İlham Əliyev Çernobbioda Səudiyyə Ərəbistanının investisiya naziri ilə görüşüb -YENİLƏNİB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 6-da İtaliyanın Çernobbio şəhərində Səudiyyə Ərəbistanı Krallığının investisiya naziri, Azərbaycan Respublikası ilə Səudiyyə Ərəbistanı Krallığı arasında Hökumətlərarası Müştərək Komissiyanın həmsədri Xalid bin Əbdüləziz Əl-Falih ilə görüşüb.

Sherg.az xəbər verir ki, Xalid bin Əbdüləziz Əl-Falih Səudiyyə Ərəbistanı Krallığının Ali rəhbərliyinin salamlarını dövlət başçısına çatdırıb.

Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirib, onun da salamlarını Səudiyyə Ərəbistanı Krallığının Ali rəhbərliyinə çatdırmağı xahiş edib.

Xalid bin Əbdüləziz Əl-Falih Azərbaycana səfərlərini və dövlət başçısı ilə görüşlərini məmnunluqla xatırlayıb.

Söhbət zamanı iki ölkə arasında xüsusilə enerji sektorunda əməkdaşlıq məsələləri, o cümlədən Səudiyyə Ərəbistanı Krallığının “Acwa Power” şirkətinin fəaliyyəti müzakirə olunub. Hazırda Azərbaycanda və regionda ən böyük külək enerjisi stansiyasının tikintisinin davam etdirildiyi qeyd olunub, gələn ilin sonunda həmin stansiyanın istifadəyə veriləcəyi bildirilib. “Acwa Power” şirkəti ilə Azərbaycanın Energetika Nazirliyi arasında ölkəmizdə ilk dəfə 200 MVa saxlama güclərinin yaradılması ilə bağlı razılaşmaya uyğun olaraq birgə fəaliyyətin həyata keçirildiyi vurğulanıb, bu işlərin COP29-dək başa çatdırılmasının nəzərdə tutulduğu qeyd edilib.

Görüşdə “Acwa Power” şirkətinin Azərbaycandan Avropaya yaşıl enerjinin ixracı sahəsində əməkdaşlıqda maraqlı olduğu diqqətə çatdırılıb. Bununla bağlı Azərbaycanın Energetika Nazirliyi və “Acwa Power”in Xəzər dənizində külək enerjisi layihələri üzərində iş apardıqları qeyd edilib, bunun da növbəti mərhələdə yaşıl enerjinin ixracı üçün mənbə kimi rol oynayacağı vurğulanıb.

***
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 6-da İtaliyanın Çernobbio şəhərində Səudiyyə Ərəbistanı Krallığının investisiya naziri, Azərbaycan Respublikası ilə Səudiyyə Ərəbistanı Krallığı arasında Hökumətlərarası Müştərək Komissiyanın həmsədri Xalid bin Əbdüləziz Əl-Falih ilə görüşüb.