Avropadan öyrənsəydik...- Ayyət Əhməd yazır






Mədəniyyət istənilən cəmiyyətin yaşaması üçün mühüm bir qida mənbəyidir. Mədəniyyətsiz cəmiyyətlər məhvə məhkumdurlar. Adını unutduğum müdriklərdən biri deyib ki, "hansı xalqı məhv etmək istəyirsənsə, öncə mədəniyyətini əlindən al". Bu ünlü kəlam cəmiyyətin mövcudluğunda mədəniyyətin oynadığı rolun böyüklüyünü aydınca ortaya qoyur. Amma Azərbaycan reallıqları fonunda görünən odur ki, son zamanlar belə ibrətamiz deyimlər yaddaşlardan silinib. Maddiyyat mənəviyyatın önünə keçib. İnsanlar mədəniyyət istehlakçısı deyil, mədəniyyətsizlik istehsalçısına çevrilib. Çünki zamanında övladını qənddandan icazəsiz qənd götürdüyünə görə tənbeh edən valideynlər, indi deyirlər ki, "bala, palaza bürün, elnən sürün". Yəni kim oğrudursa, sən də o cür ol. Ölkəmizdə mədəniyyətin korrupsiyalaşması prosesi gedir. 

Bu səbəbdən cəmiyyətimizdə çoxsaylı aşınmalar baş verir. Misal olaraq yaxın keçmişdə Şabranda, Tovuzda və Ağcabədidə ərli qadınların evli (imkanlı) kişilərə qoşulub qaçması, paytaxtda bacının öz bacısını amansızca qətlə yetirməsi və Goranboyda bir kişinin evdən qaçan qadının 7 nəfərdən ibarət ailə üzvünü "of" demədən məhv etməsi hadisələrini göstərə bilərik. Bu cür rüsvayçılığın törəmə səbəbləri bir çox hallarda mədəniyyət qarışıqlığı ilə izah olunur. Sadaladığım hadisələr yaşanan zaman bir sıra sosioloq və ictimai xadimlər bunu Avropanın ayağına yazdılar. Qərb dəyərlərinin ölkəmizə ayaq açıb,bizi də korladığını söylədilər. Avropa ölkələri mədəniyyəti və sivilizasiyasına yaxından bələd olduğum üçün həmin iddialar məndə təəccüb doğurdu. Bu baxımdan hər iki cəmiyyətdəki mövcud gerçəklikləri detalları ilə müqayisə etdim. Müqayisəni təqdim edirəm.

Avropa: Doğrudur, cütlüklər adətən nikaha girməkdən çəkinirlər. Amma nikahda olduqları müddətdə xəyanətə yol vermirlər. Xəyanəti qarşılıqlı razılaşma əsasında gerçəkləşdirirlər. Tərəflərdən biri narazılıq edərsə, nikahdan ayrılırlar.

Azərbaycan: Nikahda ola-ola, evdə iki azyaşlı körpəsini qoyub, "demokratiyadır" deyərək qoşulub qaçır. İki gündən sonra "övladlarımı aparmağa gəlmişəm" deyərək əri evinə qayıdır.

Avropa: Bütün ailələr qarşılıqlı sevgi əsasında qurulur. Kimsə kimisə özünə zorla arvad etmir.

Azərbaycan: Nəinki zorla arvad etmək, "niyə mənim arvadım olmursan?" deyib, gedib ailə üzvlərinin üstünə silahla hücum çəkir.

Avropa: Normal insanlar üçün mobil nömrələrin "zerkalni" olub-olmamasının fərqi yoxdur. Mobil nömrələr yalnız əlaqəyə xidmət göstərən vasitə sayılır. Eyni operatora məxsus bütün mobil nömrələr stabil qiymətə satılır. "Zerkalni" nömrələrdən yalnız qədim peşə sahibləri istifadə edir.

