Azərbaycançılıq...

Nizaməddin Şəmsizadə: “Bu ideologiyanın 20-ci əsrdə meydana çıxması maarifçilik hərəkatının son nəticələrindən biri olub”
" Mənim anlamımda azərbaycançılıq şüarı belədir: “Türk millətindən, islam ümmətindən, Azərbaycan məmləkətindənəm”


Dünyanı uzun illər vahimə altında saxlayan sovet imperiyası çökəndən sonra bir neçə respublika qanlar, canlar bahasına öz müstəqilliyini əldə edib. İmperiya ilə yanaşı, onun əsaslandığı totalitar ideologiya marksizm və leninizm də iflasa uğradığı üçün həmin andan etibarən milli respublikalarda hansı ideologiyaya əsaslanma meyilləri ortaya çıxıb. Azərbaycançılıq Azərbaycanda baş vermiş milli azadlıq hərəkatlarının tarixi təcrübələrinin nəzəri yekunudur. O, dünyada və ölkəmizdə gedən ictimai proseslərin tarixi mənasını Azərbaycan xalqının mənafeyi baxımından izah edir”.

Bu sözləri azərbaycançılıq ideologiyası, onun kökləri və təbliği ilə bağlı "Şərq”ə danışan filologiya elmləri doktoru, professor Nizaməddin Şəmsizadə deyib.

Onun sözlərinə görə, azərbaycançılıq müstəqil, suveren Azərbaycanın tam tarixi istiqlalı uğrunda, bu ölkədə dünyəvi prinsiplərə malik sivil demokratik dövlət uğrunda mübarizəni strateji məqsəd seçən Azərbaycan xalqının ideologiyasıdır. Onun əsasında Azərbaycanı özünə vətən sayan bütün xalqların milli, etnik, dini və sosial hüquqlarının bərabərliyi ideyası dayanır.

O, diktaturadan, avtoritarizmdən demokratiyaya keçid dövrünün nəzəriyyəsi, milli özgürlüyümüz haqqında təlimdir: "Azərbaycançılıq imperiyaçılığa qarşı müqavimətdə formalaşan istiqlal ideologiyasıdır. Azərbaycanın suverenliyi milli prinsipə əsaslanır, azərbaycançılıqda həm də onun ideoloji prinsipləri təsbit olunur. O, qlobal siyasət üçün nəzəri bazadır, çünki dövlətlərə və xalqlara yeni ictimai sahman və təfəkkür koordinatları diktə edir.

Milli ideologiya tipi kimi azərbaycançılığın aşağıdakı şərtləri var: maarifçilik yolu ilə inandırma, tarixi əsaslandırma, təşkilatlandırma, istiqamətləndirmə və yenini yaratma. Beləliklə də, 1991-ci ildə Azərbaycanın milli istiqlalından sonra tarixçi və ədəbiyyatşünas dostlarımın təkidi ilə azərbaycançılıq haqqında məqalələr yazmağa başladım. Bu ideologiyanı mənə təkidlə yazdıran

dostlarımdan birisi Ziya Gök Alpın "Türkçülüyün əsasları”nı misal gətirərək "Azərbaycançılığın əsasları”nı yazmağı məsləhət edib. Beləcə, 1996-cı ildən yazılarım "Azərbaycan ideologiyası”, 10 il sonra isə təkmilləşdirilmiş halda "Azərbaycançılıq” kitabım çap olunub.

Azərbaycançılıq ideologiyasının kökləri 20-ci əsrin əvvəllərinə gedib çıxır. Tarixi kökləri qədim olan bu məfkurəni türkçülükdən ayırmaq olmaz. Bu məkfurə ilk dəfə Azərbaycan qayəsi şəklində milli dövlətçiliyimizin ilk qurucularından biri olan Məhəmməd Əmin Rəsulzadə tərəfindən səsləndirilib. O, milli istiqlal dövrünü Müsavat dövrü yox, Azərbaycan qayəsi dövrü kimi adlandırıb. Bu mənada hesab edirəm ki, azərbaycançılıq, Azərbaycan qayəsi coğrafi anlayış deyil, o daha çox siyasi anlayışdır. Rəsulzadə İranda çıxan "İrani-nov” qəzetində yazdığı məqalələrinin birində azərbaycançılıq anlayışını ətraflı şəkildə əsaslandırıb.

İdeologiya cəmiyyətdə milli birliyi və ümumxalq münasibətlərini qorumaq, millətin və onun dövlətinin mövqeyini izah və təsdiq etmək üçün yaradılır. O, xalqın milli-mənəvi varlığının ilkin əlamətlərindəndir; xalqın kimliyini əks etdirən təfəkkür, adət və inanclar sistemidir. Dil, ərazi, din və ideoloji birlik xalqın, millətin və dövlətin tarixi varlığının əsas atributlarıdır.

