

Ermənipərəst hüquq müdafiəçisinin 1994-1995-ci illərdə təcavüzkar ölkənin milli təhlükəsizlik naziri ilə sıcaq münasibətləri olduğu, tərəflər arasında xüsusi münasibətlərin qurulduğu da məlumatlar sırasındadır.

Hətta Leyla və Arif Yunusların erməni dostları var ki, onların əksəriyyəti Ermənistanın kəşfiyyatçılarıdırlar. Məsələn, SDİ rəhbərinin bir erməni dostu var - Nikolas Danılasyan. Araşdırmalardan belə məlum olur ki, Nikolas erməni casusudur. O, ölkə ərazisində ABŞ-ın xüsusi kəşfiyyat orqanına işləyən və ölkə ərazisindən qovulan xaindir. O, Fransanın erməni lobbisi tərəfindən idarə olunan "Artelis Servis Limited” və "Hayqrov Konstaltinq Servis Limited” qeyri-hökumət təşkilatlarının əməkdaşları Laura Qumaşyan və Tomas Ledikalsın sifarişləri əsasında davamlı şəkildə Azərbaycandan bilavasitə casus materialları yayıb.

Məhz bu cür faktlar sübut edir ki, nə L.Yunusda, nə də onun əri A.Yunusda milli təəssübkeşlik, milli mənafe, milli maraq prinsipləri haqqında təsəvvür var. SDİ rəhbəri bununla yanaşı bəzən bilərəkdən, Azərbaycanın milli maraqlarını təhlükə altına qoyacaq addımlar atır, erməni dostlarına məlumatlar ötürür. Son olay da onu göstərir ki, L.Yunus da dövlətə xəyanət edən bir şəxsdir. O mənada ki, həbs

olunan R.Mirqədirov Ermənistana səfərlərini, ermənilərlə görüşlərini məhz L.Yunusun təşkilatının xətti ilə həyata keçirib.

Bütün bunlar Leyla və Arif Yunusun da istintaqa cəlb olunacağı ehtimalını yaradır. Bu ehtimalla bağlı Baş Prokurorluq öz münasibətini sərgiləyib. Qurumun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov "modern.az”-ın sorğusunu belə cavablandırıb: "Qeyd edilən cinayət işi üzrə istintaq məlumatlarının yayılması ibtidai araşdırmanın maraqlarına zidd olduğundan, eyni zamanda həmin informasiyalar istintaq sirri təşkil etdiyindən sorğunuzun cavablandırılması cinayət-prosessual qanunvericiliyin tələblərinə əsasən yolverilməzdir”. Bu açıqlama müəyyən mülahizələr yürütmək imkanı versə də, hələlik istintaqın gedişini, toplanan dəlil-sübutların açıqlanmasını gözləmək lazımdır.

Amma Leyla və Arif Yunusların fəaliyyəti, ermənilərlə qohumluq əlaqələri, düşmən ölkə ilə sıx təmasları onu deməyə əsas verir ki, R.Mirqədirovun həbsi ilə başlanan bu proses onları da əhatə edəcək.

Anar Bayramoğlu