Müəllimlər sınaq qiymətləndirilməsindən narazı qalıblar

“İmtahanlardan 1 həftə keçir, hələ də cavab kartlarımız təqdim edilməyib”



Sınaq qiymətləndirilməsinin nəticələrindən narazı qalan müəllimlər dünən Bakı Baş Təhsil İdarəsinin önünə toplaşıblar. Müəllimlərdən bir neçəsi dünən baş verənləri sosial şəbəkələrdə paylaşıblar. Məlumatda qeyd edilirdi ki, paytaxt məktəblərindən bəzisinin bir neçə müəllimi sınaq qiymətləndirilməsində "göstərdiyi nəticə”dən şoka düşüb.

Kifayət qədər təcrübəli və biliyinə arxayın olan müəllimlər qiymətləndirmədə onlara verilmiş ixtisas üzrə 40 tapşırıqdan, guya, sadəcə, bir neçəsinə düzgün cavab vermələrini heç cür qəbul etmirlər. Məlumat üçün qeyd edək ki, müəllimlərin sınaq qiymətləndirilməsi təhsil nazirinin müvafiq əmrinə əsasən 3 istiqamətdə - ixtisas, metodika və kommunikativ biliklər üzrə aparılıb. Müəllimlərin narazılığına səbəb də ən az düzgün cavablarının məhz ixtisas fənni üzrə olmasıdır. Bəzisində 7, bəzisində 10, hətta 1 düzgün cavabı qeyd edilmiş müəllimlər var. Müəllimlər heyrətə gəlir ki, yəni, bu qədərmi korazehin oldular ki, öz ixtisasları üzrə 40 sualdan heç olmasa yarısına cavab verə bilmədilər? Həm də ixtisas üzrə sualların əksəriyyəti asan olduğu halda. Metodika və kommunikativ biliklər üzrə düzgün cavabların sayı az olsa, bəlkə düşünməyə bir yer qalardı. İxtisaslar üzrə 40 sualdan 30-da səhvə yol verilməsi isə absurddur. Xülasə, müəllimlər məsələni aydınlaşdırmaq üçün dünən BBTİ-nə "yürüş” ediblər. Nə yazıq ki, şikayətlərinə baxılmayıb. Katibə xanım müəllimlərə "apelyasiyaya start verilməyib” söyləyərək apelyasiya tarixinin bu gün elan ediləcəyini deyib. Müəllimlər şikayət ərizələrinin qəbul edilməsini istəsələr də, katibə xanım bunu edə bilməyəcəyini deyib. Müəllimlər cavab kartlarının açıqlanmasını tələb ediblər, BBTİ əməkdaşı bunun hələ ki, mümkünsüz olduğunu deyib. İndi müəllimlər apelyasiya tarixinin elan edilməsini gözləyir ki, cavab kartlarını əldə edə bilsinlər.

Orta məktəb müəllimləri sınaq qiymətləndirməsinin niyə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına həvalə edilmədiyini anlamadıqlarını da yazıblar: "TQDK imtahan keçirir, 2 saat sonra nəticələri elan edir, sual kitabçasını da, cavab kartlarını da açıqlayır, mütəxəssislərin iştirakı ilə müzakirələr təşkil edir, canlı bağlantı yaradır. 22 illik test imtahanı təcrübəsi olan bir ölkədə BBTİ müəllimlərdən doğru-düzgün imtahan da götürə bilmir. İmtahanlardan 1 həftə keçir, hələ də cavab kartlarımız təqdim edilməyib. Açıqlanan nəticələrsə reallığa uyğun deyil. Böyük ehtimalla maşınlarda proqramlaşdırma düzgün aparılmayıb. Biz uşaq deyilik, neçə ilin pedaqoqlarıyıq”. Gözləyək. BBTİ-nin hansı cavab verəcəyi maraqlıdır.

Məlahət