Ziya Məmmədovun “qoçuları” bir nəfərə də xəsarət yetirdi

“Müfəttiş kimdir ki, oturub maşına sürücüyə zor tətbiq etsin?”




Ziya Məmmədovun "qoçuları” daha bir insanı bədbəxt elədi. Nəqliyyat müfəttişlərinin özbaşınalığı ucbatından taksi sürücüsü Vüsal Həsənov ağır bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Binəqədi Rayon Polis İdarəsinin məlumatından məlum olur ki, hadisə srağagün axşam saatlarında Beynəlxalq Avtovağzal kompleksinin yaxınlığında baş verib. Ərazidə "ənənəvi” reyd keçirən nəqliyyat müfəttişləri V.Həsənovun idarə etdiyi avtomobili saxlayıblar.

V.Həsənov isə guya ki, qaçmaq istəyib və bu zaman körpünün pilləkənlərindən yıxılıb. Taksi sürücüsünün atası isə tamam başqa ifadə verib. Ata oğlunun taksi fəaliyyəti ilə məşğul olmadığını, Heydər Əliyev adına Dərin Özüllər Zavodunda sürücü işlədiyini deyib. Atanın sözlərinə görə, nəqliyyat müfəttişləri Vüsalın avtomobilini saxlatdırıb onları Xırdalana aparmasını xahiş ediblər. Avtomobilə əyləşdikdən sonra isə maşının açarlarını çıxarıb, oğlunu da döyüblər. Nəqliyyat Nazirliyinin Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin səlahiyyətli nümayəndəsi Əmrah Cəfərov da fərqli açıqlama verib və deyib ki, V.Həsənov və yanında olan şəxslər müfəttişlərə hücum çəkib, onların xidməti avtomobilinə zərər vurublar, üstəlik, müfəttişləri təqib etməyə başlayıblar və bu zaman V.Həsənov pilləkəndən yıxılıb.

Maraqlıdır. Adətən müfəttişlər sürücüləri təqib edir, döyür. "Qoçu” adı onlara elə-belə, söz xətrinə verilməyib ki! Əməllərinə uyğun olaraq bu statusu alıblar. Amma verilən açıqlamalara inansaq, bunlar fağır müfəttişlərmiş, hətta o dərəcədə ki, bu dəfə əksinə olub; sürücü müfəttişi təqib etməyə başlayıb (?!). Bu lap siçan-pişik oyununa bənzədi. Bu cəfəngiyyata inanan tapılar yəni?

Bəlkə də yenə nəqliyyat müfəttişləri sudan quru çıxacaqlar. Günahkar sürücü elan ediləcək.

Amma bu ölkədə qanunlar da var. Və bu qanunlar nəqliyyat müfəttişlərinə sürücüləri təqib etmək hüququ vermir.

Bu barədə "Şərq”ə danışan nəqliyyat problemləri üzrə ekspert, hüquqşünas Ərşad Hüseynov qeyd etdi ki, nəqliyyat müfəttişlərinin vətəndaşın avtomobilinin açarlarını çıxarmağa, əsl kimliyini gizlədərək hər hansı bir şəxsin avtomoblinə əyləşməyə hüququ çatmır. Qanunvericiliklə bu, qadağandır:

