Əfv olacaq, yüzlərlə müraciət var

Son söz Prezidentindir




Respublika Günü yaxınlaşdıqca, Əfv fərmanı gözləntiləri də artır. Əlamətdar günlər, tarixi bayramlarda ölkə başçısı tərəfindən Əfv fərmanlarının imzalandığına alışqan olan cəmiyyət növbəti humanist addım atılacağını gözləyir.

Prezident yanında Əfv Komissiyasının iclaslarının keçirilməsi, təqdim olunan müraciətlərə baxılması barədə yayılan xəbərlər də optimistliyə əsas verir.

D.Əliyeva adına Qadın Hüquqlarını Müdafiə Komitəsinin sədri, Hüquq Müdafiə Təşkilatları Monitorinq Qrupunun üzvü Novella Cəfəroğlu "Şərq”ə açıqlamasında Əfv fərmanının imzalanacağına böyük ümid bəslədiyini dedi:

- Biz siyahını komissiyaya təqdim etmişik, məlumatlara görə, Əfv komissiyası siyahıya da, müraciətlərə də baxıb. Son söz Prezidentindir. Hesab edirik ki, Azərbaycanın Avropa Şurası Nazirlər Komitəsində sədrliyə başladığı indiki vaxtda Əfv fərmanının imzalanması, AŞ-ın siyasi məhbus hesab etdiyi şəxslərin azadlığa buraxılması çox müsbət olardı, ölkəmizin beynəlxalq imicinə müsbət təsir edərdi, daxildə də vətəndaş həmrəyliyinə xidmət etmiş olardı. Biz Əfv fərmanı olacağını gözləyirik. 28 May ərəfəsində Əfv imzalanacağına böyük ümidimiz var.

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, millət vəkili Çingiz Qənizadə də Əfv fərmanının gözlənildiyini bildirdi:

- Bilirsiz ki, Əfv fərmanı imzalamaq cənab Prezidentin müstəsna səlahiyyətidir. Prezident humanist addım ataraq əfv fərmanları imzalayır. Adətən də, bu fərmanlar əlamətdar günlərlə bağlı olur. Əfv Komissiyası artıq bir neçə iclasını keçirib. Yüzlərlə müraciət var və onların hamısına bir-bir fərdi qaydada baxılır. Məhbusların siyahısı son variantda cənab Prezidentə təqdim olunur. Əfv fərmanının kimlərə şamil ediləcəyi də yenə, Prezidentin səlahiyyətindədir. Biz Əfv fərmanını gözləyirik və ümid edirik ki, fərman imzalanacaq.

Məlahət