Valideynlər qapılarda qalıb

Uşağını bağçaya qoymaq istəyənlərin ya “day-dayı” olmalıdır, ya da pulu




Ölkənin məktəbəqədər təhsil müəssisələrində vəziyyət dözülməzdi. Uşaqları bağçalara qoymaq müşkülə çevrilib. Bağçaya düzəltmək ali məktəbə düzəltməkdən çətindi. Özəl bağçalara heç yaxın düşmək olmur. Qəbul və təhsilin qiyməti "ceyran belinə” qalxıb. Bu da orta aylıq əməkhaqqı 300-400 manat olan bir ölkə vətəndaşının cibinə müvafiq deyil.

Dövlət bağçalarında isə istənilən valideynə ilk yanaşmadan qəti şəkildə "yer yoxdur” deyirlər. Sonra araya "xeyirxahlar” girir. Onların da "rəhm”inin öz qiyməti var. Valideynlər övladlarını bağçaya qoymaq üçün "dəridən -qabıqdan çıxmalı olurlar”. Ailəsini, övladını birtəhər dolandıran valideynlərin "dərisini soyurlar”. Bu sahədəki amansızlıqlarla az qala hər gün rastlaşırıq. Bu yaxınlarda övladını bağçaya qoymaq istəyən yaxınlarımdan birinin üzləşdiyi problemləri sadalamaq istəyirəm: "Hansı qapını döydüm, 150-200 manat istədilər. Bir bağçada heç nə demədilər. Uşağı götürdülər. Sən demə, müdirə pul vermək lazım imiş. Həm də hər uşağa görə ayda 30 manat qeyri-rəsmi pul yığırmışlar. Bir aydan sonra uşağımı bağçadan çıxardı. Getdim-gəldim, alınmadı. Məhkəməyə verdim, uduzdum. Vəkili dedi ki, bu uşaq heç bizim bağçada olmayıb. Sən demə, heç rəsmiləşdirməyiblərmiş. İcra Hakimiyyətindəki tanışımıza müraciət edəndən sonra uşağı bağçaya bərpa edə bildim”. Maraqlı məsələ odur ki, bu adamın icrada yaxını olmasaydı, neyləyəcəkdi? Axı hər kəsin icrada qohumu, yaxını və ya "dayday”ı olmur. Qeyd edim ki, bu sahədəki problemlər yeni deyil. Əvvəllər də mövcud idi. Sözügedən sektor Təhsil Nazirliyinin kurasiyasından çıxarılaraq Bakı Şəhər İcra Hakimiyyətinə tapşırıldı. Amma yaşananlar göstərir ki, çatışmazlıqların aradan qalxması istiqamətində BŞİH bir addım belə atmayıb. Boşluqlar daha da çoxalıb. Durum elə dözülməz məcraya gəlib ki, Milli Məclis üzvləri də məsələni gündəliyə çıxarmalı olublar. Parlamentin son iclasında millət vəkili Fazil Mustafa da bağçalarla bağlı həyəcan təbili çalıb. Son günlər isə adıçəkilən müəssisələrin bələdiyyə strukturlarına tapşırılması məsələsi gündəmə gətirilib. Görəsən, bu sahənin bələdiyyələrə həvalə olunması nə dərəcədə real görünür? Məsələ reallaşarsa, müsbət effekt gözləmək olarmı?

Sualımıza cavab tapmaq üçün Tarix elmi üzrə fəlsəfə doktoru, Azərbaycanda Vətəndaş Cəmiyyətinə Yardım Assosiasiyası Seçki Qərargahının rəhbəri Məhərrəm Zülfüqarlının fikirlərini öyrəndik. Bələdiyyələrin özlərinə səlahiyyət verilməli olduğunu deyən AVCİYA sədri qeyd etdi ki, icradan asılı olan bir struktura bu sahənin həvalə olunmasından müsbət effekt gözləmək olmaz: "Bələdiyyələrin özlərinin normal büdcəsi və nüfuzu olsa, bunu həyata keçirmək olar. Amma ölkəmizdə bələdiyyələr elə də səlahiyyətli orqan deyil”.

