Vəhhabi təhlükəsi ciddidir, sistemli addımlar atılmalıdır

Sülhəddin Əkbər: “Maliyyə əlaqələrindən tutmuş, başqa strateji sahələrə qədər kəşfiyyat işləri aparılmalıdır”
Aqil Abbas: “Etiraf etməliyik ki, xaricdə olduğu kimi ölkə daxilində də “ilana zəhər verən kərtənkələlər” var. Bunlar əməliyyatlar nəticəsində üzə çıxarılıb cəzalandırılmalıdır”


İyunun 20-də İçərişəhərdə yerləşən və sələfi-vəhhabi mərkəzi kimi tanınan "Aşurbəy” məscidində Daxili İşlər və Milli Təhlükəsizlik nazirliklərinin əməkdaşları birgə əməliyyat keçiriblər. Əməliyyat zamanı polisə müqavimət göstərən vəhhabilərdən 20 nəfəri saxlanılıb.

Xüsusi orqanlar tərəfindən məsciddə aparılan axtarış bəzi dini kəsimlərin narazılığına səbəb olsa da, əməliyyatda ələ keçirilən materiallar ibadət adı altında bir araya toplaşan qruplaşmanın həqiqətdə hansı işlə məşğul olduqlarını ortaya çıxarıb. Əməliyyatda iştirak etmiş rəsmi şəxslərdən birinin verdiyi məlumata görə, məsciddən böyük məbləğdə pul çıxıb. Həmçinin, əməliyyat zamanı həmin pulları verən şəxslərin adlarının yazıldığı dəftər də aşkarlanıb. Bu isə sübut edir ki, bəşəriyyəti narahat edən həmin dini qruplaşma iddia edildiyi kimi sadəcə xaricdən deyil, eyni zamanda daxildən də dəstək görür və maliyyələşir. Qeyd edək ki, məsciddən qadağan olunmuş xeyli sayda ədəbiyyat da müsadirə edilib. Milli təhlükəsizlik üzrə ekspert nazirinin birinci müavini olmuş Sülhəddin Əkbər deyir ki, cəmiyyətdə yaranmış boşluq radikal dini cərəyanlar tərəfindən tutulub. Onun sözlərinə görə, dəfələrlə real təhlükə ilə bağlı xəbərdarlıq edilsə də, xəbərdarlıq qulaqardına vurulub. Nəticədə Azərbaycanın qapısını əli silahlı, ekstremist qüvvələr döyməyə, təhdid etməyə başlayıblar: "Biz əvvəldən bəyan edirdik ki, sivil cəmiyyətə edilən basqı radikal qanadları aktivləşdirəcək. Artıq dövlət qurumları xəvariclərə, sələfilərə, müxtəlif radikal dini qruplaşmalara təhlükə kimi baxmağa başlayıb. Azərbaycanlıların Suriya və İraqda döyüşlərdə iştirak etməsi ciddi təhlükədən xəbər verir. Ona görə də, dövlət hərəkətə keçib. Ancaq bu əməliyyatların profilaktik xarakter daşıdığını düşünürəm”.

S.Əkbərin fikrincə, daha ciddi və sistemli addımlar atılmalıdır: "Əməliyyatlar inzibati cəza ilə yekunlaşmamalıdır. Kompleks tədbirlər görmək lazımdır. Xaricdə və daxildə kəşfiyyat işləri aparmaq, sistemli, məqsədyönlü, peşəkar tədbirlər görülməlidir. Çünki real təhlükə mövcuddur. Azərbaycanlılar heç uğruna canlarından keçirlər. Bu, ölkəmizə qarşı ciddi çağırışdır. Nümayiş xətrinə əməliyyatlar həyata keçirmək olmaz. Maliyyə əlaqələrindən tutmuş, başqa strateji sahələrə qədər kəşfiyyat işləri aparılmalıdır”.

Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü, deputat Aqil Abbas bu cür əməliyyatları dəstəkləyir və davamlı olmasını istəyir: "Azərbaycanı təriqətlərə bölmək, parçalamaq kimi söz-söhbətlər gedir. Təkcə ona arxayınam ki, xalqımız bir-biri ilə qohumdur, qanımıza hopmuş mental dəyərlərimiz var. Yəni sabah hansısa təhlükə ilə üzləşsək, terrorçular İraqdakı kimi öz istəklərinə nail ola bilməyəcək. Fikrimcə, həmin dini qruplar xarici dövlətlərdən dəstək alırlar. Düzdür, vəhhabilərə yerli adamlar tərəfindən də pul yardımı edilir, amma yəqin ki, çoxları ianələrinin hara sərf olunduğunu, kimə getdiyini bilmirlər. Hamımız müxtəlif ibadət yerlərindən keçəndə nəzir qutusuna pul salırıq, ancaq yanında durub gözləmirik ki, görək o pulları kim aparır. Təbii ki, məqsədli şəkildə vəhhabilərə külli miqdarda maliyyə yardımı edənlər var. Bunu inkar etmək olmaz. Yəqin ki, xüsusi xidmət orqanlarında həmin "yardımsevər” şəxslərin adları var və onlar barəsində zəruri addımlar atılacaq. İstənilən halda DİN və MTN tərəfindən görülən işlər davamlı olmalıdır”.

Millət vəkili deyir ki, sovet dövrü dağılana qədər Azərbaycanda sünni-şiə söhbəti, məzhəb davası olmayıb: "Biz belə şeylərlə maraqlanmamışıq. Bütün müsəlmanlar bir damın altında mehriban şəkildə yaşayıb. Məsələn, Qarabağ camaatına şiə deyirlər, amma mənim şiələrin qəbul etmədiyi hz.Ömərə, Əbu Bəkrə, Osmana böyük hörmətim var. Yəni demək istəyirəm ki, indiki gərgin dini vəziyyəti xarici qüvvələr yaradıblar. Ancaq etiraf etməliyik ki, xaricdə olduğu kimi ölkə daxilində də "ilana zəhər verən kərtənkələlər” var. Bunlar əməliyyatlar nəticəsində üzə çıxarılıb cəzalandırılmalıdır. Problem ondadır ki, vəhhabilərə qarşı hər hansı əməliyyat keçiriləndə din adı altında fəaliyyət göstərən müəyyən kəsim əllərindəki media vasitəsilə hay-küy qaldırırlar. Çox təəssüf ki, biz onlara qarşı informasiya müharibəsi aparmaqdan çəkinirik. Yaxamızı kənara dartırıq. Əgər həmin qruplar etiraz edirlərsə, onların narazılığına elmi və tutarlı şəkildə cavab verilməlidir”.

İsmayıl