Təşəkkür, gənclər!

Türkiyədəki azərbaycanlı tələbələr Soma qurbanlarının ailələrinə yardım ediblər



Türkiyədə fəaliyyət göstərən Azərbaycan Təhsil Mədəniyyət və Yardımlaşma Dərnəyinin (AzeDer) təşkilatçılığı ilə qardaş ölkədə təhsil alan tələbə gənclər Manisanın Soma vilayətində kömür mədənində baş vermiş qəza nəticəsində ailə üzvlərini itirmiş şəxslərə yardım məqsədilə bölgəyə səfər ediblər. Gün.Az xəbər verir ki, səfər zamanı gənclər Soma bələdiyyəsinin nümayəndələri ilə görüşüblər və faciə zamanı həlak olmuş insanların ailələrinə baş çəkiblər.
AzDer-in sədri Rəşad Abdullayev bildirib:
"Türkiyədə təhsil alan tələbələr olaraq bizlər Soma faciəsində şəhid olan insanların ailələrinə dəstək verməyi özümüzə borc bilirik. AzeDer-in may ayında Türkiyənin 35 şəhərində təhsil alan azərbaycanlı tələbələr arasında keçirilməsi planlaşdırılan futbol turniri bu faciə səbəbilə ləğv edilib və turnir üçün nəzərdə tutulmuş büdcənin şəhid ailələrinə maddi yardım olaraq verilməsi uyğun görülüb. Düşünürük ki, Türkiyədə təhsil alan hər bir azərbaycanlı tələbə bu addımı atmağa hazırdır və bunu özünə borc bilir”.
AzeDer-in nümayəndəsi Turan Həsənzadə isə deyib ki, bütün Azərbaycan xalqı kimi, Türkiyədə təhsil alan azərbaycanlı gənclər də Somada baş vermiş qəzanı öz faciəsi kimi qəbul ediblər: "Düşündük ki, biz də qardaş və bacılarımızın belə ağır dərdinə şərik olmaqla bərabər, həm də imkanlarımız çərçivəsində onlara əməli yardım göstərək. Biz qardaş xalqlarıq, bütün məsələlərdə həmrəyik və həmişə bir birimizə dəstək olmalıyıq”.
Qeyd etmək istərdik ki, Soma vilayəti və ətrafında yaşayan 100-dən çox ailə ziyarət edilib, başsağlığı verilib və yardım göstərilib.