Jurnalist xəstəxanadan evə buraxıldı

Səhiyyə Nazirliyi AzTV-nin əməkdaşının səhhəti ilə maraqlanmayıb





Ötən həftə yol qəzası keçirən jurnalist, "Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin əməkdaşı Ağanisə Sultanovanın durumu stabildir. Qeyd edək ki, A.Sultanova yolu keçərkən sürücüsü məlum olmayan "VAZ-2106” markalı avtomobil tərəfindən vurulub.

A.Sultanovanın bacısı jurnalist Pərvanə Sultanovanın sözlərinə görə, xəstə hazırda ev şəraitində müalicə alır: "Durumunda ciddi irəliləyiş olmasa da, yaxşıdır. Hazırda ev şəraitində müalicəsi davam etdirilir, həkimlər "Semaşko”da saxlamaq istəsə də, özü qala bilmədi. Vəziyyəti nisbətən stabilləşib, amma ağrıları var, xüsusilə də baş nahiyəsində”. Onu da deyək ki, xanım

telejurnalist qəza keçirən zaman Səhiyyə Nazirliyi tərəfindən onun müayinə və müalicəsinin nəzarətə götürülməsinə dair informasiyalar yayılıb.

Telejurnalistin bacısı P.Sultanova isə nazirliyin xəstənin durumunu nəzarətə götürməsi barədə yayılanları təkzib edib: "Mən Səhiyyə Nazirliyi məsələsini araşdırdım, yalandır. Nazirlikdən maraqlanılmayıb, heç bir dəfə zəng belə edilməyib. Müayinə və müalicənin nəzarətə götürülməsi cəfəngiyyatdır. Həkimlərə heç bir göstəriş verilməyib. Həkimlər pul almadan heç yaxın da durmurdular xəstəyə. Nazirlik yalan danışıb. Onlardan heç bir dəstək göstərilməyib. AzTV-nin mətbuat xidmətinin rəhbəri Xatirə Qasımova isə əməkdaşlarının durumu ilə maraqlandıqlarını vurğulayıb: "Ağanisə xanımın başına gələnlər bizi çox narahat edib. Sədr müavini İbrahim Məmmədov başda olmaqla, AzTV kollektivi onun vəziyyəti ilə maraqlanıb, əməkdaşlarımız gedib, baş çəkərək mənəvi dəstək olublar. Bir sözlə, əməkdaşımızın xəstəliyi nəzarətdədir”. Səhiyyə Nazirliyinin A.Sultanovanın durumu ilə maraqlanmadığına gəldikdə isə X.Qasımova bu barədə heç nə deyə bilmədiyini vurğulayıb: "Səhiyyə Nazirliyi tamam başqa müəssisədi. Bizim bu barədə münasibət bildirmək imkanımız yoxdur. Əsas odur ki, AzTV olaraq, əlimizdən gəldiyi qədər Ağanisə Sultanovaya dəstək olmağa çalışırıq. Biz özümüzə cavabdehik. Onun keçirdiyi qəza hər birimizi çox üzdü və tezliklə ona sağlığına qovuşmağı arzulayırıq. Allah şəfa versin! Çox cavan və ölkədə kifayət qədər tanınan əməkdaşlarımızdan biridir”.

Şəymən