Hansı ölkə daha güclüdür?

ABŞ-Rusiya müharibəsi başlayarsa, superdövlətin üstünlüyü daha çoxdur
"Rusiyanın hərbi büdcəsi 42 milyard dollardır. ABŞ-ın müdafiə büdcəsi isə 600 milyard dolları keçib"



Tarixən hər hansı bir ölkənin ərazisində xarici dövlətin qoşunlarının yerləşdirilməsi siyasi asılılığı xarakterizə edib. Böyük imperiyalar işğal etdikləri yerlərdə müxtəlif iqtisadi maraqlarını müdafiə etmək üçün sərhədlərindən kənarda qoşun hissələri saxlayıblar. ABŞ-la SSRİ arasındakı soyuq müharibə dövründə də qarşı-qarşıya duran hər iki blok öz təsir dairələrini rəhbərlik etdikləri hərbi ittifaqların hüquqi-təşkilati çərçivəsi ilə müəyyənləşdiriblər.

Ancaq SSRİ-nin dağılması ilə yaranmış yeni geosiyasi mühitdə hərbi bazaların coğrafiyası və hətta yerinə yetirdiyi missiya da dəyişdi. Yeni geosiyasi şərait fərqli mənzərənin yaranmasına səbəb oldu.

Son illər baş verən hadisələr də göstərir ki, artıq hərbi bazalar müdafiə deyil, hücum taktikasına xidmət edir. İndi hərbi bazalar haqqında danışdıqda ilk olaraq ABŞ və Rusiya göz önünə gəlir. Çünki keçən əsrdə mövcud olan Almaniya, İtaliya, Yaponiyanın hərbi bazaları ləğv olunub. İngiltərə və Fransanın isə hərbi məntəqələri azalıb. ABŞ bu sahədə dominantlığı qoruyub saxlayır. Hazırda dünya üzrə hərbi bazaların 95 faizinin ABŞ-a məxsus olduğu bildirilir. Statistik məlumata görə, dünyanın 130-dan çox ölkəsində ABŞ-ın 700-dən artıq müxtəlif təyinatlı hərbi məntəqəsi mövcuddur. Son günlər yayılan məlumata görə, Afrika qitəsinin təxminən yarısında Amerikanın hərbi birlikləri var. Ekspertlər vurğulayırlar ki, ABŞ hərbi bazalarının dislokasiyası hərbi əməliyyatlar və qaynar nöqtələr hesabına genişlənir. Taktiki baxımdan müharibə və münaqişə ocağı ABŞ-ın hərbi təsir zolağının genişləndirilməsi üçün stimullaşdırıcı rol oynayır. Digər bir məqam neftlə zəngin bölgələr və neft marşrutları, ticarət yolları, nəqliyyat dəhlizlərinə nəzarət nöqtələri üzərində hərbi bazalarının cəmlənməsidir. Xarici ölkələrdə hərbi bazalar yaratmaq, canlı hərbi qüvvələr yerləşdirmək siyasəti Rusiya üçün önəm kəsb edir. Ukrayna hadisələrindən sonra Kreml bu məsələyə xüsusi diqqət ayırmağa başlayıb. Rusiyanın müdafiə naziri Sergey Şoyqu xaricdəki hərbi bazaların möhkəmləndirildiyini bildirib. Rusiya nəinki Orta Asiya və Qafqazda, həmçinin Latın Amerikası ölkələrində də hərbi baza yerləşdirməyə cəhd edir.

ABŞ-la Rusiya arasındakı hərbi gücü müqayisə edən Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzinin rəhbəri, ekspert Cəsur Sümərinli deyir ki, iki dövlət arasında müqayisə edilməyəcək dərəcədə fərqlər var. Amma ABŞ-ın hərbi bazalarının sayı Rusiya ilə müqayisədə çox olsa da, iddia edildiyi qədər deyil. Yəni bu barədə informasiyalar bir balaca şişirdilib:

- Məsələ burasındadır ki, NATO-nun hərbi bazaları da ABŞ-ın obyektləri kimi qələmə verilir. Onları bir-birinə qatmaq olmaz. Belə fikirlər var ki, modern dünyada, texnologiyanın inkişaf etdiyi bir zamanda canlı hərbi qüvvələrə ehtiyac yoxdur. Ancaq texnikanın aşırı inkişafına baxmayaraq, hərbi baza anlayışı öz əhəmiyyətini bu gün də qoruyub saxlayır. Çünki istənilən şəraitdə canlı hərbi qüvvəyə ehtiyac duyulur. Ona görə də qeyri-stabil sayılan ərazilərdə təhlükəsizlik tədbirləri məqsədi ilə "sözü keçən” dövlətlərin hərbi bazaları yerləşdirilir. Bu üsulla istənilən qaynar nöqtədə sabitliyi müəyyən qədər qoruyub saxlamaq mümkündür.