Bu baxımdan son zamanlar azərbaycançılığın tarixini XIX-XX əsrlərlə məhdudlaşdıran mülahizələrlə razılaşmaq olmaz. Biz hələ sovet ideologiyası olan marksizm-leninizmin süquta uğradığı XX əsrin 90-cı illərində Azərbaycanda ideologiya boşluğu dövründə çap etdirdiyimiz "Azərbaycan ideologiyası” monoqrafiyasında belə nəticəyə gəlmişik ki, ideologiyamızın təşəkkülü ən qədim çağlardan - mifik təfəkkürdən başlanır. Ən əski zamanlarda təbiəti dərk etməyə cəhd, cəmiyyət amili ilə hesablaşmaq zərurəti ideologiyanı yaradıb. Ona görə də ideologiyaya xas başlıca xüsusiyyət tarixilikdir. Hər bir ideologiyanın əsasında gerçəkliyə real münasibət amili dayanır. Bu münasibət tarixin təcrübəsinə əsaslanmalı, tarixi xarakter daşımalıdır. Onun dəyişməsi tarixin cəmiyyət qarşısında irəli sürdüyü tələblərə müvafiq olmalı və əslində həmin tələblər ideologiyanın ideya mənbəyi, hərəkətverici amilləridir. Beləliklə də, ideologiya tarixin gedişi ilə meydana çıxaraq, həmin gedişi təsdiq edən və bu gedişin sonrakı istiqamətlərini müəyyənləşdirən, həmin prosesdə xalqın və millətin rolunu təyin edən, dövlətin tipini və tarixi simasını formalaşdıran ən parlaq və obyektiv ideyaların və sistemin məntiqi yekunudur. Azərbaycançılıq xalq tarixinin obyektiv izahına xidmət edir”.

Professorun sözlərinə görə, azərbaycançılıq ideologiyasının 20-ci əsrdə meydana çıxması maarifçilik hərəkatının son nəticələrindən biri olub. Bir tərəfdən "Fyüzat” başda olmaqla, türkçülük məfkurəsi, digər tərəfdə molla nəsrəddinçilər tərəfindən azərbaycançılıq məfkurəsi formalaşmağa başlayıb: "Ancaq o zamanlar azərbaycançılığın milli ideologiya kimi işlənməsi mövcud deyildi və ilk dəfə 1992-ci ildə bu barədə mənim silsilə məqalələrim çap olunub. Azərbaycançılıq nədir? İlk dəfə bu barədə danışanda mətbuatda məni kobud ifadələrlə tənqid elədilər”. Uzun müddət bu anlayışı cəmiyyətə necə izah edəcəyim barədə fikirləşdim. İnsanlarda yanlış olaraq, elə bir fikir formalaşmışdı ki, mən azərbaycançılığı türkçülüyə qarşı qoyuram. Çətin də olsa, nəhayət mən azərbaycançılığın formulasını tapdım:

- Azərbaycançılıq milli istiqlal ideologiyasıdır;

- Azərbaycançılıq türkçülüyün Vətən əxlaqı müstəvisində dərkidir;

- Azərbaycançılıq dünya azərbaycanlılarına onların milli kimliyini tanıdan bir ideologiyadır.

Azərbaycançılığın tərkib hissələri bunlardır:

- Məfkurəçilik (ülgüçülük), yəni sosioloji aspekt

- İstiqlalçılıq (kökə qayıdış - azadlığın tarixən mənimsənilməsi)

- İttihadçılıq (birlikçilik). Onun üç bağlantısı var: a) vətəndaşlıq; b) gendaşlıq; c) dindaşlıq;

- Türkçülük (milli ideya kimi);

- İslamçılıq (ümmətçilik formasında) - Şərqdə ümmətçilik dövlət yaratmaq qüdrətinə malikdir.

Mənim anlamımda azərbaycançılıq şüarı belədir: "Türk millətindən, islam ümmətindən, Azərbaycan məmləkətindənəm”.

Bu ideologiya Azərbaycanda yaşayan bütün xalqların və qrupların mənafelərini nəzərə alan türk əsilli Azərbaycan xalqının ideologiyasıdır. Hesab edirəm ki, bir məmləkətdə yaşayan hər bir vətəndaş üçün Vətənçilik və Vətən əxlaqı meyarı əsas götürülməlidir. Beləliklə, azərbaycançılıq Azərbaycan xalqının milli ideologiyasıdır. Bu ideologiya sonralar Akademik Ramiz Mehdiyevin

əsərlərində və Heydər Əliyevin dünya azərbaycanlılarının 1-ci qurultaydakı nitqində öz əksini tapıb”.

