“Azəriqaz”ın keçmiş işçiləri Rusiya vətəndaşlığı almaq istəyir

Zahid Oruc: “Sosial məsələ ətrafında siyasi kampaniya qurmaq yolverilməzdir”
Elçin Mirzəbəyli: “İndiki şəraitdə işçilərin, məhz Rusiya səfirliyinə müraciət etməsi şübhəli görünür”



Akif Nağı: "Nə olursa-olsun, heç bir halda vətəndaşlıqdan imtina etmək olmaz. Heç bunu dilə gətirmək də düzgün deyil”

"Azəriqaz” İstehsalat Birliyinin işdən çıxarılan qadın əməkdaşlarından bir qrupu Rusiyanın Azərbaycandakı səfirliyinə müraciət ediblər. Onlar Azərbaycan vətəndaşlığından imtina edərək Rusiya vətəndaşı olmaq istədiklərini deyiblər.

Qadınların bildirdiyinə görə, Rusiya səfirliyinə ünvanlanan həmin müraciəti qurumun 25-dən artıq qadın əməkdaşı imzalayıb. Lakin vətəndaşlıqdan imtina edib başqa ölkəyə sığınmaq istəyənlərin sayının artacağı da gözlənilir: "Rayonlardan da müraciətlər edilir. Hər gün işdən çıxarılanlar var”. "Azəriqaz”ın mətbuat xidmətinin rəhbəri Araz Ağayev bildirib ki, həmin qadınlar bir neçə gün əvvəl idarəyə dəvət ediliblər: "Onlara deyilib ki, strukturun təkmilləşdirilməsi işləri çərçivəsində ixtisara düşüblər. Artıq onlar sərbəstləşmiş şəxslərdir və işdən çıxarıldıqdan sonra nə etdiklərindən xəbərimiz yoxdur”.

Arzuolunmaz hadisəni dəyərləndirən millət vəkili Zahid Orucun sözlərinə görə, etnik mənsubiyyətindən və sosial imkanlarından asılı olmayaraq, hər bir vətəndaşın hüquqları qorunmalıdır: "Əminəm ki, sözügedən məsələ hüquq müstəvisində həllini tapacaq. Sosial məsələ ətrafında siyasi kampaniya qurmaq yolverilməzdir. Heç bir halda 25 nəfər şəxs bütövlükdə bir ölkənin gerçək mənzərəsini əks etdirmir. Yəni bu proses insanların kütləvi şəkildə vətəndaşlıqdan qaçması anlamına gəlmir. Əlbəttə, etiraf etmək lazımdır ki, azadlıqda yaşamağın özünəməxsus üstünlükləri və müəyyən çətinlikləri var. Yəqin ki, bu hadisəni vətəndaşlıqdan kütləvi imtina, xalq üsyanı, sosial siqnal kimi təqdim edənlər olacaq. Ancaq nəzərə almalıyıq ki, Rusiyanın özündə də neft-qaz sektorunda çalışan adamların müxtəlif ciddi problemləri var. Ona görə də, kimsə düşünməsin ki, qəzəb içində verdikləri qərar onları sosial təminata aparacaq. Əslində, həmin adamları qınamaq fikrində deyiləm. Ancaq dövlət kandikturası deyilən bir fikir var. Sanki son günlər ortaya atılan ictimai dəb belə məsələlərə bir stimul verir. Bir müddət öncə sadəcə hansısa statuslar önə çıxarılırdısa, artıq ictimai təzyiqin başqa növləri kimi intihara cəhd etmək və s. vasitələr özünü göstərir. Amma hansısa məmura olan qəzəbimiz, bizi müstəqilliyimizin üzərinə aparmamalıdır”.

"Xalq Cəbhəsi” qəzetinin baş redaktoru, tanınmış şair Elçin Mirzəbəyli həmin insanları Rusiya istiqamətinə yönəldən hər hansı konkret şəxs və ya qüvvənin olduğunu düşünür: 

"Məsələ kifayət qədər ciddi araşdırılmalıdır. Nə üçün məhz, Rusiya? Özü də bu proses Azərbaycanın enerji sektorunda baş verir. Şübhəsiz, bu, təsadüfi məsələ də ola bilər. Amma bu cür təsadüflərin qarşısının alınmasına ehtiyac var. Çünki indiki şəraitdə işçilərin, məhz Rusiya səfirliyinə müraciət etməsi şübhəli görünür. Ancaq mən də düşünmürəm ki, proses kütləviləşəcək və analoji addımlar atılacaq. Özünə hörmət edən heç bir şəxs bu istiqamətdə addım atmaz. Təbii ki, hansısa vətəndaşın hüququ pozulursa, qanunlara müvafiq şəkildə haqları qorunmalıdır. Bu problem məhkəmə müstəvisində də həll oluna bilər. Amma dövlətə qarşı şantaj yolunu tutanların cəzalandırılması vacib məsələdir”.

Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağının fikrincə, məmurların özbaşına hərəkətləri bu cür hadisələrin meydana gəlməsinə səbəb olur:
"Hüquqları pozulan insanlar müxtəlif formada reaksiya verirlər. Kimsə özünü hündür binadan atır, kimisi özünü yandırır, kimisi də Ermənistan və ya Rusiya vətəndaşlığını qəbul etmək istədiyini deyir. Bütün bu cəhdlərin hamısı çıxış yolu tapmayan insanların öz səslərini müvafiq şəxslərə və qurumlara eşitdirmək məqsədi daşıyır. Ancaq hesab edirəm ki, nə olursa-olsun, heç bir halda vətəndaşlıqdan imtina etmək olmaz. Heç bunu dilə gətirmək də düzgün deyil. Azərbaycan müstəqilliyini çox ağır itkilər, qanlar hesabına qazanıb. Ona görə də hər bir vətəndaş azadlığın qədrini bilməli və suverenliyini qorumalıdır”.

İsmayıl