Poroşenko prezident seçildi (YENİLƏNİB-2, VİDEO)

Yuliya Timoşenko 12,9 % səslə 2-ci yeri tutub


Ukraynada prezident seçkiləri sona çatıb. Ukraynanın birinci telekanalı Ukrayna üzrə səsvermənin exit poll-unu açıqlayıb.
Telekanalın keçirdiyi sorğuya görə prezidentliyə namizəd Petro Poroşenko səsvermənin ilk turunda qalib gəlib.

Petro Poroşenko - 55,70 %

Yuliya Timoşenko - 12,9 %

Oleq Lyaşko - 8,8 %

Anatoli Qricenko - 6 %

Sergey Tyaqipko - 4,6 %

Dmitri Jaroş - 1,1 %

Mərkəzi Seçki Komissiyası ilkin rəsmi nəticələri yaxın saatlarda elan edəcək.







22.13

Ukraynada prezident seçkiləri sona çatıb. Ukrayna Mərkəzi Seçki Komissiyasının (MSK) məlumatına görə seçicilərin 50 faizdən çoxu artıq səs verib.

ANS PRESS-in məlumatına görə, seçki məntəqələri yerli vaxtla saat 08:00-da açılıb, bu yaxınlarda isə sona çatıb.

Qeyd edək ki, seçki bülletenə prezidentliyə 21 namizədin adı daxil edilmişdi. Namizədlərdən heç biri səslərin çoxunu (50 faiz +1 səs) toplaya bilməsə, onda iyunun 15-də Ukraynada prezident seçkilərinin ikinci mərhələsi keçirilməlidir.

Seçkilər bitdikdən sonra parlamentdəki "Batkıvşina” fraksiyasının sədr əvəzi Sergey Sobolovev brifinq keçirib. O deyib ki, seçkilər baş tutmuş hesab olunur. Bu isə o deməkdir ki, Rusiyanın və şəxsən Vladimir Putinin Ukraynadakı seçkiləri pozmağa hesablanmış planı puç olub".

Ölkənin regionlarından isə seçkilərlə bağlı təzadlı informasiyalar alınır. Donetskdə separatçılar məntəqəni dağıdıb və seçki qutularını zibil qabı kimi istifadə edib.

ABŞ-ın keçmiş dövlət katibi Madeleine Albright da mayın 25-də Kiyevdə prezident seçkisini izləyib. Ən maraqlısı isə Krım tatarlarının qorxmadan seçkidə səs vermək üçün Krımdan Ukraynaya uzun yol getmələri hesab edilir.

Ukraynanın şərqində Rusiya tərəfdarları olan separatçıların nəzarət etdikləri Luqansk şəhərində fəaliyyət göstərən azsaylı seçki məntəqələrindən birində qəribə hadisə baş verib. Mayın 25-də ərazidə olan Ukrayna əsgərləri səs vermək üçün məntəqəyə yaxınlaşıblar. Seçki məntəqəsinin rəsmiləri isə əsgərləri silahlı separatçılar zənn edərək qorxudan məntəqədən qaçıblar.

Bu barədə Ukrayna Mərkəzi Seçki Komissiyasından məlumat verilib. Komissiyadan bildirildiyinə görə məntəqə üzvlərini əli silahlı əsgərlərin separatçı yaraqlılar olmadığına inandırmaq xeyli vaxt alıb.

Prezident seçkisində rəsmilər yüksək seçici fəallığı olduğunu deyirlər. Paytaxt Kiyevdə səs verməyə gələn seçicilərin uzun növbələri yaranıb. Amma Rusiya tərəfdarları olan silahlı separatçıların nəzarət etdikləri iki şərq regionunda – Donetsk və Luqanskda seçkini təşkil etmək mümkün olmayıb. Donetskdə separatçılar seçki qutularını nümayişkaranə şəkildə dağıdıblar.

İlkin rəy sorğuları şokolad istehsalçısı, milyarder Petro Poroşenkonun öndə olduğunu göstərir. Amma onun qalib olmaq üçün mütləq səs çoxluğunu qazana biləcəyi guman edilmir. 18 namizəd arasında onun ən yaxın rəqibi keçmiş baş nazir Yuliya Timoşenkodur.