“Rusiya istəyir ki, Azərbaycan Ukraynaya dəstək verməsin”

Sərdar Cəlaloğlu: “20 ildir ki, ölkəmizin Avropaya inteqrasiyasını əngəlləyən Rusiyadır”
Vaqif Hacıbəyli: “Dağlıq Qarabağ probleminin düyünə düşməsi Moskvanın məqsədli siyasətinin nəticəsidir”





Krımın Rusiya tərəfindən ilhaqından sonra "Putinin növbəti hədəfi Azərbaycandır” kimi fikirlər ortaya atıldı. Ölkəmizin Krım referendumunun əleyhinə səs verməsi isə bu ideyaların təsdiqi kimi yozuldu. Bu cür proqnozların gündəmə gəlməsinə müxtəlif səbəblər var idi. Ukraynanın ərazi bütövlüyünü dəstəklədiyimizə görə, rusiyalı siyasilər ölkəmizə təhdidlər yağdırmağa başlayaraq, rəsmi Bakıya hədə-qorxu xarakterli mesajlar verdilər. Belə bəyanatlardan birini də rusiyalı politoloq Stanislav Belkovski səsləndirib.

O bildirib ki, Putin Ukraynadan sonra Dağlıq Qarabağla məşğul olacaq: "Hesab edirəm ki, Ukraynadan sonra onun vəzifəsi Dağlıq Qarabağın tanınmasıdır. O, bununla da ABŞ, Kanada və Fransadakı erməni diasporunun dəstəyini alacaq. Bu isə xarici siyasət nöqteyi-nəzərindən onun üçün vacibdir. Putinin daha bir istəyi Latviyada Rusiyameyilli qüvvənin hakimiyyətə gəlməsidir. Çünki ona ayağını Baltikyanı regiona qoymaq lazımdır. Estoniya və Litvada bunu bacarmaz, ancaq Latviyada edə bilər”.

Rusiyalı ekspertin açıqlamasını dəyərləndirən Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu söyləyib ki, Moskvanın Dağlıq Qarabağı tanıması mümkün deyil: "Rusiya bəzi ölkələrin bitərəf qalmasına çalışır. Moskva istəyir ki, Azərbaycan Ukraynaya dəstək verməsin. Dünya ictimaiyyətinin mövqeyini müdafiə etməsin. Kiyev təklənsin. Ona görə bu cür hədə-qorxu gəlir”.

Dağlıq Qarabağın hüquqi, tarixi və coğrafi baxımdan Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğunu vurğulayan S.Cəlaloğlu bildirib ki, bu ərazilər rus və erməni qoşunları tərəfindən işğal olunub: "Ola bilər ki, Rusiya gücündən istifadə edib işğalla bağlı status-kvonu saxlasın. Amma bu, ədəbi proses deyil”.

Partiya sədrinin qənaətincə, şimal qonşumuz bu cür işğalçı planları ilə özünə qarşı böyük cəbhələr yaradıb: "Gürcüstanın ərazisini ələ keçirdi. Ukraynanın ərazisini ilhaq etdi. Ona görə də müəyyən xalqlar Rusiyaya düşmən mövqeyindədir. Başqa torpaqlardan Rusiya ərazisi düzəltmək rusların başqa xalqlarla qardaşlığına əngəl törədir. Rusiya dövlətinin sivil dünyada özünə layiq yer tutmamasına imkan vermir”.

Səsləndirilən açıqlamaların siyasi konyuktura olduğunu deyən S.Cəlaloğlu bəyanatların əsassız olduğunu söyləyib: "Rusiya Krımı tutmaqla özünü dünyanın gözündən saldı”.

Partiya funksioneri ona da diqqət çəkib ki, Moskva Ukrayna, məxsusi olaraq Krımla bağlı siyasətindən əl çəkməsə, bu, dünyada böyük qarşıdurmalara gətirib çıxaracaq: "İndiki dönəmdə heç bir ərazi əldə etmək uğrunda mübarizə aparmalı deyil. Hansısa müstəqil ölkənin ərazisinə göz dikmək və ələ keçirmək beynəlxalq hüquq normalarına ziddir”.

Həmsöhbətimizin bildirdiyinə görə, Rusiya keçmiş SSRİ respublikalarının Avropaya inteqrasiyasını əngəlləmək istəyir: "Qarabağla Azərbaycan hakimiyyətinin siyasətinə təsir göstərmək istəyirlər. Qərbə inteqrasiya prosesinin qarşısını almağa çalışırlar. 20 ildir ki, ölkəmizin Avropaya inteqrasiyasını əngəlləyən Rusiyadır. Azərbaycan hansısa iqtisadi layihə həyata keçirərkən və Avropa institutlarına üzv olması barədə addım atarkən Moskvanın təzyiqlərinə məruz qalır”.

Bu cür təzyiqlərin önlənməsinə gəlincə, qurum rəhbəri vurğulayıb ki, Azərbaycan tərəfi hərbi, siyasi və diplomatik yollarla öz suverenliyini qorumalıdır: "Bunun üçün beynəlxalq ictimaiyyətin gücündən istifadə etməlidir. Azərbaycanın Rusiya ilə elə sahədə ortaq maraqları var ki, bu maraqlar gücləndirilməlidir”.

S.Cəlaloğlunun fikrincə, Azərbaycan Krım hadisələrində Moskvanı müdafiə edə bilməzdi: "Bu heç də iki ölkə arasında əməkdaşlıqların dayandırılması anlamına gəlməli deyil. Baxın, Krım hadisələrindən sonra Xəzərin statusu məsələsi gündəmə gəldi. Rusiya, Azərbaycan , İran, Qazaxıstan və Türkmənistan xarici işlər nazirləri görüşdülər. Rusiya dövləti ilə qarşılıqlı faydalı əməkdaşlığın ən yüksək səviyyəyə qaldırılmasının tərəfdarıyıq. Amma söhbət qarşılıqlı faydadan gedir. Birtərəfli əməkdaşlıqdan deyil. Zənnimcə, Azərbaycanın böyük imkanları var və ondan istifadə etməlidir”.

Əhrar Partiyasının sədri Vaqif Hacıbəyli isə qeyd edib ki, Azərbaycana olan təhlükələri Rusiyanın bəyanatları ilə məhdudlaşdırmaq olmaz: "Ölkəmizi daha böyük təhlükələr gözləyə bilər. Cəmiyyətimiz səfərbər olmalıdır. Önləyici tədbirlər görülməlidir”.

Partiya rəsmisinin sözlərinə görə, Rusiyanın Azərbaycanın başına açmadığı pislik qalmayıb: "Ölkəmizə şimal qonşumuz tərəfindən həmişə təhlükə olub. İslanmışın yağışdan nə qorxusu? Torpaqlarımız neçə ildir işğaldadır. Dağlıq Qarabağ probleminin düyünə düşməsi Moskvanın məqsədli siyasətinin nəticəsidir”.

Putinin "Avrasiya” və "Gömrük” ittifaqı layihələrinə diqqət çəkən siyasətçi əlavə edib ki, bu məsələlər alternativ tədbirlərlə zərərsizləşdirilə bilər: "Regional inteqrasiya proseslərinə diqqəti artırmalıyıq. Azərbaycan, Gürcüstan və Türkiyə birliyini inkişaf etdirməliyik. Bu istiqamətdə fəaliyyət davam etdirilməlidir”.

Ayyət Əhməd