Azərbaycan: Əksəriyyət "zerkalni" nömrə işlətməkdə maraqlıdır. Hətta belə nömrələrə iki yüz manatdan beş min manata qədər qiymət formalaşdırmışıq. "Zerkalni" nömrə əldə etmək üçün kreditə girənlər də var. Belə nömrələrdən istifadə etməyə məmurlar daha çox meyillidirlər.

Sitat: Bu yaxınlarda "Bakcell" mobil operatorunun Qusarda jurnalistlər üçün təşkil etdiyi seminara qatıldım. Bu sualla şirkət yetkililərindən birinə müraciət etdim. Bütün mobil nömrələrin istehsal xərclərinin eyni olduğunu deyən şirkət rəsmisi bildirdi ki, bu bazarı müştərilər formalaşdırıb. Şirkət də bundan faydalanır. Müştərilər isə sənlə məndən ibarətdir.

Avropa: Təqlid məsələsi demək olar ki, yoxdur. Hər kəs öz həyatını yaşayır.

Azərbaycan: Çarəsiz bir bəlaya çevrilib. İnsanlar həyatını bunun üzərində qurur. Sabahını onunla açıb, gecəsini onunla qarşılayır. Az qala qonşu üçün yaşayırıq.

Haşiyə: Qrup yoldaşım danışırdı ki, ali təhsil almaq istəməyib. Qonşunun uşağı Azərbaycan Dillər Univeristetinə qəbul olunub deyə, valideynləri də onu məcburən hazırlığa göndərib. Bir neçə il pul tökdükdən sonra imtahanda uğurlu nəticə göstərməyib. Valideynləri var-yoxdan çıxaraq, az qala yorğan-döşəyini satıb, onu universitetə yerləşdiriblər. 4 il də əlavə pul töküb, diplom alıblar. Hazırda "alçipan" vurmaqla məşğuldur.

Avropa: İnsanlar daha gen, rahat geyim növlərinə üstünlük verir.

Azərbaycan: Orqanizmə ziyanlı açıq və dar geyimlər geyinilir.

Haşiyə: Bəzi Azərbaycan xanımlarının geyindiyi o cür geyimləri Fransada fahişələr geyinir. Fahişələr bu geyimi özlərinin simvoluna çeviriblər.

Avropa: Qonaqlar tədbir başlanılacaq saata dəvət olunur.

Azərbaycan: Qonaqlar mərasimdən yarım saat əvvələ çağrılır.

Avropa: Bütün satıcılar "zdaçı" qəpiyinə kimi qaytarır.

Azərbaycan: Buna nadir hallarda rast gəlinir.

Sitat: Bu yaxınlarda metronun "Elmlər akademiyası" stansiyası ilə üzbəüz apteklərin birindən 4,5 manatlıq dərman preparatı aldım. Ödəniş üçün xəzinədara olan-qalan 5 manatımı verdim. Pulu verdikdən sonra o mənim üzümə, mən də onun üzünə baxdım. Xeyli baxışdıq. Qalığı qaytarmaq fikri yox idi. Hələ "nə gözləyirsiniz" sualını da verdi. Müəyyən var-gəldən sonra "zdaçımı" ala bildim. Məncə, hər kəs ən azı bir neçə dəfə belə vəziyyətlə üzləşib.

Avropa: Xeyir, şər mərasimlərində məmurla sadə vətəndaş eyni masa ətrafında otuzdurulur. Həmin masada bir sıra mövzular barədə müzakirələr açırlar. Elə mövzu seçirlər ki, məmur da, fəhlə də o mövzudan danışa bilsin.

Azərbaycan: Bir balaca vəzifəsi olan adam süfrənin başına keçirilir. Kəndli, fəhlə, fəqərə-füqara yanına buraxılmır. Özü də ki, bizdə süfrə ətrafında danışmaq ən böyük mədəniyyətsizlikdir. Atalarımız belə deyib. Niyəsi onların boynuna.

Avropa: Məmur xalqın xidmətçisi sayılır. Hətta bəzən xalq ölkəsinin nazirini də tanımır. Nazirin millətlə bərabər velosipedlə işə getməsi halına da tez-tez rast gəlinir.

