Aprelin 24-də Praqada dövlət və hökumət başçılarının iştirakı ilə "Şərq tərəfdaşlığı” proqramının 5 illiyinə həsr olunan sammit keçirilib.
Zirvə görüşünün plenar iclasında iştirak edən Ermənistan prezidenti Serj Sarkisyan öz çıxışını bütünlükdə qondarma erməni soyqırımı ilə bağlı mülahizələrə həsr edib. Türkiyənin sammitdə təmsil olunmamasından sui-istifadə edən Ermənistan prezidenti bununla da plenar iclasın mövzusundan tamamilə kənara çıxaraq qondarma soyqırım məsələsini qabardıb və Türkiyəni əsas tənqid hədəfi kimi seçib.
Serj Sarkisyan bir tərəfdən Türkiyəni konstruktiv mövqe tutmamaqda, digər tərəfdən isə Ermənistanla sərhədlərini açmamaqda əsassız olaraq ittiham edib və bu ölkənin Avropa İttifaqına üzvlüyünün yolverilməz olduğunu deyib. Ermənistan prezidenti çıxışında hər cəhdlə inandırmağa çalışıb ki, Avropa ictimaiyyəti uydurma soyqırımla bağlı daha təsirli mövqe tutmalıdır.
Sarkisyanın fürsətdən sui-istifadə edib "soyqırım” sərsəmləmələrinə isə sammitdə iştirak edən Azərbaycan Prezidenti İlham Əliyev layiqli cavab verib. İlham Əliyev plenar iclasda çıxış edərək söyləyib ki, Ermənistan prezidentinin söylədikləri həqiqətə uyğun deyil: "Bu gün təəssüf ki, Ermənistan prezidenti burada fürsətdən istifadə edərək Türkiyəyə yenidən hücum edir. Bunu etmək asandır, çünki bu masa arxasında Türkiyə nümayəndələri yoxdur. Ancaq mən buradayam və cavab verəcəm. Türkiyə-Ermənistan sərhədinin niyə bağlı olduğunu deyə bilərəm. Türkiyə ilə Ermənistan sərhədi Azərbaycanın Kəlbəcər rayonunun 1993-cü ilin aprelində işğalından sonra bağlanıb. Bundan əvvəl isə bütün azərbaycanlılar Dağlıq Qarabağdan qovulub. Dağlıq Qarabağ əhalisinin 30 faizi azərbaycanlılar idi. Kəlbəcərdən əvvəl 1992-ci ildə ermənilər Şuşanı və Laçını işğal etdilər. Daha sonra Ağdam, Füzuli, Zəngilan, Qubadlı, Cəbrayıl - Dağlıq Qarabağın inzibati sərhədlərindən kənarda olan, ümumilikdə Azərbaycanın 7 rayonunu işğal etdilər ki, bu da Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazisinin 20 faizini təşkil edir. Bizim əhali etnik təmizləməyə məruz qalıb və bu işğal BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi, Avropa Parlamentinin qətnaməsi və Avropa Şurası Parlament Assambleyasının qətnaməsinə baxmayaraq, bugünədək davam edir. Ermənistan bu qətnamələrə məhəl qoymur və nə tarixən, nə də beynəlxalq hüququn normalarına əsasən onlara aid olmayan ərazinin işğalını davam etdirir. Eyni zamanda, onlar Azərbaycanı qeyri-konstruktiv yanaşmada günahlandırmaqda davam edirlər. Bizim torpaqlarımız işğal altındadır. Helsinki Yekun Aktında ərazi bütövlüyü və öz müqəddəratını təyinetmə prinsipləri çox aydın əks olunub. Öz müqəddəratını təyinetmə ölkələrin ərazi bütövlüyünün pozulması hesabına əldə olunmamalıdır. Üstəgəl, ermənilər artıq öz müqəddəratını təyin ediblər, onların müstəqil Ermənistan dövləti var.
Təsəvvür edin, əgər ermənilər hər yaşadıqları yerdə öz müqəddəratını təyin etməyi davam etdirsələr, nə baş verər. Onlar burada - Çex Respublikasında, Gürcüstanda, Rusiyada, Amerikada, yaşadıqları istənilən yerdə eyni yanaşma göstərə bilərlər. Onların öz dövləti var, onlar öz müqəddəratını təyin edib. Münaqişənin tez bir zamanda həlli Azərbaycanın marağındadır. Mən əminəm ki, bu, həmçinin Ermənistan xalqının marağındadır, Cənubi Qafqazda əməkdaşlıq baxımından da maraq dairəsindədir”. Çıxışını davam etdirən Azərbaycan Prezidenti vurğulayıb: "Türkiyə-Ermənistan əlaqələrinə gəldikdə, baş nazir Ərdoğan bir neçə il öncə bəyanatla çıxış edərək Ermənistanın rəhbərliyinə bütün arxivləri açmağı təklif etmişdi ki, tarixçilər iki xalq arasındakı münasibətlərin tarixi məqamlarını nəzərdən keçirsinlər. Ancaq bu təklif adekvat cavabla qarşılanmadı. Dünən isə baş nazir Ərdoğan erməni əsilli insanlara başsağlığı verdi. Ancaq təəssüf ki, buna da Ermənistan tərəfindən müvafiq reaksiya verilmədi. Baxmayaraq mən bilirəm ki, Birləşmiş Ştatlar və Avropa İttifaqı Türkiyə baş nazirinin mövqeyini yüksək qiymətləndirdilər, görünür, bu, Ermənistan
hökuməti üçün kifayət deyil. Bu, aydın göstərir ki, regionda sülh istəməyən kimdir. Biz sülh istəyirik, biz ərazilərimizin geri qaytarılmasını istəyirik. Ermənistan Azərbaycanın işğal olunmuş ərazilərindən öz qoşunlarını çıxarmağa başlamalıdır. Bunu etmək çox asandır. Yalnız Ermənistan tərəfindən siyasi iradə olmalıdır. Nəhayət, sonuncu məsələ, Azərbaycan xalqı bir sual verir: - Niyə Ermənistana sanksiyalar tətbiq olunmur? Niyə Avropa Şurasındakı Ermənistan nümayəndə heyəti səsvermə və söz hüququndan məhrum edilmir? Onlar digər bir ölkənin ərazilərini işğal ediblər, beynəlxalq hüquq normalarını pozurlar, BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsini kobud şəkildə pozurlar və heç bir sanksiya tətbiq edilmir, heç bir cəza verilmir. Qanunsuz, kriminal Dağlıq Qarabağ rejiminin qondarma nümayəndələri Avropa paytaxtlarına vizalar alırlar. Bu, dözülməzdir və buna son qoyulmalıdır”.
