“İtkin gəlin”in hekayəti...

Sosial şəbəkələr Azərbaycan ailələrini dağıdır
Mehriban Zeynalova: “İndi bu da bir dəb halını alıb: ailəsini tərk edən qadınları “namussuz” adlandırırlar, başqa bir adamla əlaqə saxladığını, mesajlaşdığını, telefonda danışdığını iddia edib, “əxlaqsız” damğa



Əhməd Qəşəmoğlu: "Mən bundan əvvəl də dəfələrlə demişəm ki, internet, mobil telefon, çatlaşma, mesajlaşma fəlakət halına gəlib çatıb”

Ölkədə daha bir ailə dramı yaşandı. 5 ayın gəlini Zemfira İsmayılova deyilənə görə, başqa bir adamla "facebook” vasitəsilə ünsiyyət saxlayırmış, günlərin birində isə şəxsiyyət vəsiqəsini də götürüb evdən gedib. Bu məlumatı "itkin gəlin”in həyat yoldaşı KİV-ə ötürüb. Hətta onu da deyib ki, həyat yoldaşının mobil telefonuna da yad nömrələrdən zənglər gəlirmiş. Hazırda polis Z.İsmayılovanı axtarır. Qeyd edək ki, ötən ilin sentyabrında bir ər öz həyat yoldaşını məhz telefonda başqa birisi ilə mesajlaşdığına görə qətlə yetirmişdi. Gəlinlərin evdən qaçması hallarına artıq tez-tez rast gəlinir.

Gənc qadınlar belə hərəkətlərini adətən, qayınana və ya hansısa yaxın qohumla yola getməmələri ilə əsaslandırırlar. Qarşı tərəf isə gəlinin davranışlarından, qadının hədsiz sərbəstliyə meyilli olmasından şikayətlənirlər. Əslində, gəlin-qayınana müharibəsi daimi xarakterlidir və tarixin bütün dövrlərində olub, bundan sonra da olacağına heç kim şübhə etmir. Amma gəlinlərin evdən qaçması son dövrün dəbidir. Və diqqət etdikdə görünür ki, keçmiş əyyamlardan fərqli olaraq, evdən qaçanların çox az hissəsi ata evinə qayıdır. Evdən qaçanlar daha çox müstəqil həyatı seçir. Qızlarımız geyindikləri "kəfəni” niyə belə tez əynindən çıxarmağa meyillənir?

"Təmiz Dünya” İctimai Birliyinin sədri Mehriban Zeynalova baş vermiş hadisəyə bir neçə yöndən yanaşılmasını təklif etdi:

- Azərbaycan cəmiyyətində hadisəyə yalnız birtərəfli yanaşma sərgiləmək qüsuru var. Kiminsə ailəsində problem yaşanırsa, kişi ilə qadının münasibətləri pozulursa, əksəriyyət qadını günahlandırır, xüsusən də kişilər. Bəli, mən qəbul edirəm ki, qadın evin dayağıdır, dirəyidir, ailənin qoruyucu mələyidir. Amma "mələyin” də səbrinin hüdudu var axı. Biz hadisənin əslini bilmirik. Hələ ki, danışan, məlumat verən yalnız bir tərəfdir - ərdir. Qadını dinləsək, bəlkə o tamam başqa şeylər danışacaq. İndi bu da bir dəb halını alıb: ailəsini tərk edən qadınları "namussuz” adlandırırlar, başqa bir adamla əlaqə saxladığını, mesajlaşdığını, telefonda danışdığını iddia edib, "əxlaqsız” damğası vururlar. Amma qarşı tərəfləri dinləyəndə bəzən tamam başqa mənzərələr ortaya çıxır. Məlum olur ki, qadınla zorakı davranılırmış, kişi öz ailəsinə gərəkən qayğını, diqqəti göstərmirmiş, qadına qarşı iqtisadi zorakılıq varmış və s. Amma qarşı tərəf o dəqiqə "namussuzluq” damğası vurur, Azərbaycan cəmiyyəti də bu mövzu ilə bağlı hədsiz həssas olduğu üçün gözübağlı qərar verir. Hər bir ailə əxlaq, namus məsələsinin cəmiyyətdə hədsiz önəm daşıdığını bildiyi üçün məhz bu vasitədən istifadə edirlər. Dərinə gediləndə isə, biz çox zaman münasibətlərin pozulmasına bir çox digər amillərin səbəb olduğunu görürük. Əgər, gənc xanım həqiqətən də başqa birisi ilə gizli əlaqə saxlayırmışsa, telefonda danışırmışsa, bu, əlbəttə, etik davranış və dəyərlər sisteminə ziddir. Amma gəlin görək, qadınla gizli əlaqə saxlayanın etik davranışı nə dərəcədə düzgündür? Kişi cinsinə mənsub nə qədər adamlar var ki, iş-peşələri bütün günü sosial şəbəkələrdə söhbətləşmək, "qadın ovlamaqdır”. Nə qədər "alfonslar” var, bilirsinizmi? Qadınları ələ almaq, seksual, iqtisadi maraqlarını təmin etmək üçün onların zəif nöqtələrindən istifadə edirlər. Ola bilər, qadın evdə ərindən diqqət görmür, bəlkə qayğıya, diqqətə ehtiyacı var, belə bir vəziyyətdə kənardan "qayğıkeş” birisinin peyda olması qadının ağlını çaşdıra bilər. Kişilər də bundan məharətlə istifadə edir. Bu proses birtərəfli baş vermir. Lap tutalım, qadın yüngül ağıllıdır. Kişi bundan öz çirkin məqsədləri üçün istifadə etməlidir? Əxlaqsız kişi olmağa "icazə var”, əxlaqsız qadın olmağa yox?! Bizim cəmiyyətin qüsuru bundadır ki, kişilərin etdiyi hər cür əxlaqsızlığı, qeyri-etik davranışı, "kişiyə olar” prizmasından baxır. Təəssüf ki, Azərbaycanda sosial şəbəkələr "qız tutmaq” vasitəsinə çevrilib. Artıq "sosial şəbəkələr cinayət dosyesi” ortaya çıxmaqdadır. Sosial şəbəkələri yaradanlar bunu kimlərisə aldatmaq üçün icad etməyib. Müasir dünyada sosial şəbəkələrin üzərinə düşən müsbət vəzifələr var; məlumatların paylaşılması, informasiya yaymaq, əlaqələrin genişlənməsi. Kimsə sosial şəbəkələrdən öz çirkin maraqları üçün istifadə edirsə, bu, artıq həmin insanın vicdanına bağlı məsələdir. Hesab edirəm ki, normal ailədə böyümüş, normal tərbiyə almış insanlar heç vaxt başqasının bədbəxtliyini istəməz, başqasının həyatını məhv etməz. İstər qadın olsun, istərsə də kişi, insanı tora salmaq, onun düşdüyü vəziyyətdən sui-istifadə etmək əxlaqsızlıqdır və şəxsiyyətə qarşı cinayətdir.

