Sarkisyan Ramil Səfərovu terrorla təhdid edir

Ramil Səfərov: “Mən hazırda xidmət yerindəyəm və gündəlik işimizlə məşğuluq”
Zahid Oruc: “Faktiki olaraq Sarkisyan özünü rüsvay edir, xəbəri yoxdur”

Qondarma erməni soyqırımı ərəfəsində şüvən salan ermənilər, bu dəfə azərbaycanlı zabit Ramil Səfərovu da "unutmayıblar”. Ermənistanda qondarma erməni soyqırımı ilə bağlı keçirilən tədbirlərin gedişində mənfur düşmənlərimiz ənənələrinə sadiq qalaraq, Azərbaycanın arxasından "hürüblər”.

Ramil Səfərovun onlar üzərində mənəvi, psixoloji, ən əsası isə fiziki qalibiyyətini həzm edə bilməyən ermənilər zabitimizin ünvanına təhdidlər yağdırıblar. Erməni yazar Aykazn Qaqriyan qondarma erməni soyqırımı ilə bağlı yazısında "Serj Sarkisyanın Qorik Akopyana xüsusi tapşırıq verməsinə baxmayaraq o, hələ də sağdır” qeydini edib. Görünən budur ki, Ermənistan rəhbərliyi Azərbaycan bayrağını təhqir etdiyi üçün Macarıstanda R.Səfərov tərəfindən cavabı verilmiş Qurgen Markaryanın qisasını almaq niyyətindən əl çəkməyib. Yazıda açıq-aydın terrora çağırış edən erməni yazar: "Türkiyə bayrağı yandırılıb. Onunla yanaşı, böyük pullar hesabına Ramil Səfərovu Bakıya ekstradisiya edən Macarıstanın da bayrağı yandırılıb. Məlum olub ki, bu əməliyyatda Rusiya da iştirak edib. Amma nədənsə, Rusiyanın bayrağı yandırılmayıb. Ramil Səfərovu qəhrəmanlaşdırıblar, bu günə qədər də sağ və salamatdır. Baxmayaraq ki, Serj Sarkisyan Qorik Akopyana (Ermənistan Respublikasının milli təhlükəsizlik xidmətinin direktoru - red.) "xüsusi tapşırıq” verib”, deyə qeyd edib.

Jurnalistin yazdığından aydın olur ki, Ermənistan prezidenti açıq-aydın şəkildə Azərbaycan zabitinə qarşı terror aktı həyata keçirmək tapşırığı verib.

Ermənilərin təhdid və hədə-qorxularına məhəl qoymayan Ramil Səfərov isə Silahlı Qüvvələrin zabiti, Azərbaycan vətəndaşı kimi ermənilərin bu cür sayıqlamalarına ümumiyyətlə fikir vermədiyini bildirib.

Silahlı Qüvvələrimizdə xidmətini davam etdirən Ramil Səfərov Musavat.coma açıqlamasında bunları deyib: 
"Açığı, belə qeyri-ciddi bir məsələyə mən heç bir şərh vermək istəməzdim. Mən əvvəllər də, indi də özümə qarşı erməni tərəfinin səsləndirdiyi hədə-qorxu dolu fikirləri çox eşitmişəm. Mən hazırda xidmət yerindəyəm və gündəlik fəaliyyətlərimizlə məşğuluq. Bir daha bildirirəm ki, bu cür absurd çağırışları ciddi qəbul etmək fikrim yoxdur və mətbuat işçilərini də buna səsləyirəm”.

Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü, millət vəkili Zahid Oruc da Ramil Səfərovun vəzifə başında olduğunu və həyatı üçün heç bir təhlükə olmadığını vurğulayıb
Millət vəkilinin sözlərinə görə, ermənilər Ramilin qəhrəmanlığını və özlərinin məğlubiyyətini həzm edə bilmədikləri üçün bu cür absurd məlumatlar yayırlar: "Ermənistanın xüsusi xidmət orqanlarının Ramil Səfərovun həyatına qarşı hər hansı bir təhlükəsi ola bilməz. Faktdır ki, ermənilər Azərbaycanın bütün səngər boyu hər bir əsgərinə və zabitinə düşmən kimi baxırlar. Əslində, əsgər və zabitlərimizin hər biri potensial Ramil Səfərovdur. Bu gün ölkənin zabit heyəti sırasında da, əsgərlərimizin arasında da istənilən savaşda ermənilərə qarşı rəşadət və igidliklə döyüşəcək oğullarımızın sayı "n” qədərdir. Ermənilərin xüsusi xidmət orqanları Ramilə qarşı heç bir təxribat törədə bilməz. Çünki Azərbaycanda yüz minlərlə Ramil Səfərovlar var və onlarla başa çıxmaq ermənilərin işi deyil. Onların zabitimizə qarşı hər hansı bir sui-qəsd planı illüziyadan başqa bir şey deyil. Ermənistan cəmiyyətindəki məlum məğlubiyyət sindromunu ortadan qaldırmaq üçün hökumət bu cür absurd bəyanatlarla çıxış edir. Əslində isə faktiki olaraq Sarkisyan özünü rüsvay edir, xəbəri yoxdur”.

Ermənistan tərəfinin Ramil Səfərovun azad olunmasından keçirdiyi böyük narahatlığa və daxili auditoriyaya hesablanmış təhdidlərinə münasibət bildirən sabiq müdafiə naziri, ehtiyatda olan Zabitlər Konfederasiyasının sədri, general-mayor Dadaş Rzayev bildirib ki, Ermənistan hakimiyyəti, o cümlədən prezident Serj Sarkisyan R.Səfərovun azadlığa çıxmasına görə çox məyus olub və bunu qəbul edə bilmirlər. Çünki Serj Sarkisyan Ramilin həbsindən sonra erməni əhalisinə yalandan vəd vermişdi ki, Səfərov azadlığa çıxmayacaq və ömrünün sonuna kimi həbsdə qalacaq. Amma onun bu niyyəti baş tutmadı. Azərbaycan öz zabitinə, qəhrəman övladına sahib çıxdı. Ramil Səfərov günahsız idi və ona görə də azad olundu. Onun azad olunması bir daha göstərdi ki, Azərbaycan dövləti iqtisadi, siyasi və digər sahələrdə güclənir. Azərbaycanın beynəlxalq nüfuzu da ilbəil artır. Ramilin Azərbaycana dönüşündən üzü bu yana Ermənistanın hakimiyyət dairələri Ramil Səfərovu öldürəcəkləri ilə hədələyirlər. Amma açıq-aşkar bəyan edirəm ki, ermənilər R.Səfərova heç nə edə bilməzlər. Buna ermənilərin nə gücü, nə də hünərləri çatar. Bütün bu təhdid və hədələr, "xüsusi tapşırıq”lar sadəcə olaraq Sarkisyanın erməni əhalisinin narazılığını aradan qaldırmağa yönəlmiş növbəti boş vədidir”.

Şəymən