- ABŞ-la Rusiyanın hərbi baza anlayışı eynidirmi?

- Xeyr, tamamilə fərqlidir. Düzdür, istənilən halda xarici ölkələrdə hərbi bazalar zorla yerləşdirilir və bölgəni təzyiq altında saxlamaq məqsədi daşıyır. Burda siyasi və iqtisadi maraqlar mühüm rol oynayır. Elə bu səbəbdən ABŞ neft-qaz enerjisi ilə zəngin olan ərazilərdə hərbi bazalar yerləşdirməkdə daha maraqlıdır. İran körfəzi ölkələrini və İraqı buna misal göstərmək olar. Ancaq Qərb ölkələri hərbi təşəbbüslərini Rusiya kimi səs-küylə həyata keçirmir. ABŞ-dan fərqli olaraq Rusiya hərbi baza məsələsində aqressivdir və işğal etdiyi bütün ərazilərdə dərhal zor gücünə hərbi qüvvələrini yerləşdirməyə cəhd edir. Gürcüstanın zəbt olunmuş ərazilərini buna misal göstərmək olar. Təbii ki, bu yanaşma qarşı tərəfin iradəsinə ziddir və qarşılıqlı anlaşma əsasında həyata keçirilmir. Aydındır ki, bu, Kremlin ənənəvi olaraq həyata keçirdiyi təhdid və təzyiq siyasətinin davamıdır. Ancaq ABŞ-ın stili bu deyil. Rəsmi Vaşinqton daha çox çalışır ki, xarici ölkələrdəki hərbi bazalarını qarşılıqlı anlaşmaya əsasən yerləşdirsin. Çünki bu variant effektli olur və təhlükəsiz başa gəlir.

- Hansı ölkənin hərbi bazası çoxdur? Superdövlətin, yoxsa Rusiyanın?

- Rusiyanın hərbi bazaları ABŞ-ınkı qədər çox deyil. Bunu iddia edənlər yanılırlar. Rusiyanın xarici ölkələrdəki hərbi mərkəzləri son illər ərzində yaradılıb. Bu bölgələr də bir sıra ərəb dövlətləri və Orta Asiya ölkələridir.

- Bəs daxili hərbi potensiala görə hansı dövlət daha güclüdür?

- Rusiya çalışır ki, ümumi hərbi gücünü qüvvətləndirsin. Bu baxımdan özü istehsal etdiyi hərbi silahlarla ordusunu gücləndirməyə çalışır. Amma bu istiqamətdə də ABŞ-dan xeyli geri qalır. Rusiyanın hərbi büdcəsi 42 milyard dollardır. ABŞ-ın müdafiə büdcəsi isə 600 milyard dolları keçib. Eyni zamanda Rusiya bu gün daha çox ağır hərbi texnika ilə silahlanmağa üstünlük verir. Ancaq Amerikanın hərbi gücləri daha çox informatika texnologiyalarına yiyələnir. Tərəflər arasında baş verəcək hər hansı müharibədə ABŞ malik olduğu texnika ilə daha qısa zamanda və daha az şəxsi heyətlə qələbə qazana bilər. Rusiyanın hərbi ekspertləri də etiraf edirlər ki, Rusiya yeni bir müharibəyə girişərsə, hərbi cəhətdən iflasa uğrayacaq.

- "Azərbaycanda Rusiyanın hərbi bazası yerləşdirilsin” təklifinə münasibətiniz necədir?

- Bu, çox uğursuz və dövlətimizin milli-maraqlarına zidd olan təklifdir. Hesab edirəm ki, belə biabırçı söhbətlərə birdəfəlik son qoyulmalıdır. Əslində bu cür fikirlərin səsləndirilməsi ictimai rəyi öyrənmək məqsədi güdür. Düzdür, Azərbaycanla Rusiya arasında çox ciddi hərbi-strateji əməkdaşlıq var. Azərbaycan Rusiyadan 4 milyard dollarlıq silah-sursat alıb. Amma buna baxmayaraq, Moskva düşmən Ermənistanla daha sıx əməkdaşlıq edir. Rəsmi Bakı Kremllə əlaqələri normallaşdırmağa çalışdıqca, Moskva da Yerevanla münasibətləri yaxınlaşdırır. Biz rus qoşunlarını Azərbaycana gətirsək, Rusiya Qarabağ məsələsində bizə güzəştə gedəcək düşüncəsi isə kökündən yanlış və absurddur.

İsmayıl