Tovuzda düşməndən qorunmaq üçün cəbhə boyu hasarlar çəkilməlidir

Üzeyir Cəfərov millət vəkilinin təklifini dəstəkləyir



Ötən həftə Milli Məclisin növbədənkənar sessiyası baş tutub. Toplantıda cəbhədəki gərginliyə diqqət çəkən millət vəkili Qənirə Paşayeva maraqlı təkliflə çıxış edib.

Xanım deputat bildirib ki, cəbhə bölgəsində təhlükəsizlik hasarları çəkilsin: "Erməni tərəf cəbhədə atəşkəsi pozmaqla vətəndaşları, onların evlərini hədəfə alıb. Düzdür, ordumuz düşmənə layiqli cavab verir. Amma erməni snayperlərinin vətəndaşları hədəfə alması məsələsi aradan qaldırılmalıdır. Beynəlxalq təşkilatlara müraciət edirik. Onlar hər məsələyə çevik reaksiya verdikləri halda vətəndaşların, qadınların və yaşlı insanların hədəfə alınmasına reaksiya vermirlər. Tovuz rayonunda Ətayə Əliyeva adlı şəxs düz evinin qarşısında, digər bir xanım nəvəsini ərazidən çıxaranda vurulub. Buna diqqət edilməlidir. Hesab edirəm ki, təhlükəsizlik divarlarının çəkilməsini sürətləndirmək lazımdır”.

Parlament üzvünün təklifini dəyərləndirən ehtiyatda olan polkovnik-leytenant, hərbi ekspert Üzeyir Cəfərov "Şərq”ə bunun yeni ideya olmadığını deyib. 
Onun sözlərinə görə, belə hasarlar Şəmkir hərbi birləşməsinin ərazisində mövcuddur: "Divarların funksiyası odur ki, insanların həyatını qorusun. Düşmən gülləsinin hədəfə çatmaması üçün yaxşı vasitədir. Ona görə də təhlükəsizlik divarlarının inşasını vacib sayıram”. Ü.Cəfərov onu da diqqətə çatdırıb ki, cəbhədəki vətəndaşlarımız qarşı tərəflərin düşmən olmasının fərqində olmalıdır: "Düşmənlə ehtiyatlı davranmaq lazımdı”. Ekspert əlavə edib ki, Tovuz bölgəsində mülki vətəndaşlar hərbiçilərlə yola getmir: "Komandirlərlə yerli sakinlər arasında narazılıqlar yaranıb. Yerli sakinlər zabitlərin tövsiyələrinə qulaq asmaq istəmirlər. Ona görə də ölüm hadisələri qeydə alınır”.

Ayyət Əhməd