Keçid ballarının aşağı salınacağı hələ məlum deyil

I qrupun abituriyentlərinin 90 faizi 150 baldan aşağı nəticə göstərib


Dünən Tələbə Qəbulu üzrə Dövlət Komitəsinin (TQDK) sədri Məleykə Abbaszadə mətbuat konfransı keçirib. Konfrans zamanı mayın 18-də əvvəlki illərin məzunları üçün keçirilən imtahanın nəticələrindən danışan TQDK sədri bildirib ki, imtahanda I qrupun abituriyentlərinin 90 faizi 150, IV qrupun isə 100 baldan aşağı nəticə göstərib:

"Təəssüf ki, əvvəlki illərin məzunları üçün keçirilən imtahanlar üzrə nəticələr aşağıdır. Həm I, həm IV qrupda 12 997 nəfər sənəd verib. Birinci qrup üzrə 2 nəfər 600-dən çox bal toplayıb.

Onlardan biri 637 bal toplayan Gəncə məzunudur. 2013-də məktəbi bitirib, 591 bal yığıb, ADNA-ya dövlət sifarişli yerə qəbul olunub. İkincisi isə 625 bal yığıb. O, 2013-də ADİU-ya qəbul olub. Bir il ərzində hazırlaşıb belə nəticə yığmaq olar. Lakin 100 bal toplayan abituriyentlər belə fikirləşməməlidir, bir ilə belə nəticə göstərə bilər. Dördüncü qrupda 644 bal toplayan Bakı sakini 2012-ci ildə məktəbi bitirib. O əvvəlcə BDU-nun "Biologiya” fakültəsinə qəbul olunub. Belə başa düşürəm ki, ATU-nu istəyib deyə hazırlaşıb, onun əməyi hörmət hissi yaradıb. Lakin o, "Biologiya”ya qəbul olunub, sənədini təsdiq etməyərək kiminsə yerini tutub. Digər Bərdə məzunu birinci il 431, ikinci il 406 bal yığıb. Bu il 631 bal yığıb. Digər I qrup Beyləqan məzunu 606 bal yığıb. Keçən il 468 balla Aqrar Universitetə qəbul olunub. Mən çox sevinirəm ki, belə məqsədli

uşaqlar var. 90 faiz 150 baldan aşağı bal toplayıb. IV qrupda iki kontingent var. Onlardan bir qrupu ATU-ya qəbul olmaq istəyir, digər kontingent isə idmançı olmaq istəyir. 90 faiz 100 baldan aşağı nəticə göstərib”.

TQDK sədri, həmçinin magistratura imtahanının ikinci mərhələsində iştirak edəcək bakalavrlara da müraciət edib. Nə abituriyent, nə də bakalavrların bu işə məsuliyyətli yanaşdığını vurğulayan komitə sədri bildirib ki, 10 min nəfər magistr imtahanında iştirak etmək üçün buraxılış vərəqini alıb: "651 nəfər bakalavr isə buraxılış vərəqini almayıb. Mən belə başa düşürəm ki, onlar imtahana gələndə vərəqlərini çap edəcəklər”. O qeyd edib ki, mayın 25-də keçiriləcək magistr imtahanından sonra nəticələr elan ediləcək, bakalavrlar 2 gün ərzində ixtisas seçimi edəcək: "Bunun üçün proqram nəzərdə tutulub. Çox sadə bir proqramdır. Bunu istifadə etmək üçün bakalavr gərək özü seçim etsin. Bu prosesə hamı məsuliyyətlə yanaşmalıdır. Lakin nə abituriyent, nə də bakalavrlar bu işə məsuliyyətli yanaşmır. Sənəd qəbulu bitən kimi müəyyən adamlar müraciət edir ki, sənəd verməmişik. Bu proqramlarla bakalavr özü işləməlidir”.