Uşaq Hüquqları üzrə QHT Alyansının İdarə Heyətinin sədri Nazir Quliyev bildirib ki, məktəbəqədər təhsil Azərbaycanda problemli məsələyə çevrilib: "Bir sıra ölkədə məktəbəqədər təhsil təhsilin əsas bünövrəsi hesab olunur. Hətta bir müddət əvvəl yapon alimləri uşaq bağçalarına gedən və getməyən uşaqların sonrakı inkişafı ilə bağlı tədqiqat aparıblar. Məlum olub ki, kiçik yaşlarından uşaq bağçalarına gedən uşaqların daha çox uğur qazanmaq imkanları olur. Onlar psixoloji gərginlikdən azad olurlar. Cəmiyyətdə özlərini təsdiq etmək imkanları, dünyagörüşləri artır. Bu baxımdan məktəbəqədər təhsil bizim üçün çox vacibdir. Məktəbəqədər təhsil həm də ona görə zəruridir ki, Azərbaycanda ailə ehtiyaclarını ödəmək üçün anaların çoxu işləməyə məcburdur. Əgər uşaq bağçaları yoxdursa, ana əmək fəaliyyəti ilə məşğul ola bilmir. Çox təəssüf ki, Azərbaycanda uşaq bağçaları ilə bağlı həyata keçirilən strategiya müsbət nəticə əldə etməyə deyil, əksinə yönəlib. Azərbaycan uşaqlarının 16,1 faizi bağçalara gedir. Bu, o deməkdir ki, ölkədə uşaqların 84 faizi bağçalardan kənar qalıb”.

2006-cı ildə uşaq bağçalarının özəlləşməyə çıxarıldığını deyən N.Quliyev söyləyib ki, bu niyyət özünü doğrultmayıb: "Özəlləşən uşaq bağçalarının cüzi bir hissəsi öz profili üzrə işləyir. Bakı şəhərində 90-a yaxın uşaq bağçası özəlləşib. Onlardan yalnız 10-15-i öz təyinatı üzrə işləyir. Ölkə prezidentinin sərəncamında birmənalı olaraq qeyd edilmişdi ki, özəlləşən uşaq bağçaları heç bir halda təyinatını dəyişə bilməz. Bu bağçaların yüksək qiymətləri orta azərbaycanlı ailəsi üçün münasib deyil”.

Ekspert onu da diqqətə çatdırıb ki, bağçalardakı növbəti problem onların icra hakimiyyətlərinə verilməsi ilə başladı: "BŞİH və rayon icra hakimiyyətləri tərəfindən normativlərin tətbiqi (yəni qruplarda 20 nəfərdən çox uşaq olmamalıdır, uşaqların qəbulu üçün mütləq yeni yaradılan idarənin razılığı olmalıdır və s.) həyata keçirilir. Düzdür, yaxşı olar ki, uşaq bağçalarında uşaqların sayı normativlərə uyğun və az olsun. Bu, tədris və uşaqların sağlamlığı baxımından çox vacibdir. Amma biz qrupa 20 uşaq qəbul edib, 80-100 uşağı küçədə buraxırıqsa və normativlərə uyğun işlədiyimizi deyiriksə, az uşağın hüquqlarını qorumaq yolu ilə çox uşağın hüquqlarının pozulmasına şərait yaratmış oluruq. Bu normativlər əvvəldən də vardı. İndiyədək bu normativlərə əməl edən yox idi. Hazırda Azərbaycan ailələri üçün alternativ seçim imkanları vermirik. "Təhsil haqqında” qanunda uşaqların məktəbəqədər təhsilə getməsinin zəruri olduğu qeyd edilib. Amma valideyni məcburən rüşvət verməyə, qeyri-dolayı yollarla uşağını uşaq bağçasına qəbul etdirməyə həvəsləndiririk. Ən azı bu cür islahatlar həyata keçirilərkən alternativlər olmalıdır. Bağçalardakı normativlər və çox bahalı özəl bağçalar valideynlər üçün əlçatan deyil. Hesab edirəm ki, çox təcili olaraq ölkədə məktəbəqədər təhsilin inkişafı ilə bağlı tədbirlər planı tərtib olunmalıdır. Bir çox ölkənin təcrübəsində bağçaları əvəz edən günərzi qayğı mərkəzləri var. Dövlət QHT-lərə sifariş verib ərazidə uşaqların ehtiyaclarına, sayına uyğun günərzi qayğı mərkəzləri yarada bilər. Belə mərkəzlər uşaqların küçə həyatı keçirməsinin də qarşısını alır”.

N.Quliyevin qənaətincə, yerli icra hakimiyyəti orqanlarının yetkinlik yaşına çatmayanlarla iş və hüquqlarının müdafiəsi komissiyaları müasir dövrün tələblərinə cavab vermir və uşaq islahatları ilə ayaqlaşa bilmir: "Yenidən onlara səlahiyyət verməklə nəticə əldə edə bilməyəcəyik. Əsaslı uşaq müdafiə islahatları aparmalıyıq. Bütün qurumların ləğv olunub yerində vahid, işlək mexanizmi olan qurumun yaradılmasına böyük ehtiyac var. Bəzi dövlət orqanları bir-birinin fəaliyyətini təkrarlayır. Koordinasiya yoxdur. Uşaq bağçalarından tutmuş 18 yaşlı uşaqlara qədər xidmət və nəzarət edən quruma ehtiyac duyulur. Ayrıca ixtisaslaşmış qurum olmalıdır. Orta təhsilin səviyyəsi, cəmiyyət üçün yararlı kadrların hazırlığı uşaq bağçalarından başlayır”.

Ayyət Əhməd