Tələbə bir gün rektor olur, hamı alqışlayır

Hətta bu layihənin orta məktəblərdə tətbiq olunmasını arzulayanlar da var




Azərbaycan Dövlət İqtisad Universitetində "Tələbə rektor” adlanan yeni layihəyə başlanılıb. Layihə çərçivəsində səsvermə yolu ilə seçilmiş tələbə bir iş günü ərzində ADİU-nun rektoru ilə birgə onun fəaliyyətini icra edəcək. Universitetin Tələbə Həmkarlar İttifaqı Komitəsinin ümumi yığıncağında tələbələrə layihə haqda məlumat verilib. "Tələbə rektor” vəzifəsinə beş namizəd seçilib. Sabahdan etibarən rektorun və "tələbə rektor”un birgə iş günü təşkil olunacaq. İş günü ərzində bütün məsələlər birgə müzakirə olunacaq və müvafiq qərarlar birgə qəbul ediləcək.

Layihənin digər ali təhsil ocaqlarında gerçəkləşməsi, bunun verə biləcəyi effekt barədə Universitetlərin mətbuat xidmətlərinin rəhbərləri və tələbə jurnalistlər arasında sorğu keçirdik.

Layihəni müsbət dəyərləndirən Bakı Dövlət Universitetinin Mətbuat Xidmətinin rəhbəri Pərvanə İbrahimova ADİU-ya uğurlar arzuladı: "Yanılmıramsa, Slavyan Universitetində də gerçəkləşdirilib. Effektiv olacağını düşünürəm”.

Bunun böyük addım olduğunu söyləyən ADİU-nun magistrantı Pərvin Mənsurov təşəbbüsü təqdirəlayiq sayır: "Çox sevindirici haldır. Qiymətləndirirəm və alqışlayıram. Fikrimcə, bu cür layihələrin bütün tədris müəssisələrində mütəmadi olaraq keçirilməsinə ehtiyac duyulur. Layihə Azərbaycanın fəal və bilikli gənclərinin idarəetmə bacarıqlarının aşkara çıxarılmasında mühüm rol oynaya bilər. Tələbə ikən idarəetmə prosesi ilə tanış olmaq, prosesin bilavasitə iştirakçısına

çevrilmək hər birimizdə özünə güvənin formalaşmasına böyük təkan verəcək. Bu sahədə bilik və təcrübələrimizin daha da təkmilləşdirilməsinə yol açacaq. Gənclərin bir şəxsiyyət və rəhbər kimi formalaşmasına gətirib çıxaracaq. Müstəqil həyata yeni qədəm qoyan gənclərin indidən öz karyeralarını qurmasına köməklik göstərəcək”.

Fəaliyyətini dayandıran Azərbaycan Beynəlxalq Universitetinin məzunu olmuş, jurnalist Mənsur Rəğbətoğlu bunun yaxşı praktika olmasını diqqətə çatdırıb: "Azərbaycan üçün yenilikdir. Tələbələrdə idarəçilik keyfiyyətinin yüksəldilməsi üçün pis addım deyil. Lakin bunun üçün adıçəkilən universitetdə lazımi şərait yaradılsa, lap yaxşı olardı. Səthi yanaşılacaqsa və heç bir nəticəsi olmayacaqsa, lazım deyil. Arzuolunan effekt versə, digər universitetlərdə də tətbiq olunması vacibdir. Ənənə şəklini almalıdır. Hətta bunu orta məktəb müstəvisinə də çıxarmaq olar”.

BDU-nun tələbəsi, jurnalist Mübariz Bayramov məsələnin müsbət və mənfi tərəflərinin olduğunu düşünür: "Müsbət tərəfi odur ki, gənc tələbə təbəqəsi idarəçiliyin nə qədər məsuliyyətli olmasını anlayır. Bu da onların gələcək əmək fəaliyyətinə praktiki yardımdır. Bundan sui-istifadə edən tələbələr də olur. Tam idarəçilik onsuz tələbələrin ixtiyarına verilə bilməz. Çünki həmin gün hansısa cinayət və bu kimi hadisələr baş verərsə, aidiyyəti vəzifəni icra edən tələbə gərək məsuliyyətə cəlb olunsun. Bir gün idarəçiliyin qismən tələbələrə verilməsi praktikası bütün ali məktəblərdə, hətta orta məktəblərdə də tətbiq edilməsi nəticə etibarı ilə mənfi tərəflərindən çox müsbət tərəfləri var”.

Şairə, yazar Aynur Nurlu hesab edir ki, tələbələr praktikalarını normal icra etməlidirlər: "Praktikaya gedən tələbələrə müəllimlər mane olurlar. Nəticədə küt kadr yetişir. Onsuz da praktik olaraq onlar 1 ay ərzində müəyyən təcrübə toplayırlar. İdarəçiliklə bağlı 1 günə təcrübə əldə etmək mümkün deyil. Bu gülüncdür”.

Azərbaycan Dillər Universitetinin 3-cü kurs tələbəsi Qurban Omarov sorğumuzu belə cavablanıdırıb: "Məsələdən xəbərdaram. İlk növbədə "tələbə, rektor” seçimi şəffaf olmalıdır. Buna fikir vermək lazımdı. Digər tərəfdən zənn edirəm ki, bundan böyük nəticə gözləmək sadəlövhlük olar. Ali təhsil müəssisələri pedaqoji təcrübə ilə bağlı nöqsanları aradan qaldırmaqla məşğul olmalıdırlar. Tələbə özündə yaranmış daxili ziddiyyəti məhz pedaqoji təcrübə zamanı aradan qaldırır. Daxili ziddiyyət çözüldükdə tələbə özünü gerçəkləşdirə bilir. Praktik təcrübənin səviyyəsi sıfırın altındadırsa, o tələbəyə idarəçiliyin aşılanması uğursuz olacaq. Bir gün ərzində idarəçiliklə bağlı nə öyrənmək olar ki? Tələbə rektorun funksiyasını necə həyata keçirə bilər? Daha doğrusu onun funksiyası nədən ibarət olacaq? Layihəni uğursuz sayıram. Vaxt itkisinədən başqa bir şey deyil”.

Təfəkkür Universitetinin məzunu Məhbubə Uğursoy deyib ki, layihənin təhsil aldığı müəssisədə tətbiqi mümkünsüzdür: "Ola bilsin ki, başqa universitetlərdə mümkün olsun. Məncə, yaxşı addımdır”.

Fransanın Rems Universitetinin azərbaycanlı magistrantı Səid Musayevin qənaətincə, tələbələr rektor olmazdan öncə, savadlı, yaradıcı və vaxtlarını düzgün bölüşdürmə baxımından idarə edən olmalıdırlar: "Rektorluq böyük məsuliyyətdir. Tələbələr rektorla intensiv ünsiyyətdə olub böyük təşəbbüslərini həyata keçirə bilmək üçün rəqabətdə olmalıdırlar. Bu halda gənclər ölkəmizin təhsilinə böyük töhfə vermiş olarlar”.

Tələbə, jurnalist Toğrul Vəlibəyli sorğumuzu bir cümlə ilə dəyərləndirib: "Bütün universitetlərdə bu cür layihələrin keçirilməsi zəruridir”.

Jurnalist Rüfət Soltan düşüncələrini belə izah edib: "Maraqlıdır, çünki 5 ildir tələbəyəm və ilk dəfədir belə bir layihəyə rast gəlirəm. Bunun səmərəli olacağına dair nəsə söyləmək çətindir. Layihənin həyata keçirilməsi ictimai marağa səbəb olmaqla yanaşı, tələbə gənclərin ictimai fəallıq gücünü artırır. Bu isə idarəçilik qabiliyyətinin fomalaşmasından daha önəmli və vacibdir”.

Bunun BSU-da çoxdan tətbiq edildiyini söyləyən Azərbaycan Dövlət Neft Akademiyasının tələbəsi Əli Cəfərov qeyd edib ki, bu "1 günlük xəlifə günü” adlanır: "Yaxşı ideyadı. Mənə şans verilsə ki, təhsili istədiyin kimi apar. Yeni model kimi demokratik variantı seçərdim. Həmin gün dərs o cür

idarə olunardı. ADİU-da bunun nəticə verəcəyinə inamıram . Ola bilsin ki, bir gün ərzində rüşvəti necə yığmaq barədə nələrsə öyrədiləcək”.

ADİU-nin keçmiş məzunu Aqil İbrahimov layihəni dəstəklədiyini deyib. Onun sözlərinə görə, ixtisası idarəetmə olan gənclərimizin özünü göstərməsi üçün unikal fürsətdi. BDU-nun məzunu, jurnalist Ramil Əhməd bunları deyib: "Layihənin tələbələrə idarəçilik qabiliyyətini aşılayacağını zənn etmirəm. Bu, formal bir şeydir”.

Ayyət Əhməd