Kommunal xərclərə nəzarət edən yoxdur

Problemin kökü çoxmərtəbəli və çox mənzilli binalarla bağlı Mənzil Məcəlləsi və Mülki Məcəllədə mövcud olan boşluqlardadır



Milli Məclisin son iclasında kommunal xərclərin yüksək olmasından narazılıq ifadə edilib. Millət vəkili Mübariz Qurbanlı kommunal xərclər üçün yığılan məbləğin həddən artıq olmasının narahatlıq yaratdığını deyib.

Bununla bağlı kifayət qədər şikayətlər daxil olduğunu deyən millət vəkili hətta insanların kirayə pulu səviyyəsində kommunal xərc ödədiklərini deyib: "Şikayətçilər gileylənirlər ki, şirkətlərdən alınan evlərdə kommunal xərclər o qədər yüksəkdir ki, az qala kirayə pulu səviyyəsində xərc çıxır. Bu məsələni həll etməliyik, çünki bu, çox ciddi məsələdir”.

Məsələ ilə bağlı "Şərq”ə açıqlama verən Konstitusiya Araşdırmaları Fondunun sədri Əliməmməd Nuriyev qeyd etdi ki, kommunal xərclər iki növdə təyin edilir:

- Bir var, işıq, qaz, suya görə ödəniş, bu, Tarif Şurasının təyin etdiyi qiymətlərə uyğun müəyyənləşir. İstər MİS tabeliyində olan, istərsə də, özəl şirkətə mənsub yaşayış sahəsi olsun, bu qiymətlər dəyişməzdir. Amma yeni tikilmiş binalarda başqa xidmət növləri də var ki, onların qiyməti tənzimlənmir və bu sahədə özbaşınalıqdır. Məsələn, lift xidməti, zibillərin daşınması, binanın mühafizəsi, həyətin təmizliyi, ümumi işıqlandırma və s. Yeni tikilmiş binaların idarə olunması ayrı-ayrı şəxslər tərəfindən icra olunur, qiymətləri də onlar özləri sərbəst müəyyənləşdirirlər. Kim hansı qiyməti istəyir, qoyur. Onlara nəzarət edən də yoxdur. Bu halda xidmət haqqı qiymətləri 20 manatdan hətta 300 manatadək yüksələ bilir. Problemin kökü çoxmərtəbəli və çox mənzilli binalarla bağlı Mənzil Məcəlləsi və Mülki Məcəllədə mövcud olan boşluqlardır. İşbazlar da bundan məharətlə istifadə edirlər. Qeydiyyatdan keçməmiş, təhvil-təslim aktı icra olunmamış binalar var ki, özəl şirkətlər onlarla bağlı fironluq edir. Bu sahədə tam özbaşınalıqdır. Gözlənilən budur ki, Milli Məclis Mənzil Məcəlləsi və Mülki Məcəllədə kommunal xərclər, binaların idarə olunması ilə bağlı müvafiq əlavə və dəyişikliklər etsin, Nazirlər Kabineti də müvafiq qərarlar versin. Amma çoxmərtəbəli və çoxmənzilli binaların "arxasında” elə adlar dayanır ki, nə Milli Məclis işə qarışır, nə də Nazirlər Kabineti.

Ə.Nuriyev bildirdi ki, kommunal xərclər və xidmət xərcləri təyin edilərkən əhalinin orta aylıq əmək haqqı və real xərclər nəzərə alınmalıdır:

- Normativlər müəyyənləşməlidir. Bunu etmək elə də çətin deyil. İlkin formada yeni normativləri mövcud olan ümumi normativlərə istinad etməklə müəyyənləşdirmək, daha sonra isə binanın istismar müddəti, əlavə xidmətləri real qiymətlərlə tutuşdurub ortaq qiymət əldə etmək mümkündü. Əsas odur ki, ağlabatan qiymətlər olsun. Amma hazırda kommunal sektorda heç bir islahat prosesi aparılmır. Binaları tikən şəxslərin qarşısını almaq da çox çətindir. Sakinlərdən yığılan pullar hara gedir, vəsaitlər hara xərclənir, heç bir hesabat təqdim edilmir, nə soruşan var, nə cavab verən. Ona görə də belə özbaşınalıqdır, kim hansı qiyməti istəyir, qoyur.

Məlahət Rzayeva