Azərbaycan: Hökumət və dövlət funksioneri əlçatmazdır. Hətta "JEK" müdiri belə sadə vətəndaşın gəzdiyi parkda gəzmir. Minik vasitəsi kimi ancaq avtomobildən istifadə edilir. Maşınsız bir addım belə atmırlar.

Avropa: İnsanlar bir-birinə baxmazlar. Birinin nə geyinməsi, digərini maraqlandırmaz.

Azərbaycan: Nəinki baxmaq, insanı təpədən dırnağa süzürlər. Hansısa qız açıq geyinərsə, "qəhrəman" oğlanlarımız tez maqnitofona səs verib, maşını qızın yanına sürür ki, otur, gedək.

Avropa: Gənc ədəbiyyatşünaslar, yazarlar cəmiyyətdəki hansısa pozuntular barədə kitab yazır. Adını "gəzən kitab" qoyub insan kontingentinin çox olduğu yerlərə paylaşdırır. İnsanlar o kitabı götürüb, oxuyub, maariflənirlər. Kitabı bitirəndə isə bitirdikləri yerdə buraxırlar.

Azərbaycan: Belə ədəbiyyatçı və oxucu az hallarda tapılar. Bəlkə də yoxdur. Özlərini postmodernist adlandıran yazarlar yalnız seksdən və yazıçı Anardan yazırlar.

Haşiyə: Yazıçı Günel Mövluda demək lazımdır ki, "insanların seksə olan ehtiyacı suya olan ehtiyaca bənzəyir. İnsanlar suyu yolun ortasında içdiyi kimi, yolun ortasında sekslə də məşğul ola bilər" fikrindən daşınsın. Birincisi, bu, Avropada belə mövcud deyil. İkincisi, ədəbiyyatçı seksin tərənnümünə deyil, xalqa xidmət etməlidir.

Avropa: Xidmətdə yatan əsgərlər heç zaman ilk dəfədən həbsə göndərilmir. Öncə yatma səbəbləri araşdırılır və ona uyğun tapşırıqlar verilir.

Azərbaycan: Əsgər xidmətdə yatılı tutulan kimi ən azı 10 gün, çox ağır şərtlərlə həbsə alınır. Halbuki həmin əsgər xidmətə girməzdən əvvəl dincəlmək əvəzinə, hasar tikməklə, ya da yaş mal peyini daşımaqla məşğul olub.

Sitat: Fransa hökmdarı Napoleon Bonapart döyüşlər zamanı əsgəri xidməti yerində yatılı tutur. Buna rəğmən o, əsgəri həbsə almır. Silahı ondan alıb,dincəlməyə göndərir. Yatan əsgərlərin keşiyini özü çəkir.

Avropa: Bütün insanlar avtobuslara qabaq qapıdan minib, arxa qapıdan düşürlər.

Azərbaycan: Hər iki qapıdan minirlər. Yalnız qabaq qapıdan düşürlər. Birincisi ona görə ki, kart sisteminə keçid ləngidilir. İkinci səbəb odur ki, arxa qapıdan düşənlər maşının arxasına keçərək, ödəniş etməkdən yayınırlar.

Sitat: Hər axşam 49 saylı sərnişindaşıma avtobuslarında ən azı 3 belə hala şahidlik edirəm.

Avropa: Tələbələr və müəllimlər dərsə girəndə sevinir. Çünki təhsilin insan həyatı üçün önəmini dərk edirlər. O dərsdə yeni nəsə öyrənəcəklərini və aşılayacaqlarını anlayırlar.

Azərbaycan: Əksər müəllim və tələbələr dərsdən çıxanda sevinirlər. Hətta bəzi müəllim və tələbə qarşılıqlı pul alveri sayəsində "kor olmaq" və "kor etmək" barədə razılığa gəlirlər.

Avropa: Toylarda maşın kortejləri yol hərəkəti qaydalarını pozmazlar.

