Qərbin mesajı: Qarabağ həll olunmalıdır

Çünki ABŞ və Avropanın Azərbaycanda enerji maraqları var




ATƏT-in amerikalı həmsədri Ceyms Uorlikdən və avropalı ekspertlərdən sonra ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar da mətbuata açıqlamasında deyib ki, Krım hadisəsi Dağlıq Qarabağ münaqişəsinin birdəfəlik həllinin əhəmiyyətini artırır. Səfir bildirib ki, Qarabağ münaqişəsi ümumilikdə Qafqaz bölgəsində qeyri-sabitlik mənbəyidir. Ona görə də, münaqişənin həlli bütün region üçün faydalıdır.

Ekspertlərə görə, Morninqstarın açıqlamasında qeyd olunan məqamlar Azərbaycana və problemin həllində maraqlı olmayan Rusiyaya mesaj kimi qəbul oluna bilər. Çünki rəsmi Bakı bir qayda olaraq Qərb dünyasını münaqişənin həlli prosesində passiv davranmaqda ittiham edir. ABŞ səfirinin açıqlaması Vaşinqtonun münaqişənin tezliklə həllini tapmasında maraqlı olduğunu göstərir. Milli Strateji Təhqiqatlar Mərkəzinin sədri, politoloq Natiq Miri deyir ki, bu cür açıqlamalarla Azərbaycana mesaj verən Qərb müəyyən güzəştlər müqabilində Dağlıq Qarabağ problemini həll etmək istəyir. Guya əks təqdirdə, Azərbaycan da Ukraynanın başına gətirilən təhlükələrlə üzləşməli

olacaq: "Bizə verilən mesaj budur. Ancaq Azərbaycandan tələb olunan güzəştlər ölkəmizin milli maraqlarına uyğun deyil. Qarabağ məsələsi Azərbaycan üçün qırmızı xətdir. Qarabağ heç zaman müstəqil subyekt ola bilməz. Bu baxımdan ölkəmiz öz mövqeyində qalmalı və ordusunu gücləndirməkdə davam etməlidir. Çünki Azərbaycan güclü olarsa, bütün beynəlxalq hüquq da bizim tərəfimizdə olacaq”. Politoloqun sözlərinə görə, Krımla Qarabağı eyniləşdirmək Qərbin geosiyasi maraqlarına xidmət etmir: "Qərbin niyyəti başqadır. Onlar da bilirlər ki, Krımla Qarabağ eyni deyil, tamamilə fərqli münaqişələrdir. Qarabağ problemi süni yaradılmış bir konfliktdir. Sadəcə olaraq Krımın Rusiya tərəfindən işğalı postsovet məkanında mövcud olan dondurulmuş münaqişələrə yenidən baxışı zəruri etdi. Yəni belə bir nəticə meydana çıxdı ki, süni yaradılmış münaqişə əraziləri zamanı gəldiyində problemi yaradan Rusiya tərəfindən rəsmən tanına və ilhaq oluna bilər. Bizim üçün hər zaman bu təhlükə var. Elə Rusiya tərəfindən ərazisi işğal edilən Ukrayna faktoru da göstərdi ki, heç bir postsovet ölkəsinin ərazisi təminat altında deyil”.

Politoloq Vəfa Quluzadə də Qərbin mütəmadi olaraq verdiyi bəyanatlarda Azərbaycana mesaj olduğunu vurğulayır: "Rusiya Ermənistanla Azərbaycan arasındakı müharibəni yenidən qızışdırsa, bu, ABŞ-ın Azərbaycandakı maraqlarına böyük zərbə olacaq. Çünki ABŞ və Avropanın Azərbaycanda enerji maraqları var. Qərb ölkələri ümid edirlər ki, Rusiyanın neft-qaz monopoliyasının öhdəsindən Azərbaycan və Türkmənistan vasitəsilə gələ bilərlər. Amma ABŞ başa düşməlidir ki, Rusiya gözləmədən Azərbaycana zərbə endirə bilər. Ona görə də, Vaşinqton Ermənistan rəhbərliyinə deməlidir ki, Moskvaya qulaq asmasın və Azərbaycanla sülh bağlasın. Əsas məsələ Ermənistanı Moskvaya tabe olmamağa məcbur etməkdir. Bu mümkün olsa, Qarabağ məsələsi həll oluna bilər”. Ekspert bu günə qədər Qərbin Rusiyanı təmin edən siyasət yürütdüyünü bildirir: "ABŞ və Avropa Azərbaycan torpaqlarının işğalına göz yumublar və deyiblər ki, tərəflər öz aralarında dil tapsınlar. Tərəflər dil tapırlar, amma Moskva razılığa imkan vermir”.

İsmayıl