Sosioloq Əhməd Qəşəmoğlu isə ümumiyyətlə, Azərbaycan ailəsində təhlükəli tendensiyanın artdığını bildirdi:

- Qloballaşmanın, demokratikləşmənin əslində nə demək olduğunu bilməyən əhali özünü bu axının içinə atıb. Hamı qloballaşmadan, demokratiyadan danışır. Qloballaşmanı isə təəssüf ki, açıq-saçıq geyinməkdə, gənc oğlanla gənc qız metroda, avtobusda biri-birinə sarmaşmış halda

əyləşməkdə, demokratiyanı da "nə istəyirəm, edirəm” kimi başa düşürlər. Bunlar hamısı bizim indiyədək sahib olduğumuz ailə modelini, adət-ənənəni kökündən sarsıdan zərərli meyillərdir. Baş verənlər onu göstərir ki, biz nə qloballaşmaya hazırıq, nə də demokratiyanın nə demək olduğunu bilirik. Təəssüflə qeyd etməliyəm ki, bizim qadınlarımız qloballaşmanın təsiri altına daha tez düşürlər və sərbəstlik əldə etmək istəyirlər. Kişilərimiz isə bu prosesdə geri qalır. Kişilər mənəviyyata, adət-ənənəyə daha sıx bağlıdırlar, nəinki qadınlar. Sevgi, xoş münasibətlərin yaranması kimlər üçünsə tələbat ola bilər. Amma buna sizin ətrafınız hazırdımı, siz özünüz buna hazırsınızmı sualı üzərində düşünmək lazımdır. Mən bundan əvvəl də dəfələrlə demişəm ki, internet, mobil telefon, çatlaşma, mesajlaşma fəlakət halına gəlib çatıb. Maarifləndirmə səviyyəsi aşağı olduğundan biz bu gözəl texniki vasitələrdən, müasir texnologiyalardan səmərəli istifadəni bilmirik, düzgün istifadə etmirik. Avtobusa minirsən, 10 nəfərdən 8-i əlində telefon "oynadır”. Gah mesaj yazır, gah mesaj oxuyur, gah oyun oynayır. Metroya minirsən, eyni vəziyyət. Mən artıq əsəbiləşirəm. İnsan telefonla nə qədər məşğul olar?! Bu insanların başqa məşğuliyyəti, başqa peşəsi yoxdurmu?! Səhərdən-axşamadək mesajlaşmaq, "facebook”da "oturmaq” olmaz axı! Bu, ədəbsizlikdi. Mədəniyyətsizlikdi. Hamı mesajlaşma xəstəliyinə tutulub. Müasir texnologiyalar o zaman insana xeyir gətirir ki, ondan səmərəli istifadə olunur, bu texnologiyalar ciddi işlərin həyata keçirilməsində istifadə olunur. Bizdə isə tam əksidir. Gənclər, evdar qadınlar boşluqdan, işsizlikdən telefon, internet xəstəliyinə tutulublar. Bir adamın əlində iki, üç mobil telefon görürəm. Nəyinə lazımdı, bu qədər telefon. Bu insanlar kimdir, nə peşənin sahibidirlər ki, telefona, internetə belə bağlanıblar? Araşdırsan, görərsən ki, heç bir işin sahibi deyillər. Sadəcə, avaraçılıqdan telefonda mesajlaşırlar, interneti olan "facebook”da söhbətləşir. Bilirsiz, bütün bu məsələlərlə bağlı ciddi maarifləndirmə işləri aparılmalıdır. Ailələrə, gənclərə sağlam həyat tərzi mədəniyyəti aşılanmalıdır. 13-14 yaşlı oğlanlar, qızlar 1-2 dəfə bir-birilə telefonda danışır, mesajlaşır, yazışmaların təsiri altına düşür, ertəsi günü görüşür, sonra bəzən faciə ilə üzləşirlər. İnsanda qəribə bir psixoloji ovqat var. Yazışdığı, qiyabi tanış olduğu insanla mütləq görüşməyə can atır. Onun kimliyini bilmədən, hansı hadisənin baş verə biləcəyini təxmin etmədən. İctimai institutların, hökumət orqanlarının öhdəsinə düşən də gəncləri, gənc ailələri maarifləndirmək, möhkəm ailə əsaslarını aşılamaqdır. Televiziya kanalları bu məsələdə öhdəsinə düşən vəzifəni yerinə yetirməlidir.

Məlahət Rzayeva