“Paqon” söhbəti... və ya yuxusuzluq

Ordumuzdakı itkilərin 20 faizi yol qəzaları ilə bağlıdır


Son vaxtlar hərbçilərin iştirakı ilə baş verən avtomobil qəzalarının sayı kəskin şəkildə artıb. Demək olar ki, həftədə ən azı 1-2 dəfə "hərbçilər qəzaya uğradı” başlıqlı xəbərləri oxumaq və yazmaq məcburiyyətindəyik. Bəs bunun əsl səbəbi nədir? Ekstremal vəziyyətdə, dağlıq, kəskin relyefə malik ərazilərdə avtomobil idarə etməli olan hərbçi günün günorta çağı asfaltda avtomobili idarə edə bilmir! Birdən müharibə başlasa, necə olacaq? Ümumiyyətlə, məsələnin kökündə nə dayanır? Əslində bununla bağlı qeyri-rəsmi olaraq bir neçə versiya irəli sürülür.

Həmin versiyalardan biri budur ki, hərbi hissələrdə avtomobillərin təmiri həmin avtomobilləri idarə edən sürücü-əsgərlərə "həvalə olunur”. Başqa bir fikrə görə isə həmin sürücülərin əksəriyyəti naşıdırlar.

Qeyd edək ki, son 5 ayda Azərbaycan ordusu 72 hərbçisini itirib. Onlardan 10-u avtomobil qəzalarında dünyasını dəyişib.

Ehtiyatda olan polkovnik-leytenant, hərbi ekspert Üzeyir Cəfərovun fikrincə, Azərbaycan ordusunda əsgər sürücülər peşəkar deyillər: "Ona görə də belə hadisələr baş verir. Bunun birinci səbəbini valideynlərdə görürəm. Bəzi valideynlər övladının rahat yerdə xidmət etməsini istəyirlər. Ona görə müxtəlif yollarla sürücülük vəsiqəsi əldə edirlər və faktiki olaraq övladlarını böyük bəlaya düçar edirlər. Onların əksəriyyətində təcrübə yoxdur. Ümumiyyətlə, 2-3 ay ərzində peşəkar sürücü olmaq mümkün deyil”. Ü.Cəfərov problemin digər səbəbini komandirlərdə görür. Onun fikrincə, bu məsələdə yerlərdəki komandirlərin çox böyük məsuliyyətsizliyi var. Ekspert hesab edir ki, komandir düşünməlidir ki, bu təcrübəsiz insan həm özünü bədbəxt edəcək, həm də ətrafındakıları: "Belə qəzaların sayının azalması üçün əsgərlərin xüsusi hazırlığına ehtiyac var. Əvvəllər yerlərdəki hərbi komissarlıqların hesabına sürücülər hazırlanırdı və 500 kilometrlik marş həyata keçirilirdi. 500 kilometr elmi cəhətdən əsaslandırılmış məsafədir. Bizdə bu təcrübə tətbiq olunmadığına görə, hər ay saysız-hesabsız qəzaların şahidi oluruq”.

Ü.Cəfərov sürücü əsgərlərin idarə etdikləri avtomobillərin ehtiyat hissələrinin onların "boynuna qoyulmağı” ilə bağlı məsələlərə də münasibət bildirib. Onun sözlərinə görə, qəzaların çoxluğunun başqa bir səbəbi də məhz budur: "Bu gün ordu sıralarında xidmət edən əsgərlər bu faktı təsdiq edərlər ki, əsgərlərə maşınların ehtiyat hissələri heç də hər yerdə verilmir. Verilirsə də, çox cüzi hissəsi verilir. Yerdə qalan məsələlər əsgərin öz hesabına həll olunur. Bəzən əsgərin imkanı olmur. Ona görə də vaxtı ötmüş, istismar müddəti keçmiş ehtiyat hissələrdən istifadə edirlər. Bu da faciələrə səbəb olur”.