"11-ci sinif şagirdlərindən 535 əfərin şəxsiyyət vəsiqəsi yoxdur

TQDK sədri Məleykə Abbaszadə konfrans çərçivəsində sənədləri olmayan şagirdlərin sayını da açıqlayıb. Komitə sədrinin sözlərinə görə, 11-ci sinif şagirdlərindən 535 nəfərin şəxsiyyət vəsiqəsi yoxdur. Onlar haqqında heç şagird-məzun bazasında məlumat yoxdur: "9-cu sinif şagirdlərindən isə 204-dən çox nəfər haqda məlumat şagird-məzun bazasına daxil olmayıb. Bu uşaqların sənədləri olmadığına görə, onlar buraxılış imtahanına buraxılmayacaq. Sənədləri olmayan şagirdlər ən çoxu Bərdə və Bakının Sabunçu rayonundadır”.

M.Abbaszadənin sözlərinə görə, iki il bundan əvvəl 9-cu sinif üzrə 130 min nəfər orta ixtisas təhsili müəssisələrinə sənəd vermişdi, onlardan 116 min nəfəri imtahana gəlmişdi. 14 mini haqqında isə məlumat yoxdur. Həmin il 9-cu sinifdə oxuyanların 85 mini indi 11-ci sinifdə oxuyur: "Burada da 30 min şagird haqqında məlumat yoxdur. Bunun nə demək olduğunu anlamıram. İki il ərzində 9-10-cu siniflərdən 30 min uşaq məktəbdən çıxıb. Bunların 1700-ü hazırda onuncu sinifdə oxuyur. 1900-ü orta ixtisas məktəbində oxuyur”.

TQDK sədri şagirdlərin sənədlərinin bazada olmamasında valideynləri təqsirkar bilib: "Sənədləri əldə etmək isə çox asandır. Valideynlər ASAN xidmətə müraciət etməklə iki gün ərzində sənəd əldə edə bilərlər. Yalnız ölkəmizdə yaşayan xarici vətəndaşlar üçün müəyyən problem yarana bilər ki, onlar da müvafiq ərizəni almaqla bunu həll edə bilərlər”.

M.Abbaszadənin sözlərinə görə, ümumi orta təhsil bazasında (9 illik) orta ixtisas təhsili müəssisələrinə qəbul buraxılış imtahanlarının nəticələrinə əsasən aparılacaq. Kimsə orta ixtisas məktəblərinə qəbul olmaq istəyir, kimsə istəmir. Biz bunu bilməliyik. Ona görə də ərizəni doldurmaq lazımdır.

O bildirib ki, orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün müraciət edənlərin sayı azalıb. Bu gün saat 10-dək 11 min 483 abituriyent ərizəsini təsdiq edib. Həmçinin M.Abbaszadə Moskva Dövlət Beynəlxalq Əlaqələr Universitetinə qəbul olunmaq istəyən abituriyentlərə də müraciət edib: "6 nəfər müsabiqədə iştirak etmək üçün qeydiyyatdan keçib. İmtahan mayın 30-da keçiriləcək. Həmin vaxta kimi müraciət etmək olar”.


Ali məktəblərə qəbul imtahanları keçirilərkən keçid ballarının necə olacağı barədə jurnalistlərin suallarını cavablandıran komitə sədri bu barədə danışmaq üçün hələ tez olduğunu deyib: "Ali məktəblərə keçid balını öncədən deyə bilmərik ki, necə olacaq. Keçid balının aşağı salınacağı hələ bilinmir”. O bildirib ki, müsabiqədə iştirak edənlərin sayı çoxalsın deyə, keçid balını aşağı sala bilməzlər: "Ali məktəblərə qəbul üçün müsabiqə şərtlərinin dəyişilib-dəyişilməyəcəyi barədə qərar da yalnız cari ilin məzunları üçün keçirilən qəbul imtahanlarının nəticələri məlum olduqdan sonra veriləcək. Bundan sonra biz müəyyən edəcəyik ki, hər ixtisas qrupu üçün ayrılan plan yerləri və müsabiqədə iştirak etmək istəyənlərin sayı nə qədərdir? Ola bilər ki, bunun nəticələri əsasında müsabiqədə iştirak üçün tələb olunan şərtləri dəyişək. Amma hələ ki, elan olunmuş qaydalar mövcuddur. Həm əvvəlki, həm də cari ilin məzunları bizim bununla bağlı yeni elanlarımızı izləməlidirlər. Onlar bilməlidirlər ki, topladıqları balla ali məktəblərə, yoxsa orta ixtisas təhsili müəssisələrinə qəbul üçün ixtisas seçə bilərlər”.

Şəymən