Azərbaycan: Nəinki yol hərəkəti qaydalarını pozmaq, bəzən, səbəbkarların (bəy-gəlin) ölümü ilə nəticələnən hadisələr törədirlər.

Avropa: Bir digərindən aldığı əmək haqqının miqdarını soruşmaz.

Azərbaycan: Adi haldır. Ən çox da "pis də çıxmasın, nə qədər maaş alırsan" girişi ilə soruşulur.

Sitat: Azərbaycanda çalışan fransız mənşəli Deni Mönye adlı müəllimimizdən aldığı maaşın məbləğini soruşduq. Dərhal çöhrəsində qəzəb dolu ifadə peyda oldu. Sanki ona qənim kəsilmişik iddiasına düşdü. Çox sərt reaksiya verərək ölkələrində belə sualın soruşulmadığını bildirdi. Dediyinə görə, bu, şəxs həyata və işə müdaxilə sayılır.

Avropa: Kinoteatra nələrsə öyrənmək üçün gedilir. Səhnənin nümayişi zamanı hər kəs sakitliyi qorumağa çalışır.

Azərbaycan: Kinoteatr gənclərin sərbəst öpüş məkanına çevrilib.

Haşiyə: Uşaqlıqda dostlarımla Qazax rayonu mərkəzində yerləşən kinoteatra getdik ki, kinoya baxaq. Hərəmizdən 3 "məmməd" pul alıb, seks kaseti qoydular. Dərhal zalı tərk etdik.

Avropa: İnsanlar yola tüpürmür. Zibili isə yalnız zibilqabına atırlar.

Azərbaycan: Nəinki tüpürcəyini, içindəki bütün bəlğəmi də dartıb, yerə yaxır. Zibili isə çox hallarda yollara tökürlər.

Sitat: İntellektual təbəqənin cəm olduğu Bakı Dövlət Univeristetinin qabağından keçən hər bir şəxs bu halın şahidi ola bilər.

Avropa: Sosial şəbəkələrdən tanışlıq və öyrənmək məqsədi ilə istifadə olunur.

Azərbaycan: Sosial şəbəkəyə gələnlərin əsas məqsədi "qız tutmaqdır". Bu da ciddi polemikalara səbəb olur. Mübahisələr ən yaxşı halda bıçaqlanma, ən pis halda ölümlə nəticələnir. Belə məqamların saysız-hesabsız olması təkzibolunmazdır.

Budur Avropa ölkələri və Azərbaycanda olan mədəni səviyyənin aydın mənzərəsi. İndi düşünək. Azərbaycan Avropadan nəyi götürüb? Hansı Avropa dəyəri bizi korlayıb? Müqayisədən məlum olduğu kimi, Avropadan ölkəmizə bir dənə belə mədəniyyət nümunəsi inteqrasiya etməyib. Kaş gələydi. Gəlsə, bəlkə də belə eybəcər, içacıdan hadisələr yaşanmazdı. Hər halda fakt budur ki, son 23 illik müstəqillik dönəmində müasir Azərbaycan cəmiyyəti modelini cızmamışıq. Sovetlərdən qalan tapdanılmış çığırla addımlamışıq. Yeni iz salmaq böyük əzmkarlıq, əziyyət, yüksək mədəniyyət və güclü intellekt tələb edir. Bizsə, bu potensialımızı ya bilərəkdən, ya da bilməyərəkdən səfərbər edib, bəhrələnməmişik. İndi də baş verən qandonduran hadisələri Avropanın adına çıxmaqla işimizi bitmiş sayırıq. Müasir Azərbaycan cəmiyyətinə uyğun mədəniyyət cığırları salınmalı, hər kəs o izlə addımlamağa dəvət olunmalı idi. Olmadı. Yenə də gec deyil. Amma "bunu kim edəcək" sualının cavabı böyük bir sual altındadır. Çünki laqeydlik və milli tənbəllik düşüncələrimizə hakim kəsilib.

P.S. bütün avropalı və azərbaycanlılara şamil olunmur.