- Nəqliyyat müfəttişləri MTN əməkdaşlarıdır, MTN zabitləridir, polisdir, əməliyyat-axtarış işçiləridir ki, gizlincə vətəndaşların avtomobilinə əyləşir? Onlara bu "hüququ” kim verir? "Əməliyyat-axtarış fəaliyyəti haqqında” qanun var və orada aydın göstərilib ki, yalnız MTN və DİN orqanları bu fəaliyyətlə məşğul ola bilər. Digər orqanlarsa öz sahələri üzrə bu fəaliyyətlə məşğul ola bilər. Məsələn, korrupsiya faktı üzrə prokurorluq, gömrüklə bağlı Gömrük İdarəsi və s. Hətta sizə deyim ki, Avropa Məhkəməsinin vətəndaşın aldadılaraq ifşa edilməsinə görə, cinayətkara bəraət tələb etdiyi hal da olub. Rusiyanın FXB əməkdaşları kimliklərini gizlədərək özlərini narkotik alverçisi kimi təqdim edib bir şəxsdən narkotik maddə alıblar və nəticədə narkotik alverçilərini ələ keçiriblər. Təsəvvür edin ki, bu iş Avropa Məhkəməsinə qədər gedib çıxdı və AM vətəndaşın təxribata cəlb olunduğunu əsas gətirərək ona bəraət tələb etdi. Bu nümunəni ona görə çəkdim ki, əgər əlaqədar qurumların xüsusi qaydada əməliyyat-axtarış tədbirləri həyata keçirməsi xaricində, digər strukturların əməkdaşlarının vətəndaşları aldadaraq "ifşa etməsi” qanunla qadağandır. Amma nəqliyyat müfəttişləri bu cür hərəkətlər etməyə alışıb artıq. V.Həsənovun başına gələn hadisə birinci deyil. Dəfələrlə belə hadisələrin şahidi olmuşuq ki, nəqliyyat müfəttişləri avtomobilləri yolda saxlayır, guya harasa səfər edirlər deyə, avtomobilə əyləşir, sonra isə sürücüyə zor tətbiq edirlər. Avtomobilin açarlarını götürürlər, sürücüləri təqib edirlər, fiziki zor tətbiq edirlər. Nəqliyyat müfəttişləri kimdir ki, otursun maşına, sonra vəsiqə çıxarsın ki, mən müfəttişəm?! Onlar dərhal həbs edilməlidir. Çünki ölkə qanunvericiliyini pozublar. Heç bir qanun onlara bu ixtiyarı vermir. Lap tutalım mən Ərşad Hüseynov öz avtomobilimdə adam daşıyıram. Bəlkə bu adamlar mənim dostlarımdı, qohumumdu. Nəqliyyat müfəttişinin mənə yaxınlaşmağa ixtiyarı yoxdur. Nəqliyyat müfəttişi məgər adam ovlayandı? Ona bu səlahiyyəti hansı qanun verir? "Yol hərəkəti haqqında” qanunda heç bir yerdə yazılmayıb ki, nəqliyyat müfəttişləri sürücünü saxlayıb sənədləri tələb edə bilər. Belə maddə yoxdur. Nəqliyyat müfəttişinin sürücünü saxlayıb ondan hər hansı sənəd tələb etmək, avtomobili cərimə meydançasına aparmaq hüququ da yoxdur. Sadəcə, Nəqliyyat Nazirliyinin tabeliyində yükdaşıma və sərnişindaşımaya nəzarət edən qurum var. Bu qurum kommersiya məqsədli yükdaşımalarla bağlı qanunun hər hansı tələbi pozulduğu halda müdaxilə edə bilər və yaxud da sərnişindaşımada qaydalar pozulubsa. Yəni, Nəqliyyat Müfəttişliyinin nəzarət obyekti kommersiya xarakterli yükdaşıma və sərnişindaşımada iştirak edən nəqliyyat vasitələridir. O nəqliyyat vasitələridir ki, onların fərqlənmə nişanları var. Yəni, ictimai nəqliyyat, avtobuslar, taksilər, yük maşınları.

Amma burada da qanun müfəttişlərə avtomobil hərəkətdə ikən onu saxlatdırmağa, sürücüdən sənədləri tələb etməyə hüquq vermir. Nəqliyyat müfəttişi qanun pozuntusu ilə bağlı sənədləşməni sonuncu dayanacaqda icra etməlidir. Müfəttişin sərnişin avtobusunu yolun ortasında saxlayıb, sürücü ilə "çənə-boğaz” olmaq hüququ yoxdur. Nəqliyyat müfəttişi sürücüyə yalnız ondan müvafiq sənədinin - sərnişindaşıma üçün müvafiq lisenziyasının olub-olmadığını yoxlamaq məqsədilə yaxınlaşa bilər. Bu halda müfəttiş ilk növbədə özünü təqdim etməli, sənədini göstərməlidir. Sonra sürücüdən sənəd göstərməsini xahiş etməlidir. Sürücü sənəd göstərməkdən imtina edirsə, nəqliyyat müfəttişi bu haqda sadəcə protokol tərtib edib post-patrul xidmətinə məlumat verməlidir. Avtomobili dayandırmaq artıq post-patrul xidməti əməkdaşının vəzifəsidir. Sürücü yol polisinin əmrinə tabe olmursa, bunun ayrıca cəriməsi var. Bunların heç biri nəqliyyat müfəttişinin işinə aid deyil.

Vətəndaşa hücum etmək, avtomobilin açarlarını götürmək, sənədləri almaq cinayət əməlidir. Təəssüf ki, nəqliyyat müfəttişləri özləri qanunun tələblərini pozduqları, cinayət əməli törətdikləri halda, sürücüləri günahkar çıxarırlar. Kimə arxayındırlar, kimə güvənirlər, bunu da hamı bilir. "Suyun qarşısını kəsən əjdaha”nın kimliyi məlumdur. Hətta dövlət televiziyası, özəl telekanallar da nəqliyyat müfəttişlərinin özbaşınalığından dəfələrlə süjetlər hazırlayıb efirə veriblər. Amma bu müfəttişlər yenə öz bildiklərini edir.

Məlahət Rzayeva