“Məgər mən ölürəm ki, vəsiyyət edim?”

Vahid Əziz haqqında yayılan məlumatlara aydınlıq gətirdi



Bu yaxınlarda mətbuatda gedən bir xəbər şairimizi özündən çıxarıb. Belə ki, yayılan informasiyaya görə, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliyinin üzvü, şair Vahid Əziz mətbuatda özünə yaxın jurnalistə vəsiyyət edib.

Jurnalistə mərhum bəstəkar Şəfiqə Axundova ilə birlikdə olan şəklini yollayıb və dünyadan köçdükdən sonra ölüm xəbərinin bu şəkillə yayımlanmasını xahiş edib.

Məlumatı dəqiqləşdirmək üçün "Şərq” Vahid Əzizlə əlaqə saxlayıb. Yayılan xəbəri təkzib edən şair, hətta həmin jurnalistə şəkil göndərmədiyini də bildirib: "Hal-əhval tutduqdan sonra onun haradan gəldiyini soruşduqda Şəfiqə Axundova haqqında kitab hazırladığını dedi. Mən də Ş.Axundova ilə birlikdə şəklimin olduğunu söylədim. Sonra ona "telefon nömrəni ver, şəkli sənə yollayım, kitabda dərc et, tarixdə qalsın” cavabını verdim. Lakin baş qarışıq oldu, şəkli göndərə bilmədim. Daha sonra götürüb, ağzına gələni yazıb. Məgər ölürəm ki, vəsiyyət edim?”

Ş.Axundova ilə adi bir şəkil çəkdirdiyini vurğulayan V.Əziz yayılan infrormasiyanın şişirdilməsindən də danışdı: "Elə yazıblar ki, guya, mənim xüsusi gizli işim və ya sirrim olduğuna görə, mən öləndən sonra bu şəkli yayın demişəm”.

Şair V.Əziz mərhum Şəfiqə xanımın onun şeirlərindən ibarət mahnı bəstələmək istəyini də qeyd edib: "Sağ ikən mənə dedi ki, şeirlərini ver, mahnı bəstələyim. Mən də tənbəllik etdim, vermədim”.

V.Əziz həmçinin bu informasiyanı yayan şəxslərdən də narazılığını ifadə edib: "O informasiya yayan sayta zəng edib, etirazımı da bildirdim”.

Qeyd edək ki, V.Əziz həmin şəkli redaksiyamıza göndərərək, söhbəti bununla bağlamaq istəyib.

Vüqar Şahinoğlu