Əlillər əsgər gedir

“Çağırışçılar” hərbi andı rəmzi olaraq təntənəli şəkildə qəbul ediblər




Sağlamlıq imkanları məhdud gənclər üçün bir günlük simvolik hərbi xidmət təşkil edilib. Dünən Müdafiə Nazirliyinin təşkilatçılığı ilə sağlamlıq imkanları məhdud olan bir qrup gənc üçün bir günlük simvolik əsgəri hərbi xidmət təşkil edilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Sosial Təminat Xidmətinin Sabunçu rayonunda yerləşən Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzində ölkənin 20 rayonunu təmsil edən 29 nəfər gənc (5 nəfər I qrup, 11 nəfər II qrup, 13 nəfər III qrup əlil) hərbi forma geyinərək təntənəli surətdə "həqiqi bərbi xidmətə” yola salınıb.

Müdafiə Nazirliyinin Mətbuat xidmətindən "Şərq”ə verilən məlumata görə, gəncləri Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində Müdafiə Nazirliyinin rəsmiləri, Təlim və Tədris Mərkəzinin zabitləri və hərbi orkestr qarşılayıb.

Hərbi şəhərciklə tanış olan "çağırışçılar” qısa məlumatlandırmadan və sıra hazırlığı məşğələsindən sonra hərbi andı rəmzi olaraq təntənəli şəkildə qəbul ediblər.

Dövlət himni ifa edildikdən sonra müharibə veteranları, ictimaiyyətin nümayəndələri onları təbrik edib və "gənc əsgərlər” tribuna önündən keçiblər.

Andiçmə mərasimindən sonra "əsgərlər” Azərbaycan Hərb Tarixi Muzeyinə gedərək, açıq səma altında nümayiş olunan müxtəlif illərin döyüş texnikaları, hərbi təyyarələri, helikopterləri, artilleriya qurğuları, hava hücumundan müdafiə vasitələri, sualtı qayıq və digər hərbi qurğularla, o cümlədən, muzeyin digər eksponatları ilə tanış olublar.

"Əsgərlər” zirehli texnikalar, radiotexniki qoşunlar, zenit-artilleriya və zenit-raket kompleksləri siniflərində dərs məşğələlərində iştirak edərək bu istiqamətdə geniş məlumatlandırılıblar.

Tank və piyadaların döyüş maşını məşq qurğuları salonu "əsgərlər”i daha çox cəlb edib. Onlara qurğu və avadanlıqlar barədə məlumatlar verilib, müasir qurğular vasitəsilə zirehli texnikanın idarə edilməsini yaxından izləyib, növbə ilə tankın "sükanı” arxasına keçərək zirehli texnikanı praktiki olaraq "idarə ediblər”.

Sonra gənclər əsgər yeməkxanasında olub, şəxsi heyətlə birgə nahar ediblər. Təlim və Tədris Mərkəzinin klubunda Silahlı Qüvvələrin Mahnı və Rəqs ansamblının müşayiəti ilə gənclər üçün "Səni tərənnüm edirəm Azərbaycan əsgəri” adlı konsert təşkil edilib.

Tədbirin sonunda "əsgərlər” Ümummilli lider Heydər Əliyev muzey-lektoriyası ilə tanış olub, gənclərə bir günlük hərbi xidmətlərindən xatirə olaraq rəmzi hərbi bilet və hədiyyələr təqdim edilib.

Hərbi ekspert Üzeyir Cəfərov "Şərq”ə bunun humanitar məqsədlə təşkil edilən aksiya olduğunu söyləyib: "Azərbaycanın BMT-nin müvafiq siyahısında humanitar, sülhsevər niyyətli dövlət olduğuna görə atılan addımdır. Yəqin gələcəkdə də bunun davamı olacaq. Bir sıra ölkələrdə belə praktika var. Bu dövlətin fiziki qüsurlu olan vətəndaşlarına fərq qoymamasına dəlalət edən simvolik yanaşmadır, əsl hərbi xidmət deyil. Yalnız fiziki qüsurlu olan şəxslərin bir gün ərzində hərbi hissədə olarkən ora adaptasiya olunması və onların özlərini sağlam əsgərlər kimi bir sırada görməsindən ötrü həyata keçirilən layihədir. Ancaq bu insanlar heç bir halda, hətta müharibə şəraitində belə əsgəri xidmətə çağırılmayacaqlar. Aksiyanın indi həyata keçirilməsi rəmzi xarakter daşıyır. Çünki məlum olduğu kimi bu yaxınlarda dünyada əlillərlə bağlı çox möhtəşəm tədbir keçirildi. Azərbaycanın da əlilliyi olan insanları öz tamhüquqlu vətəndaşı kimi görmək istəyini başa düşmək lazımdır. Bunun başqa bir mənası yoxdur. Bəziləri biz müharibəyə hazırlaşırıq kimi düşünməsin. Bu addımın atılmasının ona heç bir aidiyyatı yoxdur”.

Vüqar Şahinoğlu