Polkovnik-leytenant qeyd edib ki, yararsız ehtiyat hissələrinin istifadəsi yolverilməzdir və bu, cinayətdir. Onun sözlərinə görə, əksər hərbi hissələrdə maşının detalı sıradan çıxanda valideynlərin pulu ilə bərpa olunur: "Onlar valideyni buna məcbur edirlər. Kim desə ki, belə şey yoxdur, o, qeyri-səmimilik edir və bu, cinayətə yol verənlərə bəraət vermiş olur”.

Nəqliyyat eksperti Ərşad Hüseynov isə hesab edir ki, bu cür qəzaların əksəriyyəti hərbçilərimizin "paqon”una güvənməsindən qaynaqlanır: 
"Sözün açığı, bu məsələ son zamanlar mənim də diqqətimi çəkib. Hətta araşdırma apardım və hesabladım ki, il ərzində Azərbaycan ordusu 70 hərbçi itirirsə, onun 10-15-i məhz avtomobil qəzası səbəbindən baş verir. Bu isə ordumuzdakı itkilərin 20-dən çox faizi deməkdir. Hərbçilərin qəza törətməsində iki əsas nüansı vurğulamaq istərdim. Bir var ki, hərbçilərimiz hərbi nəqliyyat vasitəsini idarə edərkən qəza törətsin, biri də var şəxsi avtomobil. Bunlar tamam fərqli hadisələrdir. Bəzən içərisində əsgərlər olan hərbi avtobuslar qəzaya düşsə də, adətən zabitlərimiz şəxsi avtomabilləri ilə qəza törədirlər, yaxud da kiminsə avtomobilində qəzaya düşürlər. Problemin kökü də müxtəlifdir. Amma araşdırma zamanı belə bir qənaətə gəldim ki, orada "paqon” söhbəti var. Azərbaycanda, xüsusən də cəbhə bölgəsi və təmas xəttinə yaxın bölgələrdə Dövlət Yol Polisi əməkdaşları hərbçilərə hörmət edirlər. Bir növ insani münasibət sərgiləyirlər. Amma bu, qanuna ziddir. "Yol hərəkəti haqqında” qanunda hər kəs eyni hüquqa sahibdir, adi vətəndaşla hərbçi arasında ayrı-seçkilik yoxdur və heç bir rütbə sahibinə hərəkətdə ayrıca üstünlük verilmir. Onlar hətta bəzən yol hərəkəti qaydalarını mülki şəxslərdən daha kobud şəkildə pozurlar”.

Ekspertin sözlərinə görə, hərbçilərin qəzaya düşməsinin bir səbəbi də zabitlərin iş çıxışı uzun yola çıxması ilə bağlı ola bilər: "Adətən hərbçilərimiz gecə saatlarında qəza törədirlər. Bu qəzalarla maraqlanan zaman öyrəndim ki, bütün gecəni növbədə qalan zabit növbə bitən kimi başqa bir rayona gedirmiş və yolda qəza törədib. Bəzən isə qəzalara hərbçilərimizin tələskənliyi səbəb olur. Amma onlar hərbçi olduğu üçün qaydalarla mülki şəxslərdən belə daha intizamlı davranmalıdır. Hərbi qulluqçular yalnız vəzifə başında deyil, ümumilikdə ictimai qaydalara münasibətdə də yüksək nizam- intizam sərgiləməli və digər vətəndaşlar üçün örnək olmalıdır. Bunun üçün isə qeyd etdiyim "paqon” söhbəti aradan qaldırılmalıdır. Özü də bir şeyi də qeyd edim ki, əsgərlər kazarma şəraitində olduğu üçün onların avtomobillə kənara çıxmaqları qanunla qadağandır. Qəzalar ancaq zabit heyəti tərəfindən törədilir. Bu da bizim üçün kifayət qədər xoşagəlməz bir itkidir. Odur ki, bu məsələyə ciddi önəm verilməli və qaynaqları araşdırılmalıdır. Hətta hərbi hissələrdə bununla bağlı təbliğat aparılmalı və hərbi qulluqçularımız diqqətli olmağa çağırılmalıdır.

Şəymən