Azərbaycançılığın çağdaş dövlətçiliyə tətbiqinin Heydər Əliyevin adı ilə bağlı olduğunu vurğulayan N.Şəmsizadənin sözlərinə görə, o, nəzəriyyə şəklində sakit bir guşədə dayanmış azərbaycançılığı formalaşdıraraq dövlətçiliyimizə tətbiq etdi və bu ideya bizim milli dövlət ideologiyamıza çevrilib: "O, Azərbaycan əhalisində dövlətçilik duyğusunu gücləndirdi, dövlətə hörmət hissi formalaşdırmağa nail oldu. Xüsusilə, 1993-cü ildə hakimiyyətə qayıtdıqdan sonra o, Azərbaycan dili, Azərbaycan tarixi və mədəniyyətini azərbaycançılıq məfkurəsi işığında dünyaya tanıtmaq üçün konsepsiyaların əsasını qoydu.

Məhz H.Əliyevin sayəsində azərbaycançılıq təkcə milli ideologiya yox, həm də çox qüvvətli dövlətçilik təlimi kimi nüfuz qazandı. Onun azərbaycançılıq nəzəriyyəsi sayəsində Azərbaycan dövləti çağdaş dünya inteqrasiyasında beynəlxalq diqqət mərkəzinə keçdi, sivil dövlət nümunəsi kimi həm Qərb, həm də Şərq aləmində qəbul olundu. Heydər Əliyev azərbaycançılıq ideologiyasını Azərbaycan dövlətinin ana xətlərindən birinə çevirərkən ilk növbədə tarix boyu əldə edilmiş zəngin təcrübədən məharətlə və uzaqgörən bir strateq kimi istifadə edib. Bu baxımdan, Heydər Əliyevin azərbaycançılığı ümummilli ideologiya olaraq irəli sürməsi onun Azərbaycan dövlətçiliyi naminə göstərdiyi tarixi xidmətdir. Məhz, azərbaycançılıq Azərbaycana qarşı bir çox istiqamətlərdən yönələn təhdidlərin, ölkəmizi etnik bölücülük əsasında parçalamaq cəhdlərinin qarşısında güclü ideoloji və siyasi sipər olub. Çünki azərbaycançılıq bizim keçmişimizdən gələn dəyər olaraq vahid Azərbaycanın ideya əsası, ölkədə bütün konfessiya və etnosların həmrəylik və anlaşma içində birgə yaşayışının tarixi təcrübəsidir.

Heydər Əliyevin neft strategiyası - əsrin müqaviləsi, regionların iqtisadi inkişafı konsepsiyası, Azərbaycanın Avropa Şurasına qəbul olunması, ölkənin ərazi bütövlüyü uğrunda aparılan dönməz mübarizə - bütün bunlar, məhz azərbaycançılıq ideologiyasına dayaqlanır, onu daxili və xarici siyasətimizin nəzəri-tarixi arsenalı kimi möhkəmləndirmək işinə xidmət edirdi.

Heydər Əliyev özü azərbaycançılığın simvolu idi. Onun nitqlərində bütövlükdə Azərbaycan danışırdı. Bu gün də dövlətçiliyimizdə həmin tarixi-nəzəri ənənələr, iş üsulları ləyaqətlə qorunub saxlanılır. Fikrimizcə, Dünya azərbaycanlılarının II Qurultayı azərbaycançılıq ideologiyasının təsdiqi və təntənəsi, onun yeni tarixi mərhələsinin başlanğıcı idi. Bu forum bütün dünyaya səpələnmiş 50 milyon azərbaycanlının bir araya gəlməsində azərbaycançılığın nəzəri-tarixi imkanlarını kifayət qədər əsaslı şəkildə nümayiş etdirdi.

Professor qeyd edib ki, Heydər Əliyev öz çıxışlarında bir vacib məqamı hər zaman diqqətə çatdırıb ki, Azərbaycanın çoxmillətli, tolerant ölkə olması bizim böyük sərvətimizdir və biz bunu qoruyub saxlamalı, dünyaya ən yüksək səviyyədə təbliğ etməliyik: "Azərbaycan əhalisinin çoxmilli tərkibi bizim sərvətimizdir, üstünlüyümüzdür. Azərbaycanın ən başlıca sərvətlərindən biri qədimlərdən bu torpaqda yaşayan, öz taleyini, öz həyatını bu torpağa bağlayan müxtəlif dinlərə etiqad edən adamlardır. Biz bunu qiymətləndiririk və saxlayacağıq. Dövlət, ölkə nə qədər çox xalqı birləşdirsə, bir o qədər zəngin olur, çünki onların hər biri ümumdünya mədəniyyətinə və sivilizasiyasına öz töhfəsini verir. Azərbaycan onun ərazisində yaşayan bütün millət və xalqların ümumi vətənidir. Azərbaycanlı sözü bizi həmişə birləşdirib”.

Professorun qənaətincə, ölkə başçısı İlham Əliyev bu gün azərbaycançılığın bütün dünyada qarantıdır.

(Davamı olacaq...)

Şəymən

Məqalə Azərbaycan Respublikası Prezidenti yanında KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə hazırlanıb