Narazılıq edənlər məcburi köçkün ailəsi deyil

Razılıq əldə edilib, yerli sakinlər də köçürüləcək




Məskunlaşdıqları evlərindən metropoliten deposunun tikintisi səbəbindən köçürülmələrinə etiraz edən 6 köçkün ailəsi ilə razılıq əldə edilib. Xatırladaq ki, 7-ci mikrorayon ərazisində, Xarici dairəvi küçəsi, 3126/27-ci məhəllədə məskunlaşan 6 məcburi köçkün ailəsi metro deposunun tikintisi səbəbi ilə köçürülmələrinə etiraz edirdi.

Köçkünlər məskunlaşdıqları ərazidə evləri şəxsi vəsaitləri hesabına tikdiklərini əsas gətirərək kompensasiya ödənilməsini tələb edir və Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən Mehdiabad qəsəbəsində onlar üçün ayrılmış fərdi mənzillərə köçməkdən imtina edirdilər. Köçürülməyə etiraz edən 6 ailə bir neçə dəfə etiraz aksiyası da keçirmişdi. Dünənsə məlum oldu ki, 6 ailə artıq köçürülməyə razılıq verib və onların ev əşyaları daşınır.

Metropolitenin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev KİV-ə hadisə yerində olduğunu və ərazidə heç bir aksiyanın keçirilmədiyini bildirdi: "Metropoliten, Binəqədi Rayon İcra Hakimiyyəti, Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinin nümayəndələri və polislər burdadır. Heç bir qarşıdurma yoxdur”.

Mətbuat xidmətinin rəhbəri onu da bildirib ki, hər hansı söküntüdən söhbət getmir: "Hələ ki, insanların gözü qarşısında ev əşyalarını aktlaşdıraraq, tam hüquqi əsaslarla evdən çıxararaq yük maşınlarına yüklənir. Daha sonra onlar hansı ünvana desələr, öz işçi qüvvəmizlə həmin əşyaların o ünvana çatdırılmasını təmin edəcəyik. Hazırda evlər sökülmür. Ev sahibləri narazılıq edir. Amma hansısa aksiya yoxdur”.

Günün sonunda məlum oldu ki, narazılıq edən 2 ailədir, amma onlar məcburi köçkün deyillər, yerli sakinlərdir. Deyilənə görə, bu ailələrlə də razılıq əldə edilib. Evlər boşaldıqdan sonra söküntü işlərinə başlanılıb.

Belə vəziyyətlə ailələrinin kompensasiya tələbi nə dərəcədə qanunidir? Əslində, şəxsi vəsaiti hesabına ev tikmiş qaçqın-köçkün ailələri, yataqxanalarda məskunlaşmış ailələrdən fərqli situasiyadadır. Digər həmvətənləri kimi dövlət müssisələrini zəbt etmədiklərini, yataqxanada məskunlaşmadıqlarını deyən köçkün ailələrinin kompensasiya tələbi əsaslı görünür.

Yaranmış problemə münasibət bildirən Konstitusiya Araşdırmaları Fondunun sədri, hüquqşünas Əliməmməd Nuriyev "Şərq”ə açıqlamasında qeyd etdi ki, köçkün ailələrinin tələbi o zaman hüquqi əsas qazana bilər ki, tikilmiş evlərə dair əllərində sənədləri olsun:

- Həm mülki qanunvericiliyə, həm də torpaqların dövlət ehtiyacları üçün alınması qanununa görə, kommunikasiya xətləri keçən ərazilərdə tikilmiş evlər əhalinin təhlükəsizliyi baxımından sökülməlidir. Həmçinin, torpaqların dövlət ehtiyacları üçün alınmasında da ərazidə yaşayanların köçürülməsi prosesi həyata keçirilir. Ola bilsin, məcburi köçkünlərin məskunlaşdığı həmin ərazidə metro deposunun tikintisi əvvəlcədən planlaşdırılıbmış. Lap, depo tikintisi sonradan qərarlaşdırılsa belə, bu, artıq dövlət ehtiyacı sayılır və orada yaşayan əhali köçürülməlidir. Qalır, məsələnin digər tərəfi; əhaliyə kompensasiya verilməsi məsələsi. Kompensasiya nağd şəklində də ola bilir, mənzillə təmin etmək yoluyla da. Bu, tərəflər arasında əldə olunacaq razılaşmadan asılıdır. Üçüncü vacib məsələ, məskunlaşmış əhalinin mülkiyyət sənədlərinin olub-olmamasıdır.

Əgər o evlər qanuna müvafiq tikilibsə və vətəndaşların əlində mülkiyyəti təsdiq edən sənədləri varsa, kompensasiya tələbində haqlıdırlar. Evlərin tikintisinə rəsmi icazənin, eləcə də mülkiyyət sənədinin olması kompensasiya ödənilməsi üçün hüquqi əsas yaradır. Onlara kompensasiya da ödənilə bilər, eyni ölçüdə başqa mənzillə də təmin edilə bilərlər. Belə olan halda vətəndaşın seçimi əsas götürülür. Kimsə kompensasiya istəyir, eləsi də olur ki, başabaş mənzillə təmin edilməklə razılaşır. Köçürülmə işləri qarşılıqlı razılaşma əsasında olmalıdır. Sənədsiz evlər olduqda isə vəziyyət fərqlidir. Ona görə də ilk növbədə dəqiqləşdirmək lazımdır ki, həmin ailələrin orada məskunlaşmasına razılıq olubmu? Bu, əsas şərtlərdən biridir. Amma əgər ailələrin mülkiyyət hüququnu təsdiq edən sənədləri yoxdursa, dövlət onlara mənzil verir. Köçsünlər. Məncə, bu situasiyada dövlət təminatçı kimi üzərinə düşən vəzifəni yetərincə yerinə yetirir. Vətəndaşlar yenə də razılaşmırsa, onda məhkəməyə müraciət etsinlər. Bütün hallarda vətəndaşlar məhkəməyə müraciət etmək hüququna malikdirlər.

Məlahət Rzayeva