“Papanin”də metro tikilir

İlin sonuna kimi iki yeni metrostansiya olacaq



Bakı Metropoliteni xətlərinin konseptual inkişaf sxeminə uyğun olaraq "Bənövşəyi xətt” çərçivəsində şərti olaraq "Avtovağzal” və "Memar Əcəmi-2” adlanan yeni stansiyaların tikintisinin bu ilin sonunadək yekunlaşdırılması nəzərdə tutulur.

Bakı Metropolitenindən verilən məlumata görə, "Bənövşəyi xətt”in davamı olaraq paytaxtın "Papanin” adlanan ərazisində və Heydər Əliyev adına İdman Kompleksinin yaxınlığında yeni stansiyaların tikintisinə başlanılıb.

"Dərnəgül” stansiyasından "Xətai” stansiyasınadək uzanan "Yaşıl xətt”in davamı olaraq isə bir sıra yeni stansiyalar inşa ediləcək. Bu stansiyalar Nobel prospekti boyunca uzanaraq, "Ağ şəhər” layihəsini və Neft Emalı Zavodunun qarşısındakı ərazini əhatə edəcək.

"Yaşıl xətt”in sonuncu stansiyası isə hələlik şərti olaraq "Həzi Aslanov-2” adlandırılan stansiya olacaq. Daha sonra bu stansiyadan "Dərnəgül” stansiyasına yeni xətt çəkilməsi planlaşdırılır.