Qobustanda faciə yaşandı: Məşhur rejissorun qızı həlak olub





Azərbaycanın Qobustan rayonunda faciəli hadisə baş verib. Hadisə Qobustan rayonunun "Cənnət bağı” İstirahət-əyləncə Mərkəzində qeydə alınıb. Bakı Oksford Məktəbinin müəllim və şagirdlərinin əyləndiyi elektromaşın ("Elektrokar”) aşıb.

Nəticədə maşında olan 10 yaşlı Qorcu Dəniz Tərlan qızı hadisə yerində dünyasını dəyişib.

Məktəbin digər şagirdi - 12 yaşlı Hacızadə Ayla Rövşən qızı və məktəbin müəlliməsi, 1971-ci il təvəllüdlü Əzizova Aytən Faiq qızı müxtəlif bədən xəsarətləri ilə Qobustan Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.

Baş verən bədbəxt hadisə nəticəsində sınıq və əzik xəsarətləri alan Bakı Oksford Məktəbinin şagirdi, 12 yaşlı Ayla Hacızadə və məktəbin müəlliməsi, 43 yaşlı Aytən Əzizova müalicə üçün Bakıya göndərilib.

APA-nın xəbərinə görə, hazırda rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerinə gəliblər.

Qobustan rayon Prokurorluğundan APA-ya bildirilib ki, hadisə ilə bağlı hələlik saxlanılan yoxdur.

"Cənnət bağı” istirahət mərkəzinin sahibi Naina Bakaldina APA-ya bildirib ki, elektrokarı Aytən Əzizova idarə edirmiş. "Aytən Əzizova dairəvi yolda idarəetməni itirib və elektrokar aşıb. Hadisənin baş verməsində otelimizin heç bir günahı yoxdur”, - deyə bildirib.

Qeyd edək ki, hadisə nəticəsində dünyasını dəyişmiş 10 yaşlı Qorcu Dəniz tanınmış rejissor Tərlan Qorçunun qızıdır.