Ölkə başçısı İlham Əliyevin Praqada işğalçı Ermənistan prezidentinə sərt cavabını Azərbaycan xalqı, ictimaiyyət yüksək qiymətləndirir. İctimai xadimlər bildirir ki, Prezident İlham Əliyevin Sarkisyana cavabı yerində verməsi fəxr hissi yaradır.
Eləcə də Türkiyə ictimaiyyəti Azərbaycan Prezidentinin sammitdəki çıxışını alqışlayır. Türkiyə mətbuatının demək olar ki, əksəriyyətinin İ.Əliyevin bu çıxışına manşetlərdə yer verməsi, oradakı ictimai şəxslərin şərhləri də bunu deməyə əsas verir.
"Prezident bir daha qətiyyət nümayiş etdirərək göstərdi ki, Azərbaycan erməni yalanlarını hər zaman ifşa edir və onların yayılmasının qarşısını almaqda ön cəbhədə dayanıb”.
Bunu Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı Prezidentin Praqa çıxışına münasibət bildirərkən deyib. YAP rəsmisi bildirib ki, erməni tərəfi beynəlxlaq tədbirlərdə fürsətdən yararlanaraq uydurma erməni soyqırımı haqqında məlumatları yaymağa çalışır: "Bu, ideoloji mübarizədir, təbliğat müharibəsidir. Aydındır ki, "Şərq tərəfdaşlığı” toplantısında Türkiyə əleyhinə fikir səsləndirəndə də, erməni tərəfi buradan bir təbliğat tribunası kimi istifadə etməyə, öz yalanlarını yaymağa çalışıb. Biz Türkiyə ilə müttəfiq, dost ölkəyik, eyni zamanda ermənilərin qondarma soyqırımı haqqında əfsanələrinin mahiyyət və mənası bizə daha aydındır. Çünki onlar 20 ilə yaxındır ki, bizim torpaqlarımızı işğal ediblər. Xocalıda soyqırım törədiblər”. Deputat vurğulayıb ki, Prezidentin bu çıxışı həm Türkiyə, həm də Azərbaycan mətbuatında geniş yer alıb və ictimaiyyət sosial şəbəkələrdə birmənalı şəkildə prezidentin bu çıxışını alqışlayır”.
"Şərq tərəfdaşlığı” sammitində iştirakçı olan iqtisadçı Vüqar Bayramov isə ölkə başçısının bu çıxışından fəxarət hissi duyduğunu söyləyib. O bildirib ki, Ermənistan prezidenti çıxışını Türkiyənin ittihamına ünvanlanan qondarma erməni soyqırımı üzərində qurub: "Halbuki nə Türkiyənin coğrafi baxımdan "Şərq tərəfdaşlığı” Proqramına aidiyyəti var, nə də qondarma soyqırım nə zamansa sözügedən proqramın gündəliyində olub. Azərbaycan Prezidenti İlham Əliyevin isə "Türkiyə tədbirə qatılmasa da, mən burdayam” deyərək, Ermənistan dövlət başçısına sərt cavab verməsi nəinki qürurverici, hətta bir neçə gün öncə ermənilərə baş sağlığı verən qardaş ölkə olan Türkiyə üçün də az əhəmiyyətli deyil. Mən şəxsən ölkə başçısının sammitdə çıxışından fəxarət hissi keçirdim. Prezident Sarkisyanın layiqli cavabını verdi. Bunu ancaq alqışlamaq lazımdır”.
Politoloq Qabil Hüseynli də hesab edir ki, Prezident İlham Əliyevin Sarkisyana yerindəcə cavab verməsi təqdirəlayiqdir: "Aydındır ki, ermənilər hər fürsətdən yararlanmağa çalışırlar. Görünür, işğalçı ölkənin prezidenti olan Sarkisyan da sammitdə ona verilən tribunadan istifadə edərək "soyqırım” nağılından danışmağa cəhd edib. Görünür, o unudub ki, qarşısında haqlı tərəf olan Azərbaycan prezidenti var. Möhtərəm İlham Əliyevin ona layiqli cavabı, həqiqətlərdən danışması, ermənilərin hansı xislətli olduğunu orada iştirak edən dövlətlərin nümayəndələrinə çatdırması yəqin ki, Sarkisyanı pəjmürdə etdi. Amma Azərbaycan Prezidenti həqiqətləri söylədi. Prezidentin bu çıxışı Azərbaycan və Türkiyə ictimaiyyəti tərəfindən ancaq alqışlanmalıdır. Mən müşahidələr apardım, görünən odur ki, Azərbaycan xalqı da, Türkiyə cəmiyyəti də İlham Əliyev cənablarının bu çıxışını yüksək dəyərləndirir”.
Anar Bayramoğlu