Ombudsman internatdakı qalmaqal barədə: “Kimin nə ixtiyarı var?!”

“Televizorda bir nəfər çıxış edir ki, nə hay-küy qoparmısız, müəllimdi də, uşaq dəcəllik edib, döyüb"




"Bir gün göstərdilər, uşaq deyir, müəllimə məni belə vurdu, elə vurdu. Hamımız görmüşük o kadrları. Səhəri gün durdu çıxış elədi ki, məni vurub eləməyiblər. Gedirdim, yıxıldım. Bizim əməkdaşlar gediblər araşdırmağa. Soruşublar harada yıxıldın? Gedib göstərib ayaqyolunun yanını ki, ayaqyoluna gedirdim, yıxıldım. Uşaq özü yıxıldığı yeri də göstərir. Soruşublar hara, neçə dəfə dəydin? Yəni uşaq başa düşmür, qanmır göz ən müdafiə olunan orqandır. Heç cürə... Ya gərək bilavasitə vurasan yumruqla, ya gərək bu tərəfindən vurasan, ya da təpəsindən”. Lent.az-ın məlumatına görə, bunu Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili - ombudsman Elmira Süleymanova "Azərbaycanda uşaq müdafiə sisteminin uşaqlara qarşı zorakılıqla mübarizəyə dair fəaliyyətinin təhlilinə” dair hesabat tədbirində uşaqlara qarşı zorakılıq haqqında danışarkən Suraxanı rayonu, 7 saylı xüsusi internat məktəbində döyüldüyü iddia edilən 8 yaşlı Nahid barəsində danışarkən deyib.
E. Süleymanova onu da qeyd edib ki, insanlar arasında hələ də "müəllim uşağı döyə bilər” stereotipi var: "Televizorda bir nəfər çıxış edir ki, nə hay-küy qoparmısız, müəllimdi də, uşaq dəcəllik edib, döyüb. Deməli, bu stereotiplər hələ də yaşayır. Müəllim uşağı tərbiyə etməli, qayğısına qalmalı, onun intellektual inkişafı üçün münbit şərait yaratmalıdır. Kim deyir ki, müəllim uşağı döyə bilər? Kimin nə ixtiyarı var?! Bununla bağlı biz qanunların sərtləşdirilməsini istəyirik. Cismani cəza aradan qaldırılmalıdır. Uşaqlara qarşı zorakılığın nəinki sayı, hətta qəddarlıq səviyyəsi belə artmaqdadır”.
Ombudsmanın sözlərinə görə, cismani cəza uşağa həm fiziki, həm də psixoloji travma vurur: "Cismani cəza alan uşaq həm də psixoloji travma alır. Və bunu heç vaxt unutmur. İndi bu uşaq böyüyəndə də bunu unutmayacaq. Qocalanda belə deyəcək ki, müəllimə mənim başımdan elə vurdu ki, gözlərim belə olmuşdu. Sonra mənəvi əzablar qalır uşaqda. Sabah uşaqlar başlayacaqlar o uşağı ələ salmağa. Bundan əlavə, uşaqda əlillik yarana bilər. Hətta bir hal oldu, döyülmə nəticəsində uşaq dünyasını dəyişmişdi...”