Lavrov Ermənistanda Qarabağı çözür

Bakıda isə ekspertlər hesab edir ki, rusiyalı diplomat Sarkisyandan öhdəlik tələb edəcək




Dünən, Rusiya xarici işlər naziri Sergey Lavrov Ermənistana ikigünlük səfər edib. Səfər zamanı Lavrov erməni həmkarı Edvard Nalbandyanla görüşüb. Düşmən ölkənin Gömrük İttifaqına qoşulması və Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələləri müzakirə obyekti olub.

Separatçı ölkənin xarici siyasət idarəsinin rəhbəri bildirib ki, rəsmi Bakı konkretlikdən qaçır. Onun sözlərinə görə, son zamanlar atəşkəs rejiminin möhkəmləndirilməsi, snayperlərin geri çəkilməsi, insidentlərin araşdırılması üzrə mexanizmlərin yaradılması məsələləri də daxil olmaqla, ATƏT-in Minsk Qrupunun həmsədrləri tərəfindən səsləndirilən təkliflər Bakının ürəyincə deyil. Lavrov isə vurğulayıb ki, münaqişənin nizamlanması üçün istənilən səyləri dəstəkləyir: "Rusiya hesab edir ki, görüşlər nə qədər müntəzəm keçirilsə, danışıqlar prosesi bir o qədər dinamiklik əldə edər”. Ermənistan-Türkiyə münasibətləri ətrafında da fikir mübadiləsi aparılıb. Rusiyalı diplomat qeyd edib ki, Moskva Ermənistan və Türkiyə arasında münasibətlərin normallaşdırılmasına öz töhfəsini verməyə hazırdır. O, Ermənistan və Türkiyə arasında infrastrukturun bərpa edilməsinə də yardımçı ola biləcəklərini açıqlayıb.

S.Lavrovun İrəvan səfərini şərh edən politoloq Natiq Miri "Şərq”ə açıqlamasında görüşlərin hesabat xarakterli olduğunu qeyd edib. Ekspert hesab edir ki, rusiyalı diplomat Sarkisyandan Ermənistanın bundan sonrakı addımları barədə müəyyən öhdəliklər tələb edəcək: "Şimal qonşumuz və separatçı ölkə üçün önəmli məsələlərdən biri də Gürcüstan, Rusiya və Ermənistan dəmiryol xəttinin açılmasıdır. Sarkisyanın buna hava-su kimi ehtiyacı var. Ermənistan rəhbəri bu yöndə ciddi addımlar atmağa başlayıb. Amma rəsmi Tiflis xəttin açılmasına razılıq verməyib”.

Sabiq dövlət müşaviri, politoloq Vəfa Quluzadə səfərdən gözləntiləri ilə bağlı bunları deyib: "Lavrov İrəvandadır. Rusiya deyir ki, Ermənistanla sülh prosesi başlayır, biz buna qarantiya veririk. Qarantiyanın əsası 1-2 rayonun boşaldılmasından başlaya bilər. Burada sözsüz ki, Rusiyanın sülhməramlı məsələləri də ortaya gələ bilər. Rusiya öhdəlik götürə bilər ki, 7 rayonu boşaldıb öz sülhməramlılarını ora yerləşdirsin. Rusiyanın 7 rayonu öz nəzarəti olmadan işğaldan azad etməsi inandırıcı deyil. Bu variantlar mümkündür. Başqa bir şey gözləmirəm”.

Ayyət Əhməd