İlham Əliyevlə Vladimir Putin arasında telefon danışığı olub

Söhbət zamanı Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı məsələlər müzakirə edilib




İyunun 23-də Azərbaycan prezidenti İlham Əliyevlə Rusiya prezidenti Vladimir Putin arasında telefon danışığı olub.
Azərbaycan prezidentinin mətbuat xidmətinin bununla bağlı açıqlamasında deyilir ki, İlham Əliyev Vladimir Putinə zəng edib: "Söhbət zamanı Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında strateji əməkdaşlığa əsaslanan ikitərəfli münasibətlərimizin siyasi, iqtisadi, humanitar, hərbi-texniki və digər sahələrdə uğurla inkişaf etməsi məmnunluqla qeyd olunub, yüksək səviyyəli əlaqələrimizin bundan sonra da möhkəmlənəcəyinə əminlik ifadə edilib.
Telefon söhbəti zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı məsələlər müzakirə edilib, münaqişənin həllində Minsk qrupunun həmsədr ölkələrindən biri kimi Rusiya Federasiyasının rolu qeyd olunub. Dövlət başçıları qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparıblar”.

"Media forum” saytı xəbər verir ki, məsələ ilə bağlı Rusiya prezidentinin mətbuat xidməti də açıqlama yayıb. Həmin açıqlamada bildirilir ki, İlham Əliyev və Vladimir Putin Dağlıq Qarabağ münaqişəsini müzakirə ediblər.

Rusiya prezidentinin mətbuat xidmətinin açıqlamasında deyilir ki, regionda aktual məsələlərin, o cümlədən Dağlıq Qarabağ probleminin həlli ətrafında fikir mübadiləsi zamanı Rusiya tərəfi münaqişənin sülh yolu ilə həlli istiqamətində hərtərəfli yardım göstərməyə hazır olduğunu bəyan edib.

Rusiya prezidentinin mətbuat xidmətinin açıqlamasına görə, İlham Əliyev və Vladimir Putin Azərbaycanla Rusiya arasında əməkdaşlığın yüksək səviyyəyə çatdığını və əlaqələrin gələcək inkişafına tərəfdar olduqlarını